29 fevral 2024 23:58
394

AŞPA-dakı hüquqlarımız bərpa olunacaqmı?

Son illər baş verən mühüm hadisələr - Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsi və suverenliyinə tam nail olması nəticəsində Çənubi Qafqazda yeni reallıqlar yarandı. Təəssüf ki, bu, Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi beynəlxalq təşkilatların, Fransa kimi ölkələrin ürəyincə olmadı. Hətta heç bir real fakta əsaslanmadan AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənmədi. Özü də bu məsələ  Fransa Prezidenti Emmanuel Makrona yaxınlığı ilə seçilən almaniyalı deputat Frank Şvabe vasitəsilə həyata keçirildi. AŞPA-nın bu qərarından əvvəl Azərbaycan nümayəndə heyəti qurumun zalında bəyanat verərək Assambleyada fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bildirdi.

Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu məsələyə toxundu. Dövlətimizin başçısı təəssüflə bildirdi ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür: “Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir”. Bununla da dövlətimizin başçısı Azərbaycana qarşı böhtanların haradan, kimlər tərəfindən qaynaqlandığını bir daha açıqladı. Üstəlik, digər bəzi beynəlxalq qurumlar kimi AŞPA-nın ənənəsinə sadiq qalaraq ikili siyasət yürütdüyünü, təcavüzkar Ermənistanı himayə etdiyini, Azərbaycana qarşı qərəzli olduğunu, Fransanın alətinə çevrildiyini,  Makronun təhriki ilə səfərbər olaraq Cənubi Qafqazda sülhün və sabitliyin yaranmasına imkan verməməyə çalışmasını diqqətə çatdırdı. Həm də “2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycan” ifadəsini işlətməklə  AŞPA-nın səlibçi, islamofob mahiyyətini açıqladı.  Bir daha əsaslandırdı ki, AŞPA-nın İlk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və buna cavab olaraq parlamentarilərimizin buradakı fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırması qurumda baş alıb gedən qərəzli yanaşmalarla, dini və milli ayrı-seçkiliklə bağlıdır.

Prezident İlham Əliyev, həmçinin bildirdi: “Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki, əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq”. Dövlətimizin başçısı  bu fikirləri ilə həm də AŞPA-ya mesaj göndərmiş oldu. Yəni, vurğuladı ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. 

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən də AŞPA-nın yarıtmaz fəaliyyətindən söz açmışdı.  Dövlətimizin başçısı həmin görüşdə diqqətə çatdırmışdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, rəsmi Bakı tərəfindən ciddi addımlar atılacaq. Hətta Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinin gündəmə gətiriləcəyini bildirmişdi. 

Yeri gəlmişkən qeyd edək ki, bəzi ölkələr rəsmi Bakıya qarşı olan bu haqsızlığa kəskin etirazını bildirirlər. Ukrayna, Sebiya, Türkiyə, Gürcüstan kimi ölkələr, o cümlədən Ərəb Parlamenti AŞPA-nı Azərbaycana qarşı atılan bu haqsız addıma görə qınayıblar və bununla bağlı qurumun rəhbərliyinə müraciət ediblər. Bu günlərdə isə Macarıstan Milli Assambleyasının AŞPA-dakı  nümayəndə heyətinin rəhbəri Jolt Nemet sözügedən qurumun sədri Teodoros Rusopulosa Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi  qətnamə ilə əlaqədar məktub ünvanlayıb. O biri müraciətlərdə olduğu kimi, burada da vurğulanır ki, Azərbaycan nümayəndə heyətinin qurumda iştirakı məsələsi təcili qaydada həll olunmalıdır. Hətta bunun qurumun aprel ayında keçiriləcək sessiyasında baş verməsi arzuolunan hesab edilib.

Qeyd edək ki, Azərbaycanla bağlı səsvermədə AŞPA-nın 46 üzv ölkəsinin 306 deputatından cəmi 90 nəfəri iştirak edib, bunun da 76-sı ölkəmiz əleyhinə səs verib. Analitiklərin fikrincə, AŞPA-nın növbəti sessiyasında dost və tərəfdaş ölkələrin bir qrup deputatının Azərbaycanın səsvermə hüququnun qaytarılması məsələsini yenidən gündəmə gətirməsi nəzəri cəhətdən mümkündür. Çox güman ki, digər ölkələrin AŞPA-dakı nümayəndələri də belə addımlar atacaqlar. 

Qvami Məhəbbətoğlu, “İki sahil”