29 fevral 2024 23:39
356

Borrell və Makronun xam xəyalları...

Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimində Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesində heç bir vasitəçiyə ehtiyac olmadığını söyləməsi onu deməyə əsas verir ki, özünü “xoşniyyətli” göstərən tərəflər əslində sülhə mane olur. Buna baxmayaraq, odun üstünə alov tökən qərəzli Fransadan sonra indi də Almaniyanın da görüşlər təşkil etmək və xoşniyyət göstərmək cəhdləri diqqəti cəlb edir. Bunun ilk işartıları 2023-cü ildə görsənməyə başladı. Belə ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ötən ilin noyabrında Azərbaycana və Ermənistana səfər etmişdi. Ölkəmizdə Prezident İlham Əliyevin qəbulunda olan Annalena Berbok Almaniyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaqının (Aİ) dəstəyi ilə aparılan Brüssel prosesini dəstəklədiyini demişdi. O zaman balansı qorumağa çalışan Almaniyanın hər iki ölkəyə səfərindən sonra həqiqətən də münasibətlərin normallaşmasına öz töhfəsini verəcəyinə inam yaranmışdı. Ta ki, Almaniyanın xarici işlər naziri Bakıda yalan bəyanat verməsinə qədər...

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılmasında da almaniyalı deputat Frank Şvabenin rolu oldu.

Azərbaycanın tarixi Zəfəri ermənipərəst siyasət yürüdən Avropa təsisatlarını və Qərb ölkələrini də ciddi narahat etməyə başladı. Ona görə də təkcə rəsmi səviyyədə deyil, həmçinin Qərbin media qurumları da İkinci Qarabağ müharibəsindən indiyədək ölkəmiz əleyhinə təbliğat aparır və guya Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı yalan iddialar ortaya atırlar.

Ardınca Fransanın açıq şəkildə əsl üzünü göstərməsindən sonra Almaniya regionda fəalıq göstərir. “Alovun üstünə benzin tökən” və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq, rəsmi Berlin sülh prosesində neytrallıq nümayiş etdirir. Beləliklə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində təşkili Almaniyanın sülh prosesinə konstruktiv yanaşmağa çalışdığını göstərir. Bütün bunlar üzdə görünən məsələlərdir. Almaniya özü də bilir ki, nə Ermənistan həll edilməmiş məsələlərin müstəsna olaraq sülh yolu ilə həllinə hazırdır, nə də ona havadarlıq edən Fransa və digər üzdə görünməyən ölkələr bunu istəyir. Eyni zamanda, xristian Ermənistanın və əsasən müsəlman Azərbaycanın həll edilməmiş məsələləri arasında sərhədlər barədə razılıq belə yoxdur.

Bu gün Avropa İttifaqında ikili standartlar adi normaya çevrilib. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell və Fransa Prezidenti Emmanuel Makron ardıcıl şəkildə Ermənistana dəstək verərək Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyurlar. Dövlət başçısının qeyd etdiyi kimi, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər. Əgər Almaniya həqiqətən də sülh müqaviləsinin imzalanmasında səmimidirsə, Azərbaycana və Ermənistana eyni dərəcədə yanaşmamalıdır, ikinciyə işğala dövründə göstərmədiyi təzyiqi indi etməlidir. Aİ-nin çətiri altında və Fransanın tövsiyələri ilə İrəvana açıq şəkildə dəstək göstərmək sülhü təmin etməyəcək. Amma bütün bunlar qalib və qüdrətli dövlət kimi Azərbaycanın qarşıya qoyduğu hədəflərinə çatmasına mane olmayacaq. ABŞ və Fransa kimi ölkələr Cənubi Qafqazda regionun aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər.

Elmir Səftərov,
Siyasi şərhçi