01 mart 2024 12:15
409

Xocalıda bayrağımızın dalğalanması tariximizin şanlı səhifəsidir

2020-ci ildə baş vermis 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olundu. Ötən ilin sentyabrında isə Qarabağ erməni separatçılarından tam təmizləndi və oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda üçrəngli bayrağımızı ucaltmasını sonsuz iftixar və qürur hissi ilə izlədik.  Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini xalqımıza yaşatdı Eyni zamanda, hazırda Xocalıda bayrağımızın dalğalanması tariximizin şanlı səhifəsidir. Prezidentliyinin 20 ilinin tamamında, 2023-cü ilin 15 oktyabr tarixində Xocalıda Azərbaycan Bayrağını qaldıran, Müzəffər Ali Baş Komandan bir daha qeyd etdi ki, biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. “Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”.

İlk dəfə olaraq Xocalı soyqırımı günü Xocalıda qeyd olundu. Otuz iki ildən sonra  doğma torpağa qayıtmaq böyük xoşbəxtlik, qürurdur. Dövlət başçısı İlham Əliyev keçirdiyi hissləri xalqımızla bölüşməyə daha çox önəm verir.  Bununla, eyni zamanda, xalq-Prezident birliyinin, hənrəyliyinin sarsılmazlığını nümayiş etdirir.  Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün 26 fevral 2024-cü il tarixində Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməli qoyuldu. Əslində ölkə başçısı bununla da bir daha sübut etdi ki, bu illər ərzində o hər zaman Xocalı şəhidlərini düşünüb, ürəyi xocalılarla bir döyünüb. Məlumdur ki, hazırda Xocalı şəhərində sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə görüşdəki çıxışında verdiyi mesajlardan bir daha aydın olur ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Xocalının da tarixində yeni dönəm başlayır. Bu yerlərin əsl sahibləri qayıdıblar.

Azərbaycan “Xocalıya ədalət!” çağırışına cavab gözlədi. Bu qanlı faciənin soyqırımı kimi tanıdılması dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamı təəssüf hissi ilə vurğuladı ki,  “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə  səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar,  ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir. Bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir: “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.”

Qalib, güclü Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2-ci Qarabağ müharibəsində və bir günlük antiterror tədbirlərində bütün şəhidlərimizin, günahsız qurbanlarımızın qisasını döyüş meydanında aldı. İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük quruculuq işləri aparılır. Yaxın aylarda Xocalı sakinləri ata-baba ocaqlarına qayıdıb məskunlaşmağa başlanacaq. Bununlada Xocalı sakinlərinin öz doğma evlərinə qayıdışı təmin ediləcək. Lakin illər, əsrlər keçsə də Xocalı hadisələri nə xocalıların nə də Azərbaycan xalqının yaddaşından silinməyəcək. Bu gün artıq soyqırım qurbanlarının narahat ruhları şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasına start verilib. Xocalıya da böyük köçün başlayacağı gün uzaqda deyil. Rəsmi məlumatlara əsasən, hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri həyata keçirilir.  Xocalıya köç prosesi sürətləndikcə ərazidə tikilən 200-ə yaxın həyət evi mərhələli şəkildə məskunlaşma üçün təhvil veriləcək. Eyni zamanda, biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli 110 mənzillik binalar da Xocalı sakinləri üçün yenidən qurulur. Cənab Prezident Xocalı ictimaiyyəti ilə görüşündə Ermənistana növbəti mesajlarını verdi. Ermənistan tez bir zamanda özünün davranışlarına diqət yetirməsə, səmimi şəkildə Azərbaycanın şərtlərini qəbul etməsə, yeni iddialarla özünün vəziyyətini daha da qəlizləşdirir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri