01 mart 2024 02:59
423

Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir

Dövlət başçısı İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bir daha bu reallığı diqqətə çatdırdı ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib

Azərbaycan iqtisadi inkişafı ilə daim dünyanın diqqətindədir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı inkişafı şərtləndirən əsas amillər sırasındandır. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoyan dövlət başçısı İlham Əliyev hədəfə çatmaq məqsədilə regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramlarını təsdiqlədi. Regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlılığını təmin edir. Bu siyasətin əsas hədəfləri regionlarda iqtisadi aktivliyin artırılması, daxili və xarici sərmayələrin cəlb olunması, müasir texnologiyanın tətbiqi, istehsal və ixrac imkanlarının genişləndirilməsidir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı 2004-cü ildən başlayaraq həyata keçirilir. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi, infrastruktur baxımından müasir standartlara tam cavab verir. Regionların tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafa gətirib çıxarıb ki, bu da Dünya İqtisadi Forumunun müəyyən etdiyi inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi maliyyə imkanlarının genişlənməsinə mühüm şərait yaradır ki, bu da öz növbəsində sosial-iqtisadi layihələrin icrasını sürətləndirir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın bütün bölgələri inkişaf, tərəqqi dövrünü yaşayır, paytaxtla bölgələrimiz arasında fərq tamamilə aradan götürülüb. Hər bir bölgənin inkişafında yol infrastrukturunun rolunu nəzərə alsaq, bu gün bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yol-nəqliyyat sistemimiz beynəlxalq standartlara cavab verir. Yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyi düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya, zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb.

Ölkəmizin malik olduğu iqtisadi imkanlar əməkdaşlıq əlaqələrinin inkişafında da əhəmiyyətli rol oynayır. Fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərəkən bu sahədə əməkdaşlıq üçün mövcud imkanlar geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini xüsusi vurğuladı. Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən Prezident İlham Əliyev iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyevin görüş zamanı əsas diqqət göstərdiyi məsələ ölkəmizə qarşı əsassız təbliğatın aparılması, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər oldu. Bir daha vurğulandı ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir.

Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayan cənab İlham Əliyev bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

Prezident İlham Əliyev təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozep Borrelin qeyri-adekvat bəyanatları Azərbaycanı çox məyus edib. Onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. Digar tərəfdən, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Cənab İlham Əliyev bu çağırışı etdi: « Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir.»

Tarixi Zəfərimizdən üç ildən artıq vaxt keçsə də onun yaratdığı reallıqlar, 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapan müddəalardan irəli gələn öhdəliklərin Azərbaycan və Ermənistan tərəfindən hansı səviyyədə yerinə yetirilməsi müzakirə olunmaqdadır. Azərbaycan bütün öhdəliklərə sadiqdir və onların yerinə yetirilməsi istiqamətində səylər göstərir. Ermənistan isə hər vasitə ilə bu öhdəliklərin icrasından yayındı, sülh müqaviləsinin imzalanmasının uzanmasında maraqlı olduğunu nümayiş etdirir. Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirmək barədə düşünməməsi, hərbi təxribatlarını davam etdirməsi Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin 19-20 sentyabar tarixlərində lokal antiterror tədbirlərini həyata keçirməsini şərtləndirdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ədalət və beynəlxalq hüquqa söykənir. Ölkəmiz heç bir ölkəyə, eyni zamanda, Ermənistana hücum etmir. Ermənistanın və ona havadarlıq edən dövlətlərin apardığı təbliğatın heç əsası yoxdur.

Münaqişənin həllinin 30 il uzanmasında belə ikili siyasətlərin rolu inkaredilməz idi. Bir tərəfdən Ermənistana maddi və mənəvi dəstək göstərilir, silahlandırılır, işğalçı dövlət olduğu dilə gətirilmir, digər tərəfdən də münaqişənin sülh yolu ilə həllinin mümkünlüyü barədə fikirlər söylənilirdi. Bu gedişlərin nəticəsi göz önündədir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Cənab İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik.

Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Azərbaycanın bütün torpaqlarında üçrəngli Bayrağımız dalğalanır.

Prezident İlham Əliyev sözügedən qəbulda onu da bildirdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik: «Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!»

Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Qeyd etdiyimiz kimi, mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidələrimiz dağıdıldı, məscidlərimizdə donuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir. Lakin Ermənistan silahlı qüvvələrinin sərhəddə təxribat törədərək itkilərə səbəb olması Azərbaycan dövlətinin səbrini tükəndirməyə bilməzdi. «Dəmir yumruq»un davamı olaraq «Qisas» və «Qətiyyətli cavab» əməliyyatları, ən əsası bir gunlük lokal antiterror tədbirləri Ermənistana layiq olduğu yeri göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu çağırışı edir ki, əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq. Müzəffər Ali Baş Komandan İlham Əliyev fevralın 26-da - Xocalı soyqırımı günündə Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Ermənistana və ona havadarlıq edən dövlətlərə bu mesajı çatdırdı: «Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.»

Cənab İlham Əliyev alman iş adamları ilə göruşündə dünya güclərinin ikili siyasətinin mühüm göstəricilərindən olan bu mühüm məqamı da xüsusi qeyd etdi ki, öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür: «Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?!» Dövlət başçısının «Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik» çağırışı ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən və bunun hər an atdıqları addımlarında nümayiş etdirən Avropa institutlarına, o cümlədən Avropa Şurası rəsmilərinə ciddi mesajdır. Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmiz demokratik dəyərlərə sadiqliyini atdığı hər bir addımında təsdiqləyir. Cənab İlham Əliyev hər zaman bu məqamı da vurğulayır ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür.

Prezident İlham Əliyev bir məsələni də təəssüf hissi ilə qeyd etdi ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm.

Reallıq budur ki, insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə insan amilinə verilən dəyər atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü və artıq reallığa çevrilən “Neft kapitalını insan kapitalına çevirək!” tezisi də bunun bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 17 iyun 2007-ci il tarixli Fərmanı ilə Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilməsi də deyilənlərin təsdiqidir. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın qəbulu da insan amilinə diqqətin təzahürüdür. Həmçinin Milli Konstitusiyamızın qəbulundan ötən 29 ilə yaxın dövrdə ali sənədə üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də dövlətimizin yeniləşməyə, təkmilləşməyə nə qədər maraqlı olduğunu təsdiqləyir. Əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sistemində yeniləşməyə xidmət edir.

Ölkəmizə qarşı aparılan qərəzli təğliğata tutarlı cavab Prezident İlham Əliyevin müsahibələrinin birində “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabıdır. Cənab İlham Əliyev bildirmişdir ki, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir və mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 85 faizdən çoxunu təşkil edir. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir.

33 ilə yaxın müstəqillik tarixinə malik ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev bildirir ki, biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq. İqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür. Azərbaycanın demokratiya təcrübəsi nümunədir.

Yeganə Əliyeva, «İki sahil»