26 yanvar 2024 01:37
1040

Borrel Makronun ruporudur

44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri ilə separatizmə birdəfəlik son qoyan Azərbaycana qarşı mütəmadi qərəzli çıxışlar edən Avropa İttifaqı (Aİ) və onun rəsmiləri son günlərdə bu istiqamətdə fəaliyyətilərini genişləndiriblər. Aİ-nin Xarici əlaqələr  və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel yenə öz köhnə havasını “yeni oranjeman”da səsləndirib: “Avropa İttifaqı Azərbaycanın Er­mənistana qarşı ərazi iddialarından narahatdır. Biz razılaşdıq ki, Azərbay­can Ermənistanla sülh və nizamlanma üzrə məzmunlu danışıqlara qayıtma­lıdır. Azərbaycanın son vaxtlar ərazi iddiaları ciddi narahatlıq doğurur”.

Bəri başdan qeyd edək ki, Cozep Borrelin bu iddiaları heç bir məntiqə sığmır. Yüksək vəzifəyə sahib bir diplomatın belə cəfəngiyyatlardan söz açması təəssüf, həm də təəccüb doğurur. Halbuki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Bu, dəfələrlə rəsmi Bakı tərəfindən vurğulanıb. Axı bunu daha neçə dəfə demək lazımdır ki, Cozep Borrel də eşitsin? Digər tərəfdən, sual olunur: görəsən bu cənab hansı arqumentlərə əsaslanıb belə fikirlər səsləndirir? 44 günlük Vətən müharibəsi və  ötən ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan sadəcə 30 ildən artıq erməni vandallarının əsarətində olan, xarabazara çevrilən ərazilərini azad edib. Bu gün həmin ərazilərdə  quruculuq və bərpa işləri aparılır. Axı bu məsələdə heç bir beynəlxalq norma ayaqlar altına salınmayıb. Beynəlxalq normalara saymazyana yanaşaraq kütləvi şəkildə azərbaycanlıları etnik təmizləməyə məruz qoyan, soyqırımları törədən,  işğal etdikləri ərazilərdə mədəni və dini irsə divan tutan, minalar basdıran təzavüzkar Ermənistan  idi ki, ona da 30 il ərzində gözünün üstündə qaşın var deyən beynəlxalq qurum tapılmamışdı. İndi nə olub, nə xəbərdir? Nə vaxtdan suverenliyin bərpası ərazi iddiası anlamına gəlib? 2020-ci il 10 noyabr tarixində üçtərəfli Bəyana­tda öz əksini tapan Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə kommunikasi­yaların keçdikləri ölkələrin yurisdiksiyalarının  qalacağı dəfələrlə bildirilib. Doğrudur, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət bu məsələni gündəmdən çıxarmağa cəhdlər etdi. Amma Azərbaycanın İran ərazisindən keçməklə Naxçıvanla nəqliyyat əlaqə­sinin yaradılmasına dair Tehranla razı­lığa gəlməsindən sonra Paşinyan Azərbaycan–İran sazişinin oxşarını  Bakı ilə imzalaya biləcəyini söylədi. Göründüyü kimi, bu məsələdə Ermənistanın sıxışdırılmasından, təhdiddən, hansısa ərazi iddiasından söhbət gedə bilməz.

İkincisi, Azərbaycan Ermənistanla beynəlxalq normalar çərçivəsində danışıqlar aparır. Ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında heç bir vasitəçi olmadan aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.  Artıq iki ölkə  ara­sında sülh sazişinin mətni razılaşdırılır. Amma ermənipərəst Avropa İttifaqı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar həqiqətə uyğun olmayan iddialar səsləndirməklə sülhə imkan vermirlər ki, vermirlər. Məgər Borrel başa düşmürmü ki,  onun reallıqdan uzaq iddiaları Ermənistanla Azərbaycan arasında aparılan danışıqlara zərbə vurmaqla yanaşı, həm də Hayastanda müəyyən revanşist qrupların maraqlarına xidmət edir? Tarixçi-qafqazşünas, tarix elmləri namizədi Oleq Kuznetsovun sözləri ilə desək,  Cozep Borel sülh və harmoniya axtarışında tərəflərin səylərini təşviq etmək əvəzinə, öz bəyanatları ilə bu səyləri baltalayır, başlayan dialoqun tərəflərindən birinə təzyiq göstərməyə çalışır.

Avropa İttifaqının  ali nümayəndəsinin faktları açıq-aşkar təhrif etməsi ilk dəfə  deyil. Belə ki, bundan əvvəl Borrelin hətta ermənilərin özlərinin də “120 min” hesab etdiyi Qarabağ ermənilərinin sayını “150 min” olduğunu bildirmişdi. Şübhəsiz, bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, həm də Azərbaycana qarşı ittihamdır. O, həmçinin vurğulamışdı ki, guya münaqişə həll olunmayıb. Halbuki,  Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ münaqişəsini həll edib. Bütün dünyanın xəbərdar olduğu bu tarixi faktdan Borrelin xəbərsiz olması əsla inandırıcı görünmür. Heç bir obyektiv reallığı etiraf etmək istəməyən Cozep Borelin söylədiyi cəfəngiyyatları bir daha analiz edəndə görünür ki, onun sərsəm ifadələri hətta bu gün Ermənistanın baş naziri tərəfindən də səsləndirilmir.

Əgər diqqətlə fikir versək görərik ki, Borrelin iddiaları Fransa Prezidenti Emmanuel Makronun iddiaları ilə demək olar ki, eynilik təşkil edir. Başqa sözlə desək, Borrel Makronun ruporu kimi çıxış edir. Hətta demək olar ki, Avropa İttifaqı Borellin timsalında Cənubi Qafqaz proseslərində Ermənistanı dəstəkləyən Makronun sifarişlərini yerinə yetirir. Elə bu üzdəniraq siyasətçinin Azərbaycana qərəzli yanaşması səbəbindən Avropa İttifaqının vasitəçiliyi faydasız hala gəlib. Bu da bir daha sübut edir ki, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Borrel ilana, yəni Makrona zəhər verən kərtənkələ rolunu məharətlə oynamaqdadır.  Bu mənada demək olar ki, Makron əksər beynəlxalq qurumları, eləcə də onların rəsmilərini öz təsiri altına salıb.

Bütün bunlar bir daha sübut edir ki, Avropa İttifaqı və onun rəsmisi Azərbaycanın əldə etdiyi uğurları, eləcə də bölgədə yaratdığı yenilikləri həzm etməkdə çətinlik çəkir. İnşallah, güclü iqtisadi potensiala malik olan, ədalətli mövqe tutan Azərbaycan öz siyasi gedişləri ilə bir sıra beynəlxalq qurumların, həmçinin Borrelin erməni konyakının təsiri altında sıradan çıxmaqda olan  həzm sistemini də dezinfeksiya etməyə özündə güc tapacaq və prosesi məntiqi sonluqla yekunlaşdıracaq. Çünki beynəlxalq hüquq nöqteyi-nəzərindən haqlı olan Azərbaycan qarşıya qoyduğu bütün məqsəd və hədəflərə mərhələli şəkildə nail olur.

Qvami Məhəbbətoğlu, “İki sahil”