21 fevral 2024 10:16
369

Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır

 Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın apardığı işğal siyasətinin ən dəhşətli səhifələrindən biri Xocalı faciəsidir. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Qarlı-şaxtalı qış gecəsində ölümsaçan güllələrin altında qalan şəhərin yaşayış evləri dağıdılaraq yandırıldı. O müdhiş gecədə dinc əhaliyə aman verməyən yağı düşmənin toplardan, tanklardan, pulemyotlardan, avtomatlardan, artilleriya silahlarından açdığı aramsız atəşlər nəticəsində Xocalının küçələri qan selinə dönmüşdü. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Xocalı şəhəri azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Ali Baş Komandan bildirib:

“Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Arzu Məmmədova,
YAP Xətai rayon təşkilatının üzvü