25 yanvar 2024 15:50
447

Yaşar Bəşirov: İlin ilk yarışında karateçilərimizdən böyük nəticə gözləmək tezdir

“İlin ilk yarışı olduğu üçün Premyer Liqa turnirində yığmadan böyük nəticə gözləmək tezdir”.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Karate Federasiyasının idarə heyətinin üzvü Yaşar Bəşirov milli komandanın yanvarın 26-28-də Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqa turnirindəki şanslarını dəyərləndirərkən deyib.

Federasiya rəsmisi yarışda 60-dan çox ölkənin ən güclü idmançılarının mübarizə aparacağını bildirib: “Ona görə də yığmadan qızıl medal gözləmirəm. Düşünürəm ki, bir və ya iki gümüş medal qazana bilərik. Hazırda bizim üçün önəmli olan bu turnirə qatılmaqdır. Qarşıdakı qitəmiqyaslı yarışlarda iştirak etmək istəyiriksə, reytinq xalları toplamalıyıq. Məqsəd ilk “səkkizlik”də yer almaqdır”.

Y. Bəşirov Premyer Liqa turnirində medal gözlədiyi idmançıların adlarını açıqlayıb: “Kişilər arasında Tural Ağalarzadə və Asiman Qurbanlının, qadınlardan isə Mədinə Sadıqovanın medal əldə edəcəyini gözləyirəm. Lakin digər idmançıları da unutmaq olmaz. Onların da potensialı yüksəkdir. Sadəcə, ilin ilk yarışı olduğuna görə karateçilər tam formada deyil. Bilirsiniz ki, Azərbaycan karatesinin iki önəmli siması var: Rafael Ağayev və İrina Zaretska. Onların əldə etdiyi nəticələr möhtəşəmdir. İnanıram ki, yeni nəsil karateçilər arasında da adını tarixə yazdıranlar olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi Premyer Liqa turnirində 7 karateçi ilə təmsil olunacaq. Kişilərin yarışında Tural Ağalarzadə (67 kiloqram), Əminağa Quliyev və Fərid Savadov (hər ikisi 60 kiloqram), Turqut Həsənov (84 kiloqram), Asiman Qurbanlı (+84 kiloqram), qadınların mübarizəsində isə Fidan Teymurova (50 kiloqram) və Mədinə Sadıqova (55 kiloqram) qüvvəsini sınayacaq.