22 fevral 2024 15:49
443

Xocalı faciəsi-yaddaşın unudulmayan tarixi - FOTO

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı tərəfindən O.Mirzəyev adına ərazi partiya təşkilatında mədəniyyət işçiləri ilə  dəyirmi masa təşkil olunmuşdur.

“İki sahil” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi-yaddaşın unudulmayan tarixi” adlı rəsm və “Xocalı faciəsi-bədii ədəbiyyatda” adlı kitab sərgisi ilə tanış olmuşlar.

Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra Xocalı faciəsi ilə əlaqədar çəkilmiş filmə tamaşa edildi.

Tədbirdə YAP Kürdəmir  rayon təşkilatının sədr müavini  Elxan Qafarov  məruzə edərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırımı nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3  mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi və digər tarixi və mədəni abidələr dağıdılıb. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı işlər Ulu Öndər Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıdışından sonra başlayıb. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib.44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.

Daha sonra çıxış edənlərdən Kürdəmir rayon Mədəniyyət Mərkəzinin direktoru Sevinc Həsənova, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Xatirə Soltanova  öz çıxışlarında vurğuladılar ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Xocalı faciəsi ermənilərin türk xalqına qarşı amansızlığı və insanlığa qarşı cinayəti idi. Tarixi, bəşəri cinayət olan Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır. Bu qanlı faciənin bütün dünyada tanıdılması ümumxalq məsələsidir və hər birimiz bu işdə fəal iştirak etməliyik.