22 fevral 2024 00:58
402

Gənclər siyasətinin hədəfi: Milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik...

Hər bir xalqın gəncliyi onun gələcəyidir. Hər bir ölkənin ictimai-siyasi, elmi-mədəni-humanitar, sosial-iqtisadi həyatında gənclər mühüm rola malik olub, potensial qüvvə kimi önəmli yer tutur. Azərbaycanda gənclərə qayğı, onların sağlam həyat tərzinin təşkili hər zaman dövlətin diqqət mərkəzində olub.

Azərbaycanda dövlət gənclər siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. O, hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, bu təbəqədən olan vətəndaşlara böyük əhəmiyyət vermişdir. Ulu Öndərin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində də aydın müşahidə olunurdu. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. XX əsrin 70-ci illərində məhz Ümummilli Liderin təşəbbüsü nəticəsində 15 mindən çox azərbaycanlı gənc SSRİ-nin 170-dən çox təhsil müəssisəsində ali təhsil almışdır. Sözügedən proses ölkəmizdə müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət etmişdir.

Bu ənənə Ulu Öndərin müstəqil Azərbaycan dövlətinə başçılıq etdiyi illərdə daha geniş miqyasda davam etdirilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1994-cü il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən, ölkəmizdə gənclər siyasətini həyata keçirən mərkəzi icra orqanı - Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndər 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bundan bir il sonra isə Ümummilli Lider gənclərə böyük qayğısının daha bir təzahürü kimi, 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında müvafiq Sərəncam imzaladı. Həmin vaxtdan etibarən hər il 2 fevral ölkəmizdə Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur.

Hazırda respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncliyinin inkişaf yolu bu gün Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi ilə daha da stimullaşır. Məhz ölkə başçımızın müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsi dinamik inkişaf edən qüdrətli dövlətimizin yeni üfüqlərini müəyyən edir. Cənab İlham Əliyevin gənclər siyasətinə verdiyi töhfələr Azərbaycanın bundan sonrakı ictimai həyatını daha da təkmilləşdirəcək. Məsələn, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb. Bununla yanaşı, dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılması Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığını göstərir. 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair sərəncamlar gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmağa, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmağa, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib.

Bu gün gənclərimiz arasında milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Bu da səbəbsiz deyil. Çünki gənclərin milli ruhda tərbiyə olunması, milli-mənəvi dəyərlərimiz əsasında inkişaf etməsi dövlətimizin və dövlətçiliyin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın. Doğrudur, qloballaşma şəraitində milli-mənəvi dəyərlər, həqiqətən böyük təhlükələrlə üzləşir. Sevindirici haldır ki, gənclərimiz xaricdən gələn sözügedən “təhlükələrə” uymur, milli ruhda böyüyürlər. Buna nümunə olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gənclərimizin  böyük şücaətini göstərmək olar. Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.

Dövlətimizin başçısı sözügedən çıxışında onu da  deyib ki, gənclərin milli dəyərlərə sadiqlik ruhunda yetişməsində ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır: “Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir”. Həqiqətən də, bu gün Azərbaycandakı ailə institutu dünya üçün nümunədir. Sağlam ailə milli dəyərlər sistemində çox önəmli yer tutur. Bu baxımdan, milli mənəvi dəyərlərə sadiq gənc nəslin yetişdirilməsi üçün sağlam ailə institutu daim qorunmalıdır.

Nigar Orucova, “İki sahil”