01 mart 2024 02:17
410

Yollar Qarabağa və Şərqi Zəngəzura uzanır

İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılan infrastruktur layihələri gələcəkdə bu torpaqların çiçəklənməsinə xidmət göstərəcək

İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir. Prezident İlham Əliyev bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrasını şəxsi nəzarəti altında saxlayır. Dövlət başçımız postmüharibə mərhələsində dəfələrlə işğaldan azad olunan ərazilərə səfərlər edib və müxtəlif infrastruktur obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərinə qatılaraq özünün dəyərli tovsiyələrini verib. Təsadüfi deyil ki, Böyük Qayıdışla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsindən indiyə qədər təxminən 11 milyard manat vəsait xərclənib. 2024-cü ilin dövlət büdcəsində məhz 4 milyard manat vəsaitin Qarabağa xərclənməsi nəzərdə tutulur. Bu da işğaldan azad olunmuş ərazilərdən məcburi köçmüş insanların geri qayıdışı ilə bağlı problemlərin həllində maliyyə mənbəyi kimi çıxış edəcək. 2022-2026-cı illər ərzində Böyük Qayıdışın bərpasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Proqramı qəbul edilib. Nəzərdə tutulan Dövlət Proqramının həyata keçiriləcəyi təqdirdə 2022-2026-cı illərdə 34 min ailənin, təxminən 140 min insanın Qarabağa qayıdışı təmin edilmiş olacaq.

Təkcə 2023-cü ildə 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb. Belə ki, Füzuli şəhərinə - 380 ailə, 1392 nəfər, Laçın şəhərinə- 383 ailə, 1475 nəfər, Ağalı kəndinə - 175 ailə, 871 nəfər, Talış kəndinə- 20 ailə, 90 nəfər, Zabux kəndinə - 203 ailə, 783 nəfər köçürülüb. Ümumilikdə indiyədək işğaldan azad edilmiş ərazilərə 1161 ailə, 4611 nəfər köçürülüb. Hazırda bu proses davam etməkdədir. Həmçinin müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Artıq Ağalı, Talış kəndlərində, Füzuli şəhərində, Zabuxda, Laçında həyat bərpa olunub. Prezident İlham Əliyev 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə də keçmiş köçkünlərin, qaçqınların qayıdacaqlarının, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin tam bərpa ediləcəyinin, eyni zamanda il ərzində Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıdacaqlarının xoş müjdəsini verib.

Bildirmək yerinə düşər ki, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 100 yaşayış məntəqəsindən 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanının ardınca Zəngilanda ikinci hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi isə sürətlə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə indiyədək məktəblər, xəstəxanalar, otellər, konqres mərkəzləri tikilib istifadəyə verilib. Görülən genişmiqyaslı fəaliyyətdə ən əsas yerlərdən birini əhalinin rahat yaşaması üçün vacib sayılan müasir kommunal təminatların həyata keçirilməsi tutur. Bölgənin enerji təminatı məsələləri sürətlə həll edilir - yeni 12 su elektrik stansiyası, 12 yarımstansiya istifadəyə verilib. Bir sıra istiqamətlər üzrə isə artıq magistral qaz xətlərinin tikintisi həyata keçirilir.

İşğaldan azad edilən ərazilərimizdə yol-nəqliyyat infrastrukturu yüksək standartlara cavab verən səviyyədə qurulur. Xüsusi əhəmiyyətə malik Zəfər yolu artıq istismara verilib. Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Füzuli-Şükürbəyli-Cəbrayıl-Hadrud avtomobol yollarında və Horadiz-Ağbənd dəmir yolunda isə işlər sürətlə davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində avtomobil yolları ilə bağlı 3 layihənin icrası başa çatıb, 13 layihə isə icra olunur. "Bərdə-Ağdam, Hadrut-Füzuli və Zəfər yolları artıq hazırdır. Digər layihələr üzrə də işlər sürətlə gedir. Bəzi layihələrin icra vəziyyəti 70 faizi keçib. Bu ilin sonuna, gələn ilin ortalarına layihələrin 80-90 faizi tamamlanacaq", - deyə o qeyd edib.

İşğaldan azad edilmiş ərazilərimizdəki yol layihələrinin əsas hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, bir neçə layihə isə Türkiyə şirkətləri tərəfindən icra olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşası da həyata keçirilir. 2026-cı ilə qədər həm də azad edilmiş bütün şəhərlərin daxili yollarının tikintisinin başa çatdırılması proqnozlaşdırılır. Onu da vurğulayaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu təxminən 2300 km-ə yaxın 20 avtomobil yolu layihəsinin və Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi qarşıya qoyulub. Diqqəti çəkən məqamlardan biri odur ki, hazırda bu ərazilərdə hətta sovet dövründə olmamış marşrutlarda da yeni yollar salınır və bütün Qarabağ və Şərqi Zəngəzuru əhatə edən geniş yol-nəqliyyat şəbəkəsi yaradılır.

Ən əsası bu yolların hər biri dövlətimizin gücünü, malik olduğu potensialı, Prezident İlham Əliyevin qətiyyətini və siyasi iradəsini təcəssüm etdirir. Təbii ki, həyata keçirilən layihələr son deyil, çünki şəhər və kəndlərimiz bərpa olunduqca, yerli və məhəlli əhəmiyyətli yeni yollar inşa ediləcək.

Sevinc Azadi, “İki sahil”