25 yanvar 2024 23:32
436

Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun

Dövlət başçısı İlham Əliyev bu çağırışı da böyük inamla ifadə edir ki,  Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik

Ötən ilin dekabr ayında ADA Universitetində keçirilən  “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum, onun davamı olaraq bu ilin 10 yanvar tarixində cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi son 20 ildə Azərbaycanın keçdiyi yolun  və qarşıda dayanan hədəflərin, onlara nail olmaq üçün müəyyənləşdirilən  mexanizmlərin  təqdimatı oldu. 

Forumda Prezident İlham Əliyevə ünvanlanan  «Tarix sizi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Sizin prezidentliyinizin dəst-xəttini müəyyənləşdirdi. Bununla belə, görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırlanmaq istərdinizmi? Siz bu istiqamətdə hansı addımları atırsınız» suala cavabında bildirmişdir: «Müsahibələrin birində demişdim ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub. Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Düzünü desəm, bu barədə düşünməyə belə vaxtım yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil.»

Sülhə gəldikdə isə dövlət başçısı bildirmişdir ki,  düşünürəm,  sülh gətirmişik. Sülhü müharibə ilə gətirdik. Bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı Minsk qrupunun həmsədrləri qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.

Regionda dayanıqlı sülhün, təhlükəsizliyin yaradılması, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması postmünaqişə dövrünün reallıqları sırasındadır. Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra qarşı tərəfə  bu təklifi etdi, bunun üçün müxətlif formatlarda və tərkiblərdə görüşlərin keçirilməsi üçün səylər göstərdi. Görünən budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifini qəbul edib, sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu bildirsə də himayədarlarından aldığı tapşırıqlar fərqli bir mənzərənin yaranmasına gətirib çxarır. 27 il Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsdərlərindən olan Fransanın apardığı siyasət bu kimi məqamlara işıq salır. Fransa açıq-aşkar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir.

Cənab İlham Əliyev çıxışlarında, müsahibələrində bu məqamı da xüsusi qeyd edir ki, əslində, münaqişə üç il əvvəl,  işğal olunmuş ərazilərin böyük bir hissəsi azad ediləndə həll olunmuşdu. Suverenliyimizin bərpası, sadəcə, zaman məsələsi idi. Azərbaycan suverenliyimizi sülh yolu ilə təmin etmək üçün çalışsa da Ermənistan bütün addımları ilə bunu mümkünsüz etdi. Bu isə öz növbəsində Silahlı Qüvvələrimizin ötən ilin 19 sentyabr tarixində bir günlük lokal antiterror tədbirləri həyata keçirməsini şərtləndirdi. Bu tədbirlərin nəticəsi olaraq ərazilərimiz separatçılardan təmizləndi, işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı ucaldıldı.

Qeyd etdiklərimiz Azərbaycanın postmünaqişə dövrünün reallıqlarıdır. Amma bu mühüm məqamı da qeyd etməliyik ki, bu reallıqların mühüm tərkib hissələrindən biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatı olan 2020-ci ildə keçirilən Zəfər paradında bu fikirləri böyük əminliklə bildirmişdir: «Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var.»

Cənab İlham Əliyev çıxışlarında onu da bildirir ki, Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.

Azərbaycan müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verməklə, dünya hərb tarixində belə bir ilkə imza atdı. Bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirən ölkəmiz bununla həm iqtisadi və maliyyə imkanlarını dünyaya təqdim etdi, eyni zamanda, qurucu xalq olduğumuzu təsdiqlədi. 2022-ci ildə  dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı» təsdiq edildi. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəd kimi dəyərləndirilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra 16 noyabr 2020-ci ildə reallaşdırdıqları Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri ilə başlanan bərpa-quruculuq işlərinin miqyasının nə qədər geniş olduğu görülən işlərin uğurlu nəticələrində özünün aydın ifadəsini tapır. Ölkə Prezidentinin bu ərazilərə səfərlərinin hər biri mühüm sosial obyektlərin istifadəyə verilməsi, yaxud təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.

Dövlət başçısının Qarabağın tacı Şuşaya səfərləri daha çoxluq təşkil edir. Hələ xatırlasaq 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə  xarici mətbuata çoxsaylı müsahibələrində bu fikri xüsusi qeyd etmişdir ki, Şuşasız bizim işimiz yarımçıq olar. Həmçinin  Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirməklə yanaşı, bu çağırışı da böyük qürur hissi ilə səsləndirdi ki, əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Bərpa-quruculuq işlərinə başlandığı gündən Şuşanın dirçəlməsi prioritet məsələ kimi öndə dayanıb. İlk olaraq Zəfər yolunun inşası rəmzi məna daşıdı. Çünki bu yol Azərbaycan Ordusunu Zəfərə apardı. Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı. Azərbaycanın hərbi-siyasi qələbəsinin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat təsdiqləndi.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Şuşa dirçəlib, iqtisadi, siyasi, humanitar və diplomatik mərkəzə çevrilib. Dövlət başçısı İlham Əliyevin Şuşaya hər bir səfəri mühüm addımlarla diqqətdə olur. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Şuşada keçirilən təntənəli mərasimdə söylədiyi bu fikirlər də mühüm məqamları özündə ehtiva etdi: « Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır.»

Qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə təkmil infrastruktur layihələrinin icrası ilə başlanılmışdı. Təbii ki, hər bir bölgənin inkişafında infrastrukturun yenilənməsi, zəruri olan şəraitin yaradılması prioritetdir. İnfrastruktur olmadan insanların işğaldan azad edilmiş ərazilərə köçürülməsi qeyri-mümkündür. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edildi. Bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə 50-yə yaxın su elektrik stansiyası yaradılacaq.

Cənab İlham Əliyevin Prezidentlik dövrünün müharibəyə hazırlıq mərhələsi kimi dəyərləndirilən 2003-2020-ci illər, eyni zamanda, bərpa-quruculuq işlərinə hazırlıq dövrü kimi də qəbul edilməlidir. O illərdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsi və bunun fonunda  maliyyə imkanlarının artması mühüm sosial-iqtisadi layihələrin icrasını təmin etdi. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkəmizin hər bir çətinlikdə az itki ilə çıxmasında öz sözünü dedi. Bu reallıq da daim xüsusi vurğulanır ki,  Azərbaycan tarixi Zəfərdən sonra bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atıb. Müharibədən dərhal sonra bərpa işlərinə start verilməsi ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatı oldu. Onu da qeyd edək ki, 2019-cu ilin sonlarından etibarən  dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə başlanmışdı. İnkişaf etmiş ölkələr belə özünə qapanaraq hansı addımların atılmasının gərəkliyini düşündüyü bir zamanda Azərbaycan belə bir çağırışı səsləndirdi ki, qlobal problemin həlli birgə səyəlrin göstərilməsini zərurətə çevirir. Özünəqapanma deyil, birgə addımların atılması gərəkdir. Həmçinin dövlət başçısı İlham Əliyev ölkə daxilində bu hədəfi açıqladı ki,  insanların sağlamlığının təmin olunması ilə yanaşı, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Azərbaycan həm iqtisadi inkişafını davam etdirdi, həm də buna söykənərək insanların sağlamlığının qorunması üçün zəruri olan şəraiti yaratdı. Məhz atılan addımlara əsaslanaraq Ümumdünya Səhiyyə Təşkilatı ilk gündən bu proqnozu verdi ki, Azərbaycan az itki ilə çıxan ölkə olacaq. Onu da qeyd edək ki, Azərbaycan 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərdi.

Bunları qeyd etməkdə məqsədimiz budur ki, Azərbaycan bütün bu yaşananlara baxmayaraq  tarixi Zəfərindən dərhal sonra bu torpaqların bərpasına başladı. Qısa müddətdə iki Beynəlxalq Hava Limanının istifadəyə verilməsini də xüsusi qeyd etməliyik. 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. Laçın Beynəlxalq Hava Limanının isə 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Bu hava limanları həmin ərazilərin strateji əhəmiyyətini açıqlayır.

Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərindən bəhs edərkən bu çağırışı edir: «Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib.» Ölkə Prezidenti tarixi Zəfərimizdən sonra aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin miqyası fonunda bu çağırışı da  edir ki, bunun  asan məsələ olmadığını hər kəs bilməlidir.  Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur:  “Biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.»

Cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdir ki, bu günə qədər görülən işlər göz qabağındadır. Bütün böyük infrastruktur layihələri ilə yanaşı, əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək.

Cari ilin hədəfləri sırasında o da bildirilmişdir ki, bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışı olacaq. Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq. Məqsəd keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmasıdır.  Bu torpaqlarda yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.

Dövlət başçısı İlham Əliyev görülən işlərə söykənərək bildirir ki, bütün bu infrastruktur layihələri  bu il daha böyük sayda keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasına imkan verir. Keçmiş məcburi köçkünlərin  bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər – Şuşa, Cəbrayıl, Kəlbəcər,  Xankəndi və  Xocalı şəhərləri də  olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək. Bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar.  Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Şuşa rayonunun  Turşsu kəndlərinin də bərpasına artıq start verilir.  2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünün öz dədə-baba torpaqlarına qayıdacağı hədəflənib. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edir.

Yeganə Əliyeva, «İki sahil»