23 fevral 2024 01:16
501

O qanlı gecədə...

Xocalı şəhəri işğaldan 31 il sonra, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi

Azərbaycan xalqı zaman-zaman ermənilərin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqın və  məcburi köçkün vəziyyətinə düşmüşdür. 1988-ci ildə ermənilərin əsassız torpaq iddiasının yenidən baş qaldırması nəticəsində artıq tarixin arxivinə atılmış Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi yarandı. Torpaqlarımızın 20 faizi 30 il ərzində işğal altında qaldı, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənilərin “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq kimi sərsəm ideyalarını gerçəkləşdirmək istəkləri yüzlərlə kəndin, şəhərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

1992-ci il fevralın 26-na keçən gecə Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardıqları uzunmüddətli müharibənin tərkib hissəsidir. Amma bu faciə özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduqları digər cinayətlərdən köklü surətdə fərqlənir.

Ümumiyyətlə, erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. Yeddi min əhalisi olan Xocalı şəhəri Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran -Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə hava limanı da Xocalıda olub.

Yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. Bu dəhşətli soyqırımın əsl mahiyyəti açıqlandı, 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli iş gördü. Ümummilli Lider hər il faciənin ildönümündə xalqa müraciət edərək Xocalı soyqırımının bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayırdı.

Xocalı hadisələri bir daha göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, həm də xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir metod seçmişlər. Bu, Xocalı hadisələrində də özünü açıq-aşkar büruzə verirdi. O vəhşətli gecə Azərbaycan xalqının ürəyinə bir süngü kimi sancıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, qaysaq bağlamayıb, qəlbimizdə həmişə olacaqdır. Gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu açıq-aşkar sübut edir.

Prezident İlham Əliyev çıxışlarında ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiklərini önə çəkir. Dövlət başçısı dünya dövlətlərinin bu hadisələrə göz yummalarına narazılığını ifadə edərək, onların XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsini nə üçün soyqırımı kimi tanımamalarının səbəbini açıqlamalarının gərəkliyini bəyan edir. Dövlətimizin başçısı bu yalan təbliğata qarşı öz siyasətimizi, həqiqətlərimizi, ən əsası gücümüzü ortaya qoymağın vacibliyini vurğulayır. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vəzifəsi olmalıdır. Ölkəmiz 30 il ərzində müharibə şəraitində yaşayıb. Bu dövr ərzində erməni vəhşiliyini, Ermənistanın işğalçılıq siyasətini təsdiqləyən yüzlərlə fakt aşkarlanaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşası və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması məsələsini Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, bu soyqırıma obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurla fəaliyyət göstərir. Bu Fond tərəfindən hazırlanan vəsaitlər - kitablar, albomlar, video-disklər dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi istifadə edilir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə İKT-yə üzv olan dövlətlər 26 fevral tarixini humanitar fəlakət qurbanlarının xatirəsini anım günü kimi qeyd olunması barədə qərar qəbul ediblər. Bu isə faciənin soyqırımı kimi tanıdılmasına yönəldilmiş addımların səmərəli olduğunu sübut edir.

2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə imzaladığı Fərman və sərəncamlar, verdiyi tapşırıqlar bəhrəsini verdi. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurun işğal edilən ərazilərinin böyük əksəriyyəti düşmən tapdağından azad olundu. Xocalı şəhəri işğaldan 31 il sonra, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Qarabağda yaşamış ermənilərə təklif olundu ki, Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Cənab İlham Əliyevin dövlət başçısı seçilməsinin 20-ci ildönümü günündə Ali Baş Komandan tərəfindən işğaldan azad edilmiş Xankəndi, Xocalı şəhərlərində, Xocalı rayonunun Əsgəran və Kərkicahan qəsəbələrində, həmçinin Ağdərə rayonunun ərazisindəki “Sərsəng” Su Anbarında Azərbaycanın ay-ulduzlu Dövlət Bayrağı ucaldıldı. Beləliklə də, düşmən tapdağındakı ərazilərimiz separatçılardan tam xilas olundu.

Tariximizin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının ildönümündə - hər il fevralın 26-da Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsinin önündə böyük izdiham yaşanır. Minlərlə insan, o cümlədən Qarabağ müharibəsi veteranları, hər yaşda olan insanlar, Xocalı sakinləri, məktəblilər abidənin önündən keçərək faciə qurbanlarının xatirəsini sonsuz kədər hissi ilə anırlar. Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini bu dəhşətli faciəyə, bəşəri cinayətə yönəltməkdir. Dünyanın gözü qarşısında baş vermiş bu qətliam beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınmalıdır.

Bu gün ölkəmizin hər yerində günahsız Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyir, Tanrıdan onlara rəhmət diləyir və uca səslə deyirik: Allaha şükürlər olsun ki, bu qisas qiyamətə qalmadı!

Cavid Əkbərov, “İki sahil”