23 fevral 2024 23:50
1056

Əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa…

Azərbaycana Fransa və Hindistanın Ermənistana verdikləri texnikanı darmadağın etmək üçün bir neçə saat kifayətdir

Ermənistan hələ də Qərbin, xüsusilə Fransanın təsir dairəsindən çıxa bilmir. Çünki bölgədə möhkəmlənmək niyyətində olan rəsmi Paris bu təcavüzkar ölkəni “əməkdaşlıq” adı altında elə məngənəyə salıb ki oradan qurtulmaq müşkülə dönüb. Fevralın 21-də Fransa Prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyanın Parisdə keçirdikləri birgə brifinqdə də bu “əməkdaşlıq” bir daha diqqət mərkəzində olub. Həmin görüşdə Emmanuel Makron Fransanın Ermənistanla müdafiə sektorunda əməkdaşlığı, daha doğrusu, təcavüzkar ölkəni silahlandırmağa davam edəcəyini bildirib: “Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyik. Fransa müdafiə təyinatlı hərbi ləvazimatların tədarükünə razılıq verib və heç bir gərginlik istəməyərək tam məsuliyyətlə buna davam edəcək”. Ancaq bu silahlanmanın Ermənistana nə vaxtsa hərbi qələbə qazandıra biləcəyinə yalnız sadəlövhlər inana bilərlər. Çünki “Bastion” hərbi maşınlarının timsalında demək olar ki, onlar metal yığınından başqa bir şey deyil. Fransanın göndərdiyi növbəti “müdafiə silahları”nın (gecəgörmə cihazları və GM200 radarları) partiyası da Ermənistana çatdırılmaq üzrədir. Əslində, günün günorta çağlarında əsl reallıqları görə bilməyən təcavüzkar ölkə üçün gecəgörmə cihazlarının nə qədər faydalı ola biləcəyi də şübhəlidir. Yəni, Fransanın hərbi dəstəyi bölgədə qüvvələr balansını dəyişməyəcək. Üstəlik, Fransa Azərbaycanın hansı hərbi imkanlara malik olduğunu hələ yaxşı bilmir. 23 saata ermənilərin 30 il qurduğu istehkamları məhv etmiş Azərbaycana Fransa və Hindistanın Ermənistana verdikləri texnikanı darmadağın etmək üçün bir neçə saat kifayətdir. Bu yerdə  “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır” deyən Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindəki bu fikri də xatırlatmaq yerinə düşərdi: “Əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”.

Paşinyan sülh prosesində irəliləyişi məhz Makronun təhriki ilə pozdu

Fransa rəhbəri 36 il əvvəl Ermənistandan qovulan Qərbi azərbaycanlıların pozulan haqlarını xatırlamadan, onların hüquqlarının bərpasını yada salmadan Qarabağı könüllü olaraq tərk etmiş erməni sakinlərin geri dönüşündən danışır. Bununla da o, Azərbaycanın daxili işlərinə qarışmaqla beynəlxalq hüququ pozmuş olur. Halbuki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir. Bununla da Makron bir daha ermənidən betər erməni olduğunu nümayiş etdirib. Fransanın dövlət başçısı Azərbaycanın da iştirak etdiyi Orta Dəhliz nəqliyyat yoluna “alternativ” olan İrəvanın irəli sürdüyü “Sülh kəsişməsi” adlı reallaşması mümkünsüz bir ideyanı dəstəklədiyini bildirməklə regional əməkdaşlıq və inteqrasiyaya vasitəçilik etmək istədiklərini gizlətməyib.

Üstəlik, Makron Paşinyanı o ki var alqışlayıb. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasını onun inadkarlığının parlaq nümunəsi kimi qiymətləndirib. Necə deyərlər,  qoltuğuna yenə fransuzski xoruz verib. Bütün bunlar isə o deməkdir ki, Fransa Ermənistanı qara günə  çıxarmaqda israrlıdır.

Bəli, Fransa “kiçik bacı”sı Ermənistan naminə özünü oda-közə vurmaqda, dəridən-qabıqdan və min cür  hoqqalardan çıxmaqda davam edir. Hətta Makron Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən danışıqlardan əldə edilmiş  irəliləyişdən çox narahatdır. Hətta bir müddət müttəfiqlik etdiyi Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun indi sülh prosesi istiqamətində təşəbbüs göstərməsini qısqanclıqla qarşılayır. Erməni mediasında isə Fransanın təhriki ilə Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşdığına dair fikirlər dolaşmaqdadır. Bu mənada Fransa özünü BMT və beynəlxalq prinsiplərə sadiq sivil dövlət kimi yox, irticaçı ölkə kimi aparır və kolonizator simasını gizlətmir, Azərbaycana qarşı bütün addımları nəticəsiz qalan və Prezident İlham Əliyevə məğlub olan Makron indi Ermənistanı yeni müharibəyə hazırlaşdırır.

Qeyd edək ki, fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyer Avropa İttifaqının Ermənistandakı “mülki” missiyasının yerləşdiyi əraziyə baş çəkib, sərhəddəki vəziyyətlə tanış olub. Fransalı generalın Azərbaycan mövqelərini durbinlə müşahidə etməsindən 10 gün sonra şərti sərhəddə təxribat törədildi. Dünən isə  “Fransa Ermənistanın müdafiə potensialını artırmaq üçün ona dəstək vermək öhdəliyi daşıyır” deyən Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti Hayastana ikigünlük rəsmi səfərə gəlib. O, Ermənistanın müdafiə naziri Suren Papikyanla birgə İrəvanda keçirdiyi mətbuat konfransında Fransa üçün sərhədlərin mühafizəsinin prioritet olduğunu bildirib. Bununla da Makron özünün müdafiə nazirinin dili ilə Ermənistanı cəsarətləndirməyə, daha doğrusu, “Qorxma, rəsmi Paris səninlədir” mesajını verməyə çalışıb. Fransanın Ermənistana böyük miqdarda silahlar satması, o cümlədən müdafiə nazirinin və bu ölkənin hərbi-sənaye şirkətlərinin rəhbərlərinin təcavüzkar ölkəyə hazırkı səfəri bunları söyləməyə əsas verir ki, Ermənistan məhz Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindədir.

Yeri gəlmişkən qeyd edək ki, fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib. Ermənistanın son təxribatının təsadüfi olduğunu da düşünmək sadəlövhlük olardı.

Fransa bölgədə sülhün olmasını istəmir

Tam əminliklə söyləmək olar ki, Paşinyan Fransadan gələn və ya aldığı tapşırıqlar əsasında hərəkət edir. Belə məlum olur ki, Paşinyan Fransaya tədbirdə iştirak etməyə deyil, Münxen görüşləri ilə bağlı Makrona hesabat verməyə getmişdi. Bu dəfə də Paşinyanın Fransadan növbəti tapşırıqlarla qayıtması, eləcə də sözügedən ölkənin rəsmilərinin İrəvana gəlmələri növbəti təxribatların labüdlüyündən  xəbər verir. Artıq birmənalı şəkildə demək olar ki, Fransa bölgədə, daha doğrusu, Ermənistanla Azərbaycan arasında sülhün olmasını istəmir. Elə ona görə də  vəziyyəti gərginləşdirir və Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlanmasına çalışır. Məqsəd Ermənistandakı Rusiya hərbi bazasını Fransa bazası ilə əvəz etməkdir. Elə fransızların Hayastana baş tutan sürəkli səfərləri, Yerevan hava limanından rusiyalı hərbçilərin çıxarılması, Paşinyanın KTMT-də fəaliyyətlərini dondurduğunu bildirməsi buna istiqamətlənib. Yeri gəlmişkən qeyd edək ki, Fransanın Rusiyanın Ermənistandakı bazasının çıxarılması və əvəzində fransız bazasının yerləşdirilməsi planından İranın kəşfiyyat orqanlarının da məlumatı var. Rəsmi Tehran da bundan narahatdır.

Paris öz maraqları naminə Ermənistanı toruna salıb

Hayastanın Fransanın əlində oyuncağa çevrilməsini bəzi erməni siyasətçiləri də yaxşı dərk edirlər. Çünki onlar bilirlər ki, Afrikadan qovulan, beynəlxalq aləmdə imicini zədələyən Fransanın Ermənistanı müdafiə etmək imkanları rəsmi İrəvanın ümidlərini doğrulda biləcək səviyyədə deyil.  Fransa öz maraqları naminə Ermənistanı toruna salıb. Məsələn, bu günlərdə Ermənistan mətbuatına müsahibəsində analitik Vardan Akopyan bildirib ki, rəsmi İrəvan  nə etdiyini bilmir, sadəcə olaraq kənardan müəyyən göstərişlərə əməl edir: “Nəticədə Ermənistan bir çox xarici maraqların toqquşma meydanına çevrilib. İndiyə qədər bu hakimiyyətin xarici siyasət konsepsiyası yoxdur, ağlına gələni söyləyir. Xalqımız hamı üçün lazımsız olub, xalqın mənafeyini güdən liderimiz yoxdur. Belə davam edərsə, Ermənistan Sovet İttifaqı dövründə olduğundan daha betər, xaricilərin idarə etdiyi əraziyə çevriləcək”. Təkcə xaricilərin idarə edəcəyi əraziyəmi? Hayastan həm də Suriyaya, Ukraynaya çevriləcək. Yəni, artıq Ermənistan növbəti təhlükə ocağına çevrilməyin bir addımlığındadır.

Qvami Məhəbbətoğlu, “İki sahil”