26 yanvar 2024 01:15
535

Qərbin yeni “səlib yürüşü”

Qərarlarının heç bir hüquqi və məcburetmə təsiri olmayan, sülhün əldə edilməsinə heç bir fayda verə bilməyən AŞPA indiki qərəzli siyasəti ilə Cənubi Qafqazda sabitliyə böyük təhlükə yaradır

İnsan haqları ilə bağlı iddialar boş bəhanədir, əsas səbəb Azərbaycanın müstəqil siyasəti, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına göz yummaması, ərazi bütövlüyü və suverenliyini tam  bərpa etməsidir və xalqın Liderinə tam dəstəyidir

Məlum olduğu kimi, Qərbdəki müəyyən dairələr Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti, həmçinin ABŞ-dakı bəzi qruplar Fransa, Almaniya kimi ölkələri önə verərək Azərbaycana qarşı ciddi şəkildə fəaliyyətə təşviq edirlər. Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında vasitəçi olsa da, Fransanın qərəzli yanaşması səbəbindən bu vasitəçilik də faydasız hala gəldi, tərəflər arasında sülhyaratma prosesinə ciddi zərbə vuruldu. Göründüyü kimi, Qərb Azərbaycana qarşı “səlib yürüşü” başladıb. Fransa Senatının məlum qətnaməsi, Avropa İttifaqının qondarma ittihamlar irəli sürməsi, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın səsinin dondurulması təşəbbüsünün gündəmə gəlməsi bu “yürüşün” tərkib hissəsidir. Məsələ nə insan haqları, nə də demokratiya deyil, məsələ erməni maraqlarının təmin edilməsi məqsədilə rəsmi Bakıya təzyiq etməkdir.

Azərbaycan öz milli mentaliteti, əxlaqi dəyərlərinə zidd olan “dəyərlər”i qəbul etmir

AŞPA-nın əsassız iddiaları ilə bağlı son yanaşmaları Azərbaycana qarşı uzunmüddətli qərəzin davamıdır desək yanılmarıq. Belə ki, Avropa Şurasının Monitorinq Komitəsi bildirib ki, Azərbaycanın quruma üzvlüyündən 20 ildən çox müddət keçsə də, rəsmi Bakı “üzvlüyə qəbul edilərkən təşkilat qarşısında götürdüyü əsas öhdəlikləri yerinə yetirməyib”. Hansı öhdəliyi?  Bu “öhdəliklər”də əsas yeri LGBT hüquqlarının qorunması tutur. Məsələn, Azərbaycan orta məktəblərdə LGBT mövzusunu tədris etməlidir. Sonda eyni cinslərin nigah hüququnun tanınması da tələb kimi qoyula bilər. Təbii ki, Azərbaycan öz milli mentaliteti, əxlaqi dəyərlərinə zidd olan bu “dəyərlər”i qəbul edə bilməz. Ona görə Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb. Bu isə səlibçiləri özlərindən çıxarır.

Etimadnamələrin qəbul edilməməsi tövsiyəsini verən Monitorinq Komitəsi bildirib ki, Azərbaycanda seçkilərin azad və ədalətli şəkildə keçirilməsi ilə bağlı “çox ciddi narahatlıqlar var”. Amma bütün bu əsassız iddialara dair konkret sübutlar təqdim edilməyib. Qarabağdakı vəziyyət, ermənilərin buranı könüllü tərk etməsi kimi məqamlarla bağlı da Monitorinq Komitəsi ciddi təhriflərə yol verib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Monitorinq Komitəsinin hesabatına etirazında bildirib: “Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək. Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”.

AŞPA anti-Azərbaycan dairələrin əsas hücum platforması rolunda

Qeyd edək ki, hələ 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olanda Qarabağ işğalda idi və rəsmi Bakı ümid edirdi ki, təşkilat işğala qarşı ən azı mövqe sərgiləyəcək. Lakin heç nə baş vermədi, Azərbaycan erməni işğalını gündəmə gətirəndə “AŞPA münaqişələrin müzakirə platforması deyil” cavabını aldı. Hərçənd, bu müddətdə Azərbaycana qarşı müxtəlif adlar altında qətnamələr, qərarlar qəbul edildi və AŞPA erməni lobbisinin Qarabağın işğalını legitimləşdirmək məqsədilə Bakıya qarşı təzyiq alətinə çevrildi. 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin apardığı araşdırmada ortaya çıxan faktlar AŞPA-dakı anti-Azərbaycan şəbəkəsinin üzvlərinə, iş mexanizminə və hədəflərinə qədər hər şeyi ifşa edirdi. Ermənistanın nümayəndə heyətinin məşhur “konyak diplomatiyası”na, AŞPA-dakı parlamentariləri rüşvət və şantajla ələ almaq cəhdlərinə dair kifayət qədər faktlar var. Təşkilatdakı anti-Azərbaycan şəbəkəsi erməni lobbisindən sorosçulara qədər uzanır.

2020-ci ildə Azərbaycan torpaqlarında işğala son qoyduqdan sonra AŞPA U dönüşü edərək, “münaqişələrin müzakirə platforması”na çevrildi. Çünki təşkilatı hörümçək toru kimi zəbt edən erməni lobbisi bunu istəyirdi və əsas hədəf məhz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə reallığını dəyişdirilməsi idi. Ötən ilin sentyabrında Qarabağda erməni separatizminin ləğvi və suverenliyimizin bərpasından sonra isə Avropa strukturlarında Azərbaycana qarşı erməni maraqlarının müdafiəsi məqsədilə edilən hücumlar açıq müstəviyə keçdi. AŞPA bu hücumların əsas platforması rolunu oyanayan təşkilatlardandır. Azərbaycan nümayəndə heyətinə qarşı atılan addım da indi yox, ötən ilin payız sessiyasında – Qarabağda suverenliyimizin bərpasında sonra gündəmə gəlib. 2023-cü ilin oktyabrında keçirilən AŞPA-nın payız sessiyasında Azərbaycan Ermənistana hücumda, “Qarabağda erməni əhalisinə qarşı zorakılıqda” ittiham edildi və Bakının qarşısına bu “siyasətdən” imtina etmək tələbi qoyuldu. Əslində imtina edilməsini istədikləri siyasət Qarabağı, ümumilikdə suverenliyimizi ermənilərə qurban vermək deməkdir.  Bu gün AŞPA-da Bakıya qarşı edilən hücumların gerçək səbəbi də məhz bu siyasətdən imtina edilmədiyinə görədir. Ona görə də insan haqları ilə bağlı iddialar boş bəhanədir.

Uğurlu diplomatik addım: Azərbaycan qürurlu şəkildə islamafob, anti-Azərbaycan qurum ilə münasibətləri kəsdi

AŞPA-da ortaya atılan iddialara nəzər yetirdikdə aydın görmək olur ki, bu qurumda Qarabağda suverenliyimizin bərpa edilməsi reallığının qisasını almaq, bu reallığı dəyişdirməyə cəhd etmək istəyirlər, rəsmi Bakını sülh danışıqlarında Ermənistanın gündəliyinin sərhədin delimitasiyasının İrəvanın təklif etdiyi “güzgü prinsipi” üzrə aparılması, kommunikasiyanın yenə ermənilərin istədiyi formada açılması, Naxçıvana maneəsiz keçidin verilməməsi və s. irəli sürüldüyü Avropa platformasında danışıqlara məcbur etməyə çalışırlar, Ermənistana qayıdan erməniləri istədikləri şərtlərdə - Azərbaycan vətəndaşlığını qəbul etmədən yenidən Qarabağa yerləşdirmək, bununla sərhədlərimiz daxilində erməni separatizmini yenidən körükləmək siyasətini aparırlar. Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini qeyri-daimi müddətə dondurması da rəsmi Bakının suverenliyimizin əleyhinə edilən “səlib yürüşünə” qarşı adekvat cavabıdır.

Bütün cəhdlər uğursuz oldu və “səlib yürüşü” çərçivəsində AŞPA-da “insan hüquqları” bəhanəsi ilə təzyiq etməyə qərar verildi, amma Azərbaycan onları qabaqladı, son iclasa qatılmayaraq qürurlu şəkildə islamafob, anti-Azərbaycan qurum ilə münasibətləri kəsdi.

Xalqın Liderinə tam dəstəyi

Qərbin bu dairələrini özündən çıxaran məqamlardan bri də Azərbaycan xalqının ölkəmizə qarşı olan bütün bu təzyiqləri qətiyyətlə dəf edən Prezident İlham Əliyevə verdiyi tam dəstəkdir Azərbaycanın Qarabağdan imtina etməməsi, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına göz yummaması, öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, ölkəmizin milli mentalitet və əxlaqımıza zidd “dəyərlərdən” imtina etməsinə cavab olaraq Fransa, Almaniya kimi ölkələr ABŞ-ın dəstəyi ilə təzyiqləri gücləndirməyə cəhd edirlər.

Azərbaycan beynəlxalq təşkilatlarla işləməkdə, əlaqələrin qurulmasında maraqlı tərəfdir və bu iş xarici siyasətimizin əsasını təşkil edən məqamlardan biridir. Amma bu o demək deyil ki, hansısa təşkilat dövlətimizi ikili standartlara boyun əyməyə məcbur edə bilər. Qərarlarının heç bir hüquqi və məcburetmə təsiri olmayan, sülhün əldə edilməsinə heç bir fayda verə bilməyən AŞPA indi qərəzli siyasəti ilə hazırda Cənubi Qafqazda sabitliyə böyük təhlükə yaradır. Bu hal bütünlükdə Qərbin regionda maraqlarına və mənafeyinə zərbə hesab olunur.

Sevinc Azadi, “İki sahil”