12 iyun 2018 14:16
1952

TANAP- dünyanın enerji xəritəsinə yeni nəfəs

Geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə nəinki energetika, başqa sahələrdə də əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək

Avropanın neft-qaz xəritəsini dəyişən, ölkəmizin enerji diplomatiyasına daha bir uğur qazandıran, Azərbaycan təbii qazını Türkiyəyə, oradan da Avropaya nəql edəcək Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilir. Əskişəhərdə baş tutan mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, boru kəmərində pay sahibləri, bir çox ölkənin dövlət və hökumət başçıları, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri də iştirak edirlər.

Ümumi dəyəri 40 milyard avro təşkil edən “Cənub Qaz Dəhlizi”nin önəmli hissəsi olan “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən sayılan TANAP Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini təmin edəcək. Kəmərin nəqletmə imkanı 2020-ci ildə 17 milyard kubmetrə, 2023-cü ildə 23, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk mərhələdə nəql olunacaq 16 milyard təbii qazın 6 milyardı Türkiyə üçün ayrılacaq, 10 milyard kubmetri isə Türkiyə-Bolqarıstan, Türkiyə- Yunanıstan sərhədindən keçməklə Avropa ölkələrinə ixrac olunacaq. Layihə ilə bağlı Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” saziş” 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilib. TANAP layihəsi təbii qazın “Şahdəniz” və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. Bölgədə sülhə, sabitliyə xidmət edəcək başqa neft-qaz, nəqliyyat layihələri kimi, TANAP da əhəmiyyəti ilə bütün dünya dövlətləri tərəfindən dəstəklənir, kəmərə qoşulmaq niyyətində olanların sayı artır.

“Qeyd etməliyəm ki, Xəzər sülh, əməkdaşlıq dənizidir. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Biz çalışırıq ki, Xəzər dənizində sülhün, əməkdaşlığın dərinləşməsi üçün öz təşəbbüslərimizi irəli sürək. Şadam ki, bütün qonşu dövlətlər də bu mövqeyi bölüşür. Xəzəryanı ölkələr arasında mövcud olan dostluq, əməkdaşlıq münasibətləri Xəzərdə sülhün, təhlükəsizliyin qarantıdır. Bir çox hallarda Azərbaycan regional əməkdaşlıq təşəbbüslərini irəli sürür, o cümlədən Xəzəryanı ölkələri birləşdirən təşəbbüslər də Azərbaycan tərəfindən irəli sürülür. Gələcəkdə qonşu dövlətlərlə bizim dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında qurulan münasibətlərimiz inkişaf edəcək və bu, regionda, Xəzər regionunda sülhün təminatçısıdır” söyləyən Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan, regional əməkdaşlığın daha möhkəmlənməsinə yönələn enerji layihələrinin şaxələndirilməsi ölkəmizin enerji diplomatiyasının əsas istiqamətləri kimi özünü doğruldur.

“Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı Azərbaycandır və “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək. Ölkənin hərtərəfli inkişafı üçün hədəf götürülən, iqtisadi, siyasi, sosial əhəmiyyəti ilə seçilən, milli müstəqilliyi tamamlayan enerji layihələrinin istifadəyə verilməsi dünya bazarlarına ixrac imkanlarının artırılması, bazar iqtisadiyyatının başlıca şərti olan qeyri-neft sektorunun inkişafı baxımından da əhəmiyyətlidir. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının xalqın mənafeyi naminə istifadəsi üçün imkanları artıran “ Əsrin müqaviləsi”nin imzalanması ilə investisiya mühitinin yaradılması istiqamətində önəmli addımların atılması, dünyanın ən iri neft şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olması, neft müqaviləsinin imzalanması ölkəmizin təbii resurslarının geniş şəkildə hasilatına və ixracına imkan yaratmaqla respublika iqtisadiyyatının strateji prioritetlərini müəyyənləşdirdi. Nəzərdə tutulduğu müddətdə başa çatdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi ilə bölgədə sabitlik yarandı.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı da Azərbaycandır. Bu layihənin icrası nəticəsində Azərbaycan, qonşu dövlətlər, Avropa ölkələri böyük fayda götürəcəklər. Əsas odur ki. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir. “Bu üç layihə - “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Biz bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaqdır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, təbii resurslardan siyasi məqsədlər üçün istifadəni yolverilməz hesab edən, əməkdaşlıq prinsiplərinə əsaslanan ölkəmizin enerji diplomatiyasında bütün ölkələrin milli təhlükəsizlik məsələlərinin təminatı aktuallığını saxlayır. Bölgədə, Avropada müşahidə olunan hadisələr və müəyyən gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü rahat hiss edə, tam müstəqil siyasət apara bilməz.

Avropanın enerji təhlükəsizliyinin təminatına diqqət yetirən, qitə dövlətlərinin enerjiyə tələbatının ödənilməsi üçün Xəzər bölgəsində hasilat, tranzit baxımından ən əlverişli coğrafi məkanda yerləşən Azərbaycanla əməkdaşlıqda maraqlı olanların sayının artması da təsadüfi deyil. Enerji layihələrinin ölkələrarası əməkdaşlıqda mühüm vasitə olduğunu bütün enerji sammitlərində , zirvə toplantılarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev bildirir ki, qarşılıqlı əməkdaşlığa, maraqlara xidmət edən bütün layihələrə inamla yanaşan Azərbaycan hər zaman etibarlı tərəfdaş statusunu əməli işi ilə doğruldur.

2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP - Transanadolu qaz kəməri ilə bağlı imzalanan müqavilə ilə “Cənub Qaz Dəhlizi”nin reallaşmasına güclü təkan verildi. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin qətiyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə olundu. TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub Qaz Dəhlizi”nin konturları görünməklə Trans-Adriatik kəməri -TAP əsas ixrac marşrutu kimi seçildi

Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması dəfələrlə təsdiq olunsa bu günlərdə açılışı keçirilən “Cənub Qaz Dəhlizi” ehtimalları, proqnozları reallaşdırdı. Dünya dövlətlərinin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi Avropanı Azərbaycan qazı üçün mühüm bazara çevirir. Azərbaycanla Türkiyənin birgə təşəbbüsü olan TANAP-ın ardınca Avropa üçün önəmli layihə sayılan TAP-ın reallaşması istiqamətində danışıqların intensivləşməsinin beynəlxalq əhəmiyyəti boru kəməri ilə bağlı açıqlamalarda da hiss olunur.

Bütün ölkələrlə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında münasibətlərin yaranmasında maraqlı olan Azərbaycanın təbii resurslarına dünya enerji bazarında maraq və tələbatın artması, eyni zamanda, siyasi sabitlik üçün də etibarlı təminatdır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, maliyyə yükünün çox hissəsini öz üzərinə götürən Azərbaycanın təşəbbüsü ilə hazırlanan TANAP layihəsi həm də Türkiyə-Azərbaycan dostluğunun təsdiqidir: “Bu layihənin adını da biz vermişik - TANAP, Trans- Anadolu qaz kəməri. Bu layihənin reallaşması üçün biz çox böyük səylər göstərmişik və nəticə etibarilə 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə bağlandı. Bu gün TANAP layihəsi artıq reallıqdır.”

Başqa sözlə deyilsə, neft məhsullarının hasilatı və ixracı sahəsində fəaliyyətin nəzərdə tutulduğu istiqamətdə davam etdiyi bir zamanda daha çox tələbat duyulan təbii qazın dünya bazarına çıxarılması ilə bağlı məsələlərin aktuallaşması və Azərbaycanın bütün təşəbbüslərinin dəstəklənməsi ölkəmizin enerji bazarındakı imkanlarını genişləndirir.

TANAP layihəsində səhmlərin böyük hissəsi ən böyük investor olan Azərbaycana məxsusdur, TAP layihəsində, “Şahdəniz”də də ölkəmiz iştirak edir. Beləliklə, Azərbaycan həm siyasi iradəsini ortaya qoyur, düşünülmüş neft strategiyasını həyata keçirir, eyni zamanda, maliyyə resurslarını da təmin edir. Neftdən əldə olunan gəlir isə ölkə daxilində mühüm infrastruktur və sosial layihələrin həllinə sərf olunur. Artıq tarix bir neçə il bundan əvvəl bəlkə də çoxlarına xəyal kimi görünən təşəbbüslərin reallığını təsdiqləyir.

Ulu öndər Heydər Əliyevin şah əsəri olan və neft strategiyasının ilk addımları kimi ölkəmizə uğur qazandıran, investisiya imkanlarımızı möhkəmləndirən “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması onu göstərir ki, Azərbaycanın başqa dövlətlərin milli təhlükəsizliyinin təminatına da xeyir verəcək qaz ixracı ilə bağlı təşəbbüsləri həm də dostluq kəməri kimi bütün Avropanı əhatə edir. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın iri neft strategiyası icra olunmağa başlamışdır” söyləyən dövlət başçımızın vurğuladığı kimi, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Şahdəniz” yatağının işlənməsi Azərbaycana təbii qaz ixracatçısı kimi də maraq doğurdu. “Şahdəniz” yatağının gələcək işlənilməsi ilə bağlı danışıqlar intensivləşdi. “Əsrin kontraktı”nın imzalandığı yubiley tədbirində “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu.

Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannamə imzalanmışdır. Enerji layihələrinin reallaşmasında Avropa İttifaqının dəstəyi az olmamışdır. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə Bakıda davamlı olaraq “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur. Məhz buna görədir ki, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və Cənubi Qafqaz bölgəsində əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.

Bəlli olduğu kimi, “Cənub Qaz Dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. “Bax, geniş beynəlxalq əməkdaşlıq yaradılıb.

Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. “Cənub Qaz Dəhlizi”nin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, layihənin əsas tərkib hissəsi olan TANAP da birgə səylərin, Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyünün dostluq formatının bəhrəsidir.

Enerji layihələrinin əsas tərəfdaşlarından olan Türkiyə mətbuatında da TANAP-ın açılışı tarixi hadisə kimi geniş işıqlandırılır.

Bildirilir ki, bütün diqqətlər Əskişəhərə yönəlib. Azərbaycan -Türkiyə-Gürcüstanın birgə səyi ilə Xəzər dənizinin təbii resurslarının dünya bazarlarına çıxarılması, BTQ kimi dəmir yolunun istifadəyə verilməsi bölgədə siyasi, iqtisadi sahəsində yaranan işbirliyini möhkəmləndirməklə dövlətlərarası inamı, qarşılıqlı etimadı da gücləndirir. Türkiyə mətbuatında son günlərdə yer alan yazıların əsas mövzusu budur ki, enerji sahəsində həyata keçirilən ən böyük təbii gaz layihələrindən olan və “Enerjinin İpək Yolu” adlandırılan TANAP-ın açılış mərasimində Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentləri İlham Əliyevin, Rəcəp Tayyip Ərdoğanın və Giorgi Marqvelaşvilinin iştirakı xalqlararası dostluq rəmzidir. Türkiyə-Gürcüstan sərhədində, Ərdahanın Posof rayonunun Türkgözü kəndindən başlayaraq 20 rayon və 67 qəsəbədən keçən, uzunluğu 1850 kilometr olan , Yunanıstan sərhədində Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz çatdıran TAP boru xəttinə birləşəcək TANAP-ın istifadəyə verilməsi dünyanın enerji xəritəsinə yeni nəfəs gətirəcək.

Xuraman İsmayılqızı, “İki sahil”