21 fevral 2024 22:15
336

Yeni qlobal tarazlıqda yeni alqoritm

Milli maraqlara əsaslanan, çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına böyük töhfələr verən, beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycan bu gün “orta güc” ölkələri sırasında yer almaqdadır

Yeni dünya nizamının qurulduğu, geosiyasi risklərin artdığı bir dövrdə öz rasional addımları, unikal layihələri ilə Cənubi Qafqazın geosiyasi və geoiqtisadi simasını dəyişən Azərbaycan bu gün bütün dünyada etibarlı, arzuolunan tərəfdaş kimi tanınır və nüfuz qazanır. Son 20 ildə respublikamızın  enerji diplomatiyasının uğurlarına qısa baxış keçirsək regional çərçivədə başlanan əməkdaşlığın coğrafiyasının nə qədər genişləndiyinin şahidi olarıq.

Prezident İlham Əliyevin fevralın 16-17-də Münxen Təhlükəsizlik Konfransında iştirakı, ölkəmizin başçısına görüş üçün ayrı-ayrı dövlət və hökumət başçılarının, beynəlxalq aparıcı maliyyə mərkəzlərinin, nüfuzlu təşkilatların çoxsaylı müraciətləri Azərbaycanın dünyada getdikcə artan rolunun əyani təsdiqidir. Prezidentimizin konfrans çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında 24 görüş keçirməsi (daha 10 görüş üçün Azərbaycan tərəfinə müraciətlər olsa da, fiziki olaraq vaxt baxımından onları reallaşdırmaq mümkün olmayıb) ölkəmizin başçısının yüksək nüfuzunun bariz göstəricisidir. Ölkə başçısı həm də yenidən Prezident seçiləndən sonra bu toplantıya qatılmaqla Azərbaycanın təhlükəsizlik, o cümlədən gündəlikdə olan məsələlərə diqqətlə yanaşdığını bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin qarşı tərəfin müraciətinə əsasən ABŞ-ın dövlət katibi Antoni Blinken, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, eləcə də ABŞ dövlət başçısının qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn ilə də görüşündə Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsinin aparılması ölkəmizin başçısının yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin göstəricisidir. 

ABŞ rəsmiləri ilə görüşlərə gəlincə, qeyd edək ki, son vaxtlar ikitərəfli münasibətlərdə müəyyən tənəzzül var idi. Təbii ki, bunun əsas səbəbi əlaqələrə Ermənistanla münasibətlər kontekstində baxılması idi. Əslində isə Azərbaycanın digər ölkələrlə əlaqələrinin Azərbaycan-Ermənistan münasibətlərinə heç bir aidiyyəti yoxdur və ikitərəfli münasibətlərdə heç bir qeyd-şərt, digər ölkələrə istinad olmamalıdır. Bunu artıq ABŞ da anlayır və ikitərəfli münasibətlər əvvəlki intensivliyə qayıdır. Yeri gəlmişkən, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun bu günlərdə ABŞ-da ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri və Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin  təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələri müzakirə etməsi,  eləcə də digər sahələrdə də münasibətlərin inkişafı bunu bir daha təsdiq edir.

Bütün bunların fonunda bir daha aydın olur ki, son zamanlar Azərbaycanın guya Qərbdən uzaqlaşdığı, özünü təcrid etdiyi, Avropadan çəkildiyi haqda səslənən iddilar iftira və böhtandan başqa bir şey deyil. Azərbaycanın Davos və Münxen kimi, yüksək platformalara dəvət edilməsi bir daha göstərdi ki, bu yalançı təbliğatın heç bir əsası yoxdur. Hər kəs bilməlidir ki, beynəlxalq aləmdə getdikcə nüfuzunu gücləndirən Azərbaycan bundan sonra da öz milli maraqlarından çıxış edərək balanslı siyasətini davam etdirəcək. Həmçinin 7 fevral seçkilərindən sonra Azərbaycanın nüfuzlu Münxen Təhlükəsizlik Konfransına dəvət edilməsi, dövlət və hökumət başçılarının, nüfuzlu təşkilat rəhbərlərinin Prezidentimizlə görüş üçün çoxsaylı müraciətləri bu seçkilərin nəticələrinə münasibətin təsbitidir.

Danılmaz faktdır ki, İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə nəticəsində regionda yeni reallıqlar yaradan, hazırda Cənubi Qafqazda davamlı sülhün, regionun bütün xalqları üçün faydalı əməkdaşlığın qurulması üçün ardıcıl səylər göstərən Azərbaycanın bu gün Ermənistandan başqa heç bir ölkə ilə problemi yoxdur. Azərbaycanın qlobal dünya ilə münasibətləri artıq Ermənistanla münasibətlər üzərində qurulmayıb, bu problem birdəfəlik həll olunub. Bundan başqa, Münxendə keçirilən ikitərəfli görüşlər bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər normallaşa bilər. Sülh müqaviləsinin imzalanması da realdır. Bunun üçün Ermənistan siyasi iradə nümayiş etdirməlidir. Çox təəssüf ki, hələ də Ermənistanda sülh üçün maneələr qalır. Bu mənada fevralın 20-də Dağlıq Qarabağda separatizmin başlanğıcının növbəti ildönümü ilə bağlı mövcud olmayan “Arsax prezidentinin” və “rəsmilərinin” yenidən üzə çıxmasını, İrəvanda mövcud olmayan “Artsax nümayəndəliyinin” hələ də saxlanmasını və bu gün erməni separatizminin ildönümü günü orada bəzi canlanmanın hiss olunmasını və s. göstərmək olar.

Fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüşün keçirilməsi, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələlərinin müzakirə olunması bir daha təsdiq etdi ki, sülh müqaviləsinin imzalanması realdır. Ancaq Ermənistan Azərbaycana qarşı qanunvericilik səviyyəsində iddialarından əl çəkməli və mövcud olmayan separatçı rejimin simvolikalarını birdəfəlik kənara atmalıdır.

Münxen Təhlükəsizlik Konfransında xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi oldu. Təbii ki, Azərbaycanda möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Əlbəttə, bu, təsadüfi deyil. Müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir. Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədəki nitqində dövlətimizin başçısı bildirib ki, dünya ölkələrinin qərarına əsasən COP 29-un Azərbaycanda keçirilməsi ilə ölkəmizə növbəti dəfə böyük etimad və hörmət göstərilmişdir: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”.

Zahid Rza, “İki sahil”