26 yanvar 2024 00:17
501

Həyasızlığın Mirzoyan zirvəsi

Azərbaycanın regionda yaratdığı yeni reallıqlar bölgənin sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinə çevrilməsini təşviq edir. Bu baxımdan  Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər tarixi - siyasi əhəmiyyət daşıyır. Ölkəmizin açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib.

Hələ ötən il Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində vurğulayıb ki, sülh üçün alternativ yoxdur: “Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

Lakin təəssüf ki, ötən illərdə Azərbaycanın davamlı sülh təşəbbüslərinə məğlub Ermənistandan adekvat cavab gəlməyib. Əksinə, məğlub ölkə müxtəlif manipulyasiyalara əl atmaqla sülh prosesini ləngitməyə  çalışır. Eyni zamanda, ötən il sentyabrın 19-dək Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla silahlı qüvvələrinin bir hissəsini Azərbaycan ərazilərində saxlamaqda davam edirdi. Lakin Azərbaycanın cəmi bir gün ərzində uğurla tamamladığı lokal antiterror tədbirlərinin nəticəsi olaraq əldə olunan razılaşmalar onu deməyə əsas verir ki, artıq regionda yeni reallıqlar yaranıb.

Təəssüflər olsun ki, Ermənistan bütün bu reallıqların fonunda mövcud imkanlardan imtina edib süni olaraq prosesi ləngitmək istəyir. İşğalçı ölkənin üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməməsi, sərhədlərin delimitasiya və demarkasiyası prosesini yubatması, sülh sazişinin imzalanmasını əngəlləməsi birbaşa məkrli məqsədlərlə bağlıdır. Ermənistan havadarlarının istəyinə uyğun olaraq sülh müqaviləsinin imzalanması məsələsini delimitasiya və demarkasiya prosesləri ilə bağlamağa çalışır və bu məqsədlə uğursuz təkliflər irəli sürür. Bu gün rəsmi Bakı delimitasiya və demarkasiya prosesi ilə bağlı daha ədalətli addımlar atır. Azərbaycanın bu məsələdə qətiyyətli  mövqeyi bəllidir. Bununla yanaşı, rəsmi Bakı erməni əsilli vətəndaşların bizim ərazimizdə yaşamalarına etiraz etmədiyini də bildirir. Qazax rayonunun Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan Muxtar Respublikasına daxil olan Sədərək rayonunun Kərki kəndi Ermənistan ərazisi ilə əhatə olunan anklav kəndlərdir. Qazax rayonunun Aşağı Əskipara, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli qeyri-anklav kəndlərdir. Bu kəndlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxildir. Bu yaşayış məntəqələrinin kimə məxsus olması heç zaman mübahisə predmeti olmayıb. Proseslərin gedişatında bu məsələlər hər zaman gündəmdədir və öz həllini tapacaq.

Ermənistan isə sülh prosesi ilə bağlı  konstruktiv mövqedə olmadığını hər fürsətdə nümayiş etdirir. Xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 23-də keçirdiyi geniş mətbuat konfransında söylədiklərindən aydın olur ki, Ermənistan Azərbaycanla sülh gündəliyinə razı deyil, manipulyativ mövqe tutur, vəziyyəti gərginləşdirməyə çalışır, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır.

Göründüyü kimi, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq imkanlarını hər vasitə ilə heçə endirməyə çalışır. Ölkə rəsmiləri isə bu niyyəti ört-basdır etməyə çalışırlar. Elə A.Mirzoyan da eyni yolu tutur. A.Mirzoyan həyasızlığını Ermənistanın Azərbaycanla sülh müqaviləsi müstəvisində də işə salır. O, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərin sülh prosesinə zərər vurduğunu dilə gətirir. Erməni nazir yenə də əvvəl bildirdiklərini təkrarlayır və hər iki ölkənin qoşunlarının sərhəddən geri çəkilməli olduğundan söz açır. Hətta həyasızcasına bir beynəlxalq nəzarət mexanizmindən də bəhs edir. Aydındır ki, belə bir şey ola bilməz və erməni tərəfi məsələni sülh müqaviləsi ilə bağlı hazırkı məqamlarla razılaşmamaq üçün növbəti bəhanə kimi istifadə edir. Üstəlik özü-özünü ifşa edən Mirzoyan onu da bildirir ki, Azərbaycanla sülh müqaviləsinin mətninə silahların məhdudlaşdırılması ilə bağlı müddəanın daxil edilməsi müzakirə mövzusu deyil. Şübhəsiz, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın mətbuat konfransında bildirdikləri İrəvanın Azərbaycanla sülhdən yayınmaq cəhdlərinin növbəti təzahür formalarıdır. Belə hallar bütövlükdə Cənubi Qafqazda etibarlı sülhün formalaşmasına mənfi təsirini göstərəcək.

Nigar Orucova, “İki sahil”