23 fevral 2024 19:42
542

Xocalı faciəsi qurbanlarının qisasını alındı FOTO

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı tərəfindən 23 fevral 2024-cü il tarixdə “Xəstəxana” ərazi partiya təşkilatında səhiyyə  işçiləri ilə  dəyirmi masa təşkil olunub.

“İki sahil” xəbər verir ki,  Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Kürdəmir  rayon təşkilatının sədr müavini Elxan Qafarov  məruzə edərək bildirib ki, 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Soyqırımı nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edilib. Həmin faciəvi gecə zamanı 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilib, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib. Ulu Öndər Heydər Əliyevin  təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

Daha sonra çıxış edənlərdən “Xəstəxana” ərazi partiya təşkilatının sədri Tarix İslamov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Elçin Bilalov,  “Xəstəxana” ərazi partiya təşkilatının sədr müavini Əliabbas Abdulxalıqov və Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi  Elmira Cavadova öz çıxışlarında vurğulayıblar ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Tarixi, bəşəri cinayət olan Xocalı soyqırımı xalqımızın heç zaman unudulmayan qan yaddaşıdır.

Sonda Xocalı faciəsi ilə əlaqədar çəkilmiş filmə tamaşa edilib.