26 yanvar 2024 02:39
528

Hayların ABŞ-la bioloji silah əməkdaşlığı davası

Son zamanlar Ermənistanda biotəhlükəsizlik səviyyəsinin "qorunması" tədbirləri vətəndaşlar arasında xəstəlik hallarının azaldılmasına kömək etmədiyindən bu əməkdaşlıq sadə erməniləri Amerikanın niyyəti və səmimiliyi haqqında fərqli düşünməyə vadar edib

Bir-birinə rəqib olan ölkələrin mübarizə yollarından biri də bioloji silahlardan istifadə olunmasıdır. Son zamanlar Rusiya da iddia edir ki, Ukraynada Amerika Birləşmiş Ştatlarına məxsus 30 bioloji laboratoriya var. Rusiya Hərbi Qüvvələrinә tabe olan Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillovun iddiasına görə, həmin laboratoriyalarda vəba, qarayara, brusellyoz, difteriya, salmonellyoz, dizenteriya patogenlərinin izlərinə rast gəlinib. İndiki müharibə şəraitindən əvvəl də Amerika, Çin, Rusiya bir-birini bioloji silahlardan istifadə etməkdə günahlandırır. 1943-cü ildən 1969-cu ilə qədər bioloji silahlardan istifadə edən Amerikanın SSRİ dağıldıqdan sonra keçmiş İttifaq respublikaları ərazinə qədər bu üsullarla genişləndiyi iddia olunur. Onların sırasında aşağıdakı ölkələrin adları hallanır: Ermənistan, Gürcüstan, Qırğızstan, Ukrayna, Qazaxstan, Baltikyanı ölkələr, Özbəkistan, Moldova. Sadalanan ölkələrdə bu laboratoriyalar müxtəlif istiqamətlidir. Onların bəzisi həmin ölkələrlə müştərək və açıq şəkildə istifadə edilsə də Ermənistandakı bu məntəqələr gizli məqsədlər üçün qurulub. Onlara yerli mütəxəssislər buraxılmır. Təkcə Qazaxıstan ABŞ hərbi laboratoriyası ilə bağlı rəsmi açıqlama verib ki, bu müəssisədən öz ölkəsinin rifahı üçün istifadə olunur. Postsovet ölkələrindən Tacikstan, Rusiya, Belarus, Türkmənistan ərazisində belə hərbi bioloji laboratoriyaların olmadığı bildirilir.

Mütəxəssislərin bildirdiklərinə görə, bu laboratoriyalar təyinatı üzrə iki istiqamətə bölünür. Birinci istiqamət aid olduqları ölkələrdə regionda patogenlərin yayılması, bioloji silahdan istifadə və ondan müdafiə yollarının araşdırılması üçün yerli hökumətlərlə iş birliyini həyata keçirir. İkinci isə paralel olaraq ABŞ Müdafiə Nazirliyinin nəzdində olan ümumilikdə müxtəlif regionlarda onların maraqlarına xidmət edən hərbi bioloji laboratoriyalardır. Sırf ikinci bioloji laboratoriyaların postsovet ölkələrindən Ermənistan, Gürcüstan, Qırğızıstan və digər Baltikyanı ölkələrində mövcud olduğu bilinir. İlk zamanlar Rusiyanın Ermənistandakı bioloji laboratoriya ilə bağlı narahatlığı olub. Hətta 2019-cu ildə Rusiya XİN başçısı Sergey Lavrov belə bir laboratoriyanın olmasından Rusiyanın narahat keçirdiyini bildirib.

Xatırladaq ki, hələ 2008-ci ildə ABŞ-ın çoxmilyardlıq büdcəsi nəzərdə tutulan Bioloji Müdafiədə Birgə İştirakçılıq Proqramı - CVEP elan olunandan sonra buna maraq göstərən ilk ölkələrdən biri məhz Ermənistan olub. Nəticədə ölkədə bir neçə belə laboratoriya qurulub. Ötən gün yayılan məlumata görə, ABŞ Ermənistanda daha bir hərbi-bioloji laboratoriya yaratmaq niyyətindədir. Beləliklə, Birləşmiş Ştatların Ermənistandakı hərbi-bioloji laboratoriyalarının sayı 13-ə çatacaq. Bununla əlaqədar olaraq Ermənistan ilə ABŞ-ın Müdafiə nazirlikləri arasında müqavilə imzalanıb. Ermənistan mətbuatının yazdığına görə, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək. Yerli mütəxəssislər bunu narahatlıqla qarşılayıblar. Onların fikrincə, hərbi-bioloji laboratoriyalarda müxtəlif patogen vasitələrdən istifadə olunduğuna görə, xüsusilə yaxınlıqdakı məktəblərdə işləyən və oxuyanların sağlamlığı üçün təhlükə yarana bilər. Rəsmi Moskva da bu laboratoriyalara qarşı çıxış edib. Bildirilir ki, həmin obyektlər bütün dünya üçün ən təhlükəli virusların saxlanılması üçün anbar rolunu oynaya bilər. Rusiyanın etirazı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müzakirə olunur.

Bildirək ki, ABŞ-ın belə laboratoriyaları Ermənistanla yanaşı, Qazaxıstanda və Gürcüstanda da var. Bu laboratoriyalar Ermənistanda əsasən İcevanda (HOMC-nin regional bölməsi), Gümrü (Xəstəliklərə nəzarət və profilaktika mərkəzi), Martuni, Vanadzor və Qafanda qurulub. Erməni ekspertlərin hesablamalarına görə, ABŞ tərəfindən maliyyələşdirilən və əsasən yaşayış massivlərinin yaxınlığında yerləşən təhlükəli bioloji obyektlərin ümumi sayı ən azı 20-yə çata bilər. Üstəlik, Mərkəzi Dövlət Geologiya Universitetinin referens laboratoriyasının təchizatı məsələləri üçün yenicə 9,8 milyon dollarlıq vəsait də ayrılıb. Həmçinin obyektə xüsusi avadanlıq və mebellərin alınması üçün əlavə olaraq 1,7 milyon dollar veriləcək. Gümrüdəki obyekt üçün isə müvafiq olaraq 2,7 milyon və 340 min dollar nəzərdə tutulub. Ortada 2020-ci ildə başlanmış beşillik ABŞ-Ermənistan bioloji tədqiqatlar üzrə əməkdaşlığı çərçivəsində 50 milyon dollarlıq zəmanətli maliyyələşdirmə proqramı da var. Proqramının bitmə ili 2024 göstərilib.

Hazırda Ermənistanda ABŞ-nin təqdim etdiyi Elektron Qlobal Epidemik Nəzarət Sisteminin (EIDSS) modernləşdirilməsi üzrə layihə həyata keçirilir. Sistemin proqram şəbəkələri İrəvanın səhiyyə, kənd təsərrüfatı qurumlarının, Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti və Milli Təhlükəsizlik Xidmətinin 94 obyektində yerləşir. Bu hörümçək torunu xatırladan vahid şəbəkə Ermənistanın səhiyyə sistemini tam nəzarət altında saxlamağa, yeni xəstəliklərin yayılmasını dərhal qeydə almağa və yeni ştamları müəyyən etməyə imkan verir. Bundan əlavə, Amerika layihələrində iştirak edən erməni mütəxəssislər üçün ikitərəfli təlim proqramının həyata keçirilməsi prosesləri də davam etdirilir.

Lakin bütün bu deyinlərə baxmayaraq, Ermənistanda yerləşdirilən tədqiqat mərkəzləri təhlükəli yoluxucu xəstəliklərin geniş yayılmasının qarşısını ala, onların mənşəyinin tapılmasına kömək ola bilmir. Məsələn, "İravunk" nəşrinin məlumatına görə, illər öncə cəmi iki ay ərzində, fevralla martda ölkədə qızılcaya yoluxanların sayı kəskin şəkildə artaraq ajiotaja səbəb olmuşdu. Xəstəxanalara təxminən 90 yoluxmuş xəstə yerləşdirildi. Başqa sözlə, ölkədə biotəhlükəsizlik səviyyəsinin "qorunması" tədbirləri vətəndaşlar arasında xəstəlik hallarının azaldılmasına kömək etmədi. Bu cür hallar həm də sadə erməniləri Amerikanın fərqli niyyəti, səmimiliyi haqqında düşünməyə vadar etdi. Son illərdə isə Ermənistan ərazisində kütləvi xəstəliklərin yayılması əhalinin narahatlığını birə beş artırdı. ABŞ-ın bu ölkədə yerləşən hərbi bioloji obyektləri ilə bağlı hətta etiraz tədbirləri də təşkil olunub. 2022-ci ildə Amerikanın İrəvandakı səfirliyi qarşısında Qərbin bioloji laboratoriyalarına qarşı keçirilən nümayişlər və etirazlar narahatlığın artdığını sübut edir.

Qeyd edək ki, hazırda Ermənistanda ABŞ-ın 12 hərbi-bioloji laboratoriyası var. “Wikileaks”in sızdırdığı məlumatlara görə, o vaxt ABŞ hökuməti Ermənistan hakimiyyətinə iki laboratoriyanın yaradılması üçün 9 milyon dollar ayırmağı vəd etmişdi. 2018-ci ildə isə məlum oldu ki, artıq Ermənistanda 50 milyon dollar xərclənib və biolaboratoriyaların bütöv şəbəkəsi yaradılıb.

Sevinc Azadi, “İki sahil”