26 fevral 2024 12:56
666

Azərbaycan dünyada ekoloji tarazlığın qorunmasına çox mühüm töhfələr verir - Soltan Məmmədov/EKSKLÜZİV

COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəklənməsinin təsdiqidir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçirilməsi ölkəmizə olan beynəlxalq etimadın daha bir göstəricisidir.

Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, ekoloji problemlərin qlobal miqyasda geniş müzakirə olunduğu, ətraf mühitlə bağlı məsələlərin ən aktual mövzulardan birinə çevrildiyi indiki dövrdə Azərbaycan dünyada ekoloji tarazlığın qorunmasına çox mühüm töhfələr verir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tədbirlər, o cümlədən “ağıllı kənd”, “ağıllı şəhər” layihələri, Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi strategiyası buna sübutdur:  “Azərbaycan bərpaolunan enerji hasilatına çox böyük önəm verir. Ölkəmizin qarşısında 2030-cu ilin sonuna qədər 5 min meqavata yaxın bərpaolunan enerji növləri növləri yaradılması əsas hədəflərdən biri kimi müəyyən olunub. Bərpaolunan enerjinin hasil edilməsi üçün Günəş, külək və su elektrik stansiyaları yaradılır”.  

Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir

S.Məmmədov qeyd edib ki, Azərbaycan bərpa olunan enerji mənbələrinə qoyulan investisiyanın Ümumi Daxili Məhsula nisbətinə görə aparıcı ölkələrin sırasında qərarlaşıb. Bu, Dünya İqtisadi Forumunun hesabatlarında da öz təsdiqini tapır: “Bütün bu faktlar əminliklə deməyə əsas verir ki, Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması, enerji hasilatında yeni və ətraf mühitə mənfi təsiri olmayan metodologiyanın daha geniş tətbiqi əsas prioritetlər sırasındadır”.

Millət vəkili vurğulayıb ki, “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri kimi müəyyən edilib. Azərbaycan bu hədəfə nail olmaq üçün konkret və düşünülmüş addımlar atır. COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin yaşıl enerjiyə keçidlə bağlı təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəkləndiyinin təsdiq edən daha bir fakt kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir.

Yaqut Ağaşahqızı, “İki sahil”