24 fevral 2024 14:50
561

Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin təqdimatı olub - YENİLƏNİB

Fevralın 24-də Nizami Kino Mərkəzində “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi “13” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyini araşdıran film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Agentliyin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsi əsas prioritetlərdən biridir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Eldar Səmədov itkinlərin axtarışı ilə əlaqədar işlərin son itkinin taleyi müəyyənləşənədək davam edəcəyini və artıq işğaldan azad olunan ərazilərdə 13 kütləvi məzarlığın aşkarlandığı bildirib.

Bədii-sənədli filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist və ssenarist Mübariz Əsgərov peşəkar komandanın film üzərində aylarla gərgin iş apardığını diqqətə çatdırıb.

Filmin rejissoru Elçin Elxanlı Xocalı soyqırımı mövzusunun ağırlığı və tarixi Zəfərin gətirdiyi təsəlli, ümid barədə danışıb.

Ekran əsəri 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır. Belə ki, Xocalı soyqırımı zamanı iki gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılır. Orada Ermənistanın müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr verirlər, fermada saxlanılan girovların içərisindən 13 gənc seçilərək naməlum istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur.

Təqdimat mərasimində çıxış edənlər itkinlər mövzusunda peşəkar şəkildə işlənilmiş bu cür QHT layihələrinə, audiovizual əsərlərə, bədii və sənədli filmlərə böyük ehtiyacın olmasından danışıblar.

Filmin ingilis dilindəki versiyası bu günlərdə xarici ölkələrdə də nümayiş olunacaq.

***

Nizami Kino Mərkəzində Xocalı soyqırımı itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filmin premyerası keçirilib.

“İki sahil” xəbər verir ki, filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur.

Bundan əvvəl Mübariz Əsgərovun müəllifi olduğu “İşgəncələr məbədi - Şuşa həbsxanası" adlı sənədli film, “Coğrafiya müəllimi” qısametrajlı filmi ictimaiyyətə təqdim olunub.

“13” adlı bədii-sənədli filmin təqdimatında Xocalı itkinlərinin yaxınları da iştirak ediblər.

Tədbirdə çıxış edən Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib ki, işğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb.

O bildirib ki, Azərbaycan torpaqları erməni işğalından azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur: "Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. İşğaldan azad olunmuş ərazilərdə fevralın 23-də 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq".

E.Səmədov söyləyib ki, itkin düşənlərin ailələrinə və ictimaiyyətə itkinlərin taleyi barədə yaxın günlərdə yenidən məlumat veriləcək.

Qeyd edək ki, filmdə haqqında bəhs edilən 13 nəfər gənc qətliam günü Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhalinin arasından seçilərək aparılıb və onların taleyindən indiyədək xəbər yoxdur.