21 fevral 2024 11:58
662

Xocalı faciəsi qurbanlarının qisasını alındı

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. Qətlə yetirilənlərin sayı, cəsədləri üzərində vəhşiliklər törədilməsi, təhqir edilməsi, ermənilərin vəhşiliyi barədə ötən illərdə çox yazıldığından, yenidən təkrarlamağa lüzum yoxdur. Bu, Ermənistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şərait yaradan ən böyük amillərdən biri idi. Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb.150 nəfər isə itkin düşüb.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Bəs xalqımıza qənim kəsilən xayin ermənilər kimlər tərəfindən və nə vaxtan etibarən torpaqlarımızda məskunlaşmışdılar? Gəlin tarixə nəzər yetirək. Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycana on minlərlə erməninin köçürülməsi, həm də din birliyi əsasında onlara yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazların verilməsi tezliklə rus-erməni aleansı tərəfındən azərbaycanlı əhalinin hər vasitə ilə sıxışdırılmasına gətirib çıxardı. "Daşnak" və "Qnçak" kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik erməni kütlələrini şovinist ideyalar ətrafında birləşdirməsindən sonra isə bu proses daha da sürətləndi. Birinci rus inqilabının başladığı 1905-ci ildə silahlanmış mütəşəkkil erməni dəstələri etnik zəmində soyqırımı kimi dəhşətli bir cinayətin Qafqazda ilk müəllifləri olmuşlar. 1905-1907-ci illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran edilmişdir. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı öz doğma yurd-yuvasını tərk etmək məcburiyyəti qarşısında qalmışdırlar. Belə qırğınların sadalamaqla bitməz.

Azərbaycan torpaqlarına köçürüldüklərini gizlətməyən Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə  Ağdarə rayonununda  xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar. Bu fitnəkarlığın başlıca obyekti olan Azərbaycan müəyyən çətinliklərə baxmayaraq həmişə bu imtahandan uğurla çıxmışdır.

Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirildi və Ulu Öndərin rəhbərliyi ilə bu faciəyə düzgün siyasi-hüquqi qiymət verildi, bu dəhşətli hadisənin səbəbkarları və iştirakçıları aydın şəkildə göstərildi. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Xocalıda baş verənlər Milli Məclisdə müzakirə olundu. Ölkə Prezidentinin sərəncamı ilə 26 fevral - Xocalı faciəsi günü elan edildi. Ulu Öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı ilə ilk dəfə faciənin dəqiq siyasi qiyməti verildi, günahkarlar göstərildi. Adı çəkilən fərman, beynəlxalq insan haqları haqqında aktlar, BMT nizamnaməsi, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətli cinayət kimi tanınmasına tam əsas yaradır.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xalqımız soyqırımı qurbanlarının xatirələrini dərin ehtiramla yad edir. Rəşədaətli ordumuz Müəzffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində torpaqlarımızı azad etməklə, eləcə də 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərini separatçılardan təmizləməklə Xocalı faciəsi qurbanlarının da qisasını aldı və şəhidlərimizin qanı yerdə qalmadı.

Aybəniz Şahmuradova
YAP Xətai rayon təşkilatının üzvü