01 mart 2024 01:16
394

Makronun insinuasiyaları, Borrelin yeni sərsəmləmələri və gerçəklik

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistanın havadarlarını ciddi narahat edir. Buna görə bəzi Qərb ölkələri, xüsusilə də Fransanın hökumət nümayəndələri, eləcə də bəzi beynəlxalq təşkilatların ermənipərəst təmsilçiləri davamlı olaraq ölkəmizin əleyhinə əsassız iddialar səsləndirirlər. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, bir günlük lokal antiterror tədbirləri nəticəsində işğalçı qoşunları ölkə ərasizindən çıxarması, separatizmə birdəfəlik son qoyması, eləcə də mühairbədən sonra ölkəmizin əldə etdiyi nailiyyətlər, Qarabağda və Şərqi Zəngəzurda sürətlə davam edən bərpa-quruculuq işləri onları gündən-günə aqressivləşdirir.

Heç kimə sirr deyil ki, bəzi Avropa ölkələrinin və ayrı-ayrı beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli münasibəti vahid mərkəz tərəfindən formalaşdırılır. Bu günlərdə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat”da Azərbaycana qarşı bir sıra əsassız iddiaların yer alması bunun əyani təsdiqidir.

Bu bir gerçəklikdir ki, öz suverenliyini tamamilə bərpa edən Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilməyən Fransa kimi ölkələr Cənubi Qafqazla, eləcə də respublikamızla bağlı məkrli niyyətlərini Ermənistan kimi satellitlərinin vasitəsilə reallaşdırmağa çalışırlar.

Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı Azərbaycanı hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Ölkəmizin başçısı xüsusilə vurğulayıb ki, Azərbaycan suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən, Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalıb: “Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayrıca xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki, əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq”.

Təxminən 30 il ərzində təcavüzkar Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa bir dəfə də olsun çağırış etməyən bəzi beynəlxalq qurumlar və Fransa kimi ölkələr üçün ikili standartlar demək olar ki, adi hala çevrilib. Bu baxımdan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin qeyri-adekvat bəyanatları diqqəti daha çox çəkir. O, bu günlərdə “Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək” kimi açıqlaması ilə Azərbaycanı açıq-aşkar təhdid edib.

Təbii ki, Cozep Borrel kimilərin bu cür əsassız iddiaları və bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. Digər yandan Azərbaycan bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Təcavüzkar Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal edərkən, həmin əraziləri dağıdıb viranəyə çevirərkən, 1 milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT TŞ-nın məlum qətnamələrinə, beynəlxalq hüquq normalarını ayaqlar altına atarkən XX əsrin ən dəhşətli faciəsini-Xocalı soyqırımını törədərkən, görəsən C.Borrel kimilər niyə lal-kar olmuşdular?  

Ölkəmizin başçısı bu barədə bildirib: “Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.

Birmənalı demək olar ki, bu gün Azərbaycana qarşı ikili standartlar nümayiş etdirən, xroniki islamofobiya və türkofobiya xəstəliyinə tutulan, separatizmi təşviq edən bəzi Qərbi Avropa ölkələrinin, xüsusilə militarist siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan verməməyə çalışan Fransa rəsmilərinin, eləcə də C.Borrel kimilərin anti-Azərbaycan fəaliyyətləri əvvəllər olduğu kimi, yenə də fiaskoya uğrayacaq… 

Zahid Rza, “İki sahil”