25 yanvar 2024 23:56
464

BABALARIMIZ OĞUZLAR (TÜRKMƏNLƏR)

(VII yazı)

BÖYÜK SƏLCUQİLƏRDƏN SONRA. AZƏRBAYCAN. ATABƏYLƏR.

XII əsrin ortalarında Böyük Səlcuqi əyalətlərində, xüsusən mərkəzdə böhranın dərinləşməsi, tənəzzülün güclənməsi, az sonra isə dövlətin süquta uğraması bir çox türkmən boylarının İran yaylasını tərk etməsinə səbəb olur. Onların bir qismi Xarəzmşahlara pənah aparır, bir qismi Xorasana və Kirmana, bir qismi daha uzaqlara köç edərək İraq və Suriyada məskunlaşır, bir qismi isə keçmiş Böyük Səlcuqi ərazilərində qalmağa üstünlük verir. Bu dövrdə Aşağı Seyhun bölgələri də daxil olmaqla (türklərin qədim məskənləri sayılan bu bölgələr XIII əsrə qədər hələ oğuz ölkəsi kimi tanınır) Yaxın Şərqin harasına baxsan, türkmənləri görmək mümkündür. Ancaq onların təmərküzləşdirkləri əsas məntəqələr Azərbaycan, Suriya və, əlbəttə ki, Anadoludur. Türkmənlər haqqında hekayətimizin sonrakı qismi başlıca olaraq Anadoluda cərəyan etdiyindən əvvəlcə Azərbaycan və Suriyada aş verən hadisələrə nəzər salaq. 

Azərbaycan, qeyd etdiyimiz kimi, türkmənlərin ana yurdlarından biri idi. XII-XIV əsrlərdə onların burada daha geniş yayılmaları, müxtəlif dövlətlərin əsas hərbi gücünü təşkil etmələri mənbələrdə təsbit olunur. S.Aşurbəylinin yazdığına görə, qaynaqlar XII əsrdə türk dəstələrinin əmir Eynəddin Altuntaş və onun oğlu Alpquşun başçılığı altında Şirvanşahlar ordusunda xidmət etdiyini xəbər verir. Alimin fikrincə, “Şirvanşahın Arran ərazisini işğal etməyə çalışan türk və türkmən qoşun başçılarına münasibəti pis idi. O belə hesab edirdi ki, yalnız yerli sülalələrdən biri hakimiyyət hüququna malikdir”. Göründüyü kimi, bu dövrdə Şirvanşahlar ordusuna xidmətə götürülən türkmənlər bölgədə hələ “yerli” sayıla bilməyəcək qədər yenidirlər və “gəlmə” sayılırlar (güman ki, Azərbaycanda daha əvvəl məskunlaşmış türkmənlər bu dövrdə artıq oturaqlaşıb dövlət xidmətindən uzaqlaşıblar). Tədqiqatçının “Əcaib əd-dünya” adlı anonim mənbədən misal gətirdiyi məlumatlar təqribən yüz il ərzində türkmənlərin Arranda yerləşmə intensivliyi haqqında təsəvvür yaratmaq baxımından maraq doğurur: “XIII əsrin 20-ci illərində yazılmış anonim “Əcaib əd-dünya” əsərində Arrandan Kür çayı boyunca Arazın ona qovuşduğu yerədək uzanıb gedən bir ölkə kimi danışılır: “Bol nemətli xoşbəxt yerdir: o, şahların qış iqamətgahı idi. Dünyanın əhali yaşayan heç bir yerində Arrandakı qədər imarət yoxdur. Heç bir yerdə oradakı qədər türk yoxdur. Deyirlər ki, orada yüz min türk süvarisi var””. Sonuncu rəqəmin şişirdildiyini söyləsə də S.Aşurbəyli Arranda demoqrafik dominantlığın türklərə aid olması fikrini, ümumilikdə təkzib etmir və bunu “döyüşçülərin, Səlcuq hökmdarları və Eldəgəzlərin iqta şəklində verdikləri münbit Arran torpaqlarının sahibləri”nin say çoxluğu ilə əlaqələndirir. Onun Zəkəriyyə əl-Qəzvinidən gətirdiyi iqtibasdan isə (məlumat 1275/1276-cı ilə aiddir-N.M.) monqol-tatar istilasından əvvəl Muğanın türkmənlərin qışlaq yeri olduğunu öyrənirik: “Muğanda geniş otlaqlar və bol ot olduğundan burada türkmənlər yaşayırdılar. Hal-hazırda tatarlar (monqollar-S. Aşurbəyli) Muğanı öz qışlaqlarına çevirdiyindən türkmənlər oradan köçmüşlər”.

Bu dövrdə türkmənlərin Azərbaycandakı mövqelərini miqyas və əhəmiyyət etibarilə möhkəmləndirmələri Ziya Bünyadov və Əkbər Nəcəfin Atabəylər dövləti (1136-1225) tarixindən bəhs edən tədqiqatlarında da tutarlı faktlarla geniş əksini tapıb. XII əsrin əvvəllərindən hökm sürən dərin ümumi böhran Böyük Səlcuqi dövləti və ona bağlı olan dövlətlərin taxt uğrunda qanlı mübarizələr meydanına çevrilməsi ilə nəticələnmişdi. Bu sözlər eyni əsasla Azərbaycanın daxil olduğu İraq Səlcuqiləri dövlətinə də aid edilə bilər. Ə.Nəcəfin təbirincə söyləsək, “Azərbaycan və Arandakı Səlcuqi hakimlərinin Böyük Səlcuqi və İraq Səlcuqi taxtı uğrunda bu qədər aktiv fəaliyyət göstərməsinin əsas səbəbi türklərin həm siyasi, həm də hərbi cəhətdən hakim mövqeyi idi. Aran və Azərbaycan hakimləri bu böyük hərbi güc sayəsində mərkəzi hakimiyyəti əllərinə keçirməyə, bu olmazsa, öz iqtalarını genişləndirməyə çalışırdılar. Ancaq buna tam layiqi ilə yalnız Atabəy Eldəniz müvəffəq olmuşdur”.

Atabəylik təsisatı varis şahzadələrin hakimiyyətə hazırlanması məqsədi ilə qurulmuşdu. Atabəylər əvvəllər gənc şahzadələrin yetişdirilməsində mühüm rol oynayır, onlara naiblik edirdilər. Səlcuqi dövlətlərinin zəiflədiyi dövrdə isə onlar hakimiyyəti tam şəkildə öhdələrinə götürmüş, idarəçiliyi əllərinə almış, bəzən öz xanədanlıqlarını yaratmağa da nail olmuşdular. Səlcuqi ölkələrinin bir çoxunda- Şam, Hələb, Mosul, Sincar, Əl-Cəzirə, Ərbil kimi bölgələrdə real hakimiyyətin atabəylərin əlində cəmləşdiyi məlumdur. Azərbaycan Atabəyliyi də tarixdə türk hakimiyyətini davam etdirməsi ilə məşhur olan belə dövlətlərdən biri idi. Azərbaycan Atabəyliyinin bir türk (türkmən) dövləti olması Z.Bünyadovun bu fikri ilə də təsdiqlənir ki, “Səlcuqi sultanları, eləcə də sonralar onları əvəz edən Atabəylər qəbilə quruluşunu mühafizə edən və yazısız türk dillərində danışan köçərilərin nümayəndələri idilər”. Bu dövlətin əsası Şəmsəddin Eldəniz tərəfindən qoyulmuşdu. Sultan Arslanşahın dövründə onu “Atabəy əl-əzəm” (Böyük Atabəy) adlandırırdılar. Hakimiyyətinin (1146-1175) ilk on ili ərzində Böyük Atabəy Aranda ciddi nizam-intizam yaratmış, üsyankar əmirləri sıradan çıxarmış, 60-cı illərdə isə şahzadələr arasında gedən aramsız çəkişmələrdən istifadə edərək İraq Səlcuqiləri dövlətinə hökmran ola bilmişdi. Alban müvərrixi Mxitar Qoşun sözlərinə görə, Şəmsəddin Eldəniz ölkədə çaxnaşmalara son qoymuş, “bütün hökmdarları əzmiş, tabe etdirmiş, türkmənlərin qiyamçılarını tamamilə ortadan qaldırmışdı”.

O, atabəyliyə gəlməzdən əvvəl İraq Səlcuqi dövlətində faktik hakimiyyət ayrı-ayrı əmirlərin əlində idi; sultanları taxtı çıxarır, taxtdan endirirdilər. Onlar 1156-cı ildə Sultan Məhəmmədi taxtdan salaraq, Sultan Səncərin oğlu Süleymanşahı hakimiyyətə gətirmiş, amma qısa müddət sonra ona bəslədikləri ümidlərin boşa çıxdığını görüb sultandan üz döndərmişdilər. Əvvəl Süleymanşahı devirib zindana atmış, sonra isə əmirlərdən Şərafəddin Qurd Boz onu boğub öldürmüşdü. Sabiq sultan Məhəmməd isə fürsətdən istifadə edərək yenidən taxt şəhəri Həmədanı ələ keçirmiş, ölkədə asayişin bərpa olunması üçün Aran və Azərbaycanın idarəçiliyini Atabəy Eldənizə vermişdi.

Bundan sonra İraq Səlcuqiləri dövləti, həqiqətən də, yüksəliş və rifah dövrünə qədəm qoymuşdu. Şəmsəddin Aran, Azərbaycan, Şərqi Anadolu, Əl-Cibəl, İraqi-Əcəm və İraqi-Ərəb torpaqlarını bilavasitə nəzarəti altına almışdır. Bundan başqa, Kirman Səlcuqiləri, Fars, Xuzistan, Mosul Atabəyləri, Kuhistan, Kumus, Gilan, Əhlat (Əhlət), Gürcüstan və Şirvan kimi böyük ölkələr də onun əmr və göstərişlərini yerinə yetirmişdir.

Atabəy Eldənizin türkmənləri, xüsusilə də Sultan Səncərin ölümündən sonra Xorasanda ortaya çıxan oğuz bəyliklərini himayəsinə alması ayrıca bir mövzudur. Xarəzmşah İl-Arslan bu bəylikləri öz təsiri altına almaq istəyəndə Nişapur hakimi və Səncərin əmirlərindən Müəyyəd Ay-Abanın ondan yardım istəməsi tarixdən məlumdur. Sonrakı hadisələr də deyilənlərə dəlalət edir. Şəmsəddin Eldənizin ordusu ilə Bistama qədər irəlilələməsi xarəzmşahların Nişapuru tərk etmələrinə səbəb olmuşdu. Atabəy burada da dayanmamış, yürüşünü Reyə və Qəzvinə qədər davam etdirmişdi. 1161-ci ildə Rey ətrafında Xarəzm ordusuna qalib gələrək şəhərin hakimi Əmir İnancı İraq Səlcuqi sultanı Arslanşahın vassalına çevirmiş, sonra isə Qəzvində Alp Arqunun üsyanını yatırmış, bu əyaləti də atabəy mülklərinə qatmışdı.

Bölgənin ən güclü hərbi qüvvəsi sayılan birləşmiş gürcü-qıpçaq qoşunlarına qarşı döyüşlərdə qazandığı qələbələr isə İslam dünyasının müdafiəçisi kimi Atabəy Eldənizə böyük şöhrət gətirmişdi. Bildiyimiz kimi, hələ IV David (1089-1125) gürcülərlə qıpçaqlar arasında ittifaq yaratmış, qıpçaq məliki Şəraqənin nəvəsi (oğlu Ətrəkin qızı) Quranduxtla nigaha girərək, 40 min qıpçaq ailəsini Gürcüstana köçürməklə krallığı hərbi-siyasi cəhətdən gücləndirmişdi. III Georgi (1156-1184) dövründə, 1161-ci ildə isə gürcü-qıpçaq ordusu Ani və Divin, sonra isə Gəncə üzərinə yürüş etmişdi. Anidə qətliam törədilmiş, 41 min nəfər əsir alınıb kölə edilmişdi. Onlar Divində 10 min insanı qılıncdan keçirmiş, bir o qədər qadın və qızı çılpaq şəkildə əsir aparmışdılar. Gəncənin də eyni təhlükə ilə üzləşdiyini eşidən Atabəy Eldəniz böyük bir ordu toplayaraq Ani üzərinə hərəkət etmiş, düşmənə ağır zərbə endirmişdi. Məhz onun sərkərdəlik məharəti nəticəsində 1164-cü ildə gürcülər Anidən qovulmuşdu. Bu döyüşdə Şəmsəddin Eldəniz və müttəfiqlərinin qazandığı möhtəşəm qələbədən bəhs edən mənbələrdə türkmənlərin iştirakı vurğulanır. İbn əl-Əzraq şahidi olduğu Ani döyüşü haqqında belə yazır: “Gürcülər ən həqarətli məğlubiyyətə uğradılar. Onların bütün varidatı əllərindən çıxdı. O qədər çox qənimət götürüldü ki, təsvir etmək və ya saymaq  mümkün deyil. Hökmdarın axuru qızıldan qayırılmış ilxı tövləsi ələ keçirilmiş, anbarı və orda nə varsa, böyük gümüş çəlləklər də daxil olmaqla zəbt edilmişdi”. Əl-Əzraq həmin gümüş çəlləklərdən söz açarkən Atabəy Eldənizin ordusunda türkmənlərin tutduğu yüksək mövqeyə işarə edir: “Bu gümüş çəlləklərdən biri sultana göndərildi. İkinci çəlləyi türkmənlər götürdü və onu tikə-tikə doğradılar. Müsəlmanlar böyük sayda qənimət əldə etdilər”. Aydın məsələdir ki, əgər qələbənin qazanılmasında əsas rolu türkmən dəstələri oynamasaydı, sultanlara layiq iki gümüş çəlləkdən birini onların götürüb tikə-tikə doğramasına yol verilməzdi. Qeyd etmək lazımdır ki, Şəmsəddin Eldənizin vəfatından sonrakı dövrlərdə də türkmənlər Atabəylər dövləti ərazisində nüfuz sahibi olaraq qalırdılar və bu, mənbələrdə də əksini tapmışdır.

Şəmsəddin Eldənizin sağlığında onun oğlanları Məhəmməd Cahan Pəhləvan dövlətin “baş hacibi”, Qızıl Arslan Osman isə ordu başçısı olmuşdu. “Böyük Atabəy”in ölümündən (1175) sonra Cahan Pəhləvan təkcə Azərbaycanda deyil, bütün İraq Səlcuqi sultanlığında hökmranlığı ələ aldı. O, “Xaqani-əcəm” ünvanı daşıyırdı. Şəmsəddin Eldəniz nə qədər qüdrətli hökmdar olsa da, Azərbaycan Atabəyləri dövləti güc və ehtişamının zirvəsinə məhz Cahan Pəhləvanın səltənət illərində (1175-1186) qalxa bilmiş, regionun əsas güc mərkəzinə çevrilmişdi. Mosul zəngilərinin Səlahəddin Eyyubiyə qarşı mübarizədə Cahan Pəhləvandan dəstək istəmələri bunun göstəricisidir.

Amma Azərbaycan Atabəyləri dövlətinin (həm də tək onun yox!) başlıca daxili problemi olan əmirlər məsələsi onun dövründə də həllini tapmamışdı.  Vaxtilə ordu başçılarına verilən iqtalar hələ Eldənizlərdən çox-çox əvvəl irsi mülkiyyətə çevrilmiş, məmlük (qulam) əmirləri atabəy və sultanlardan böyük torpaq sahələri və mülklər almış, malik olduqları imtiyazlardan sui-istifadə edərək öz torpaqlarında hədsiz hakimiyyətə yiyələnmişdilər. Doğrudur, Şəmsəddin Eldəniz bu əmirləri müəyyən hədd-hüdud çərçivəsinə salmış, onları cilovlaya bilmişdi. Bu yarımmüstəqil hakimlər artıq mərkəzi hakimiyyətin səlahiyyətlərini tanıyır, tabeçilikdən çıxmırdılar. Amma, etiraf etmək lazımdır ki, sultanların taxta çıxarılmasında əmirlərin razılığının alınması ənənəsi hələ də qüvvədə idi və bunun sayəsində İraq Səlcuqi dövlətinin 80 illik tarixində heç bir hakimiyyət dəyişikliyi dava-şavasız keçməmişdi (Ə.Nəcəf). Daxili ziddiyyətlərin obyektiv səbəbini təşkil edən bu sistemin kökündə, türkmənlərin yuxarıda şərh etdiyimiz hakimiyyət görüşləri, həmin görüşlərin erkən demokratizmi dururdu. Məmlük əmirləri də boy bəylərinin yerini alaraq onların ənənələrini davam etdirir, əllərinə imkan düşən kimi hakimiyyət bölgüsündən daha artıq pay qoparmaq üçün sultan və atabəyləri təzyiq altında saxlayırdılar. Eldənizlər özləri də məhz bu sistem sayəsində dövlətin ən yüksək mərtəbəsinə qədər yüksəlmişdilər. Nə Şəmsəddin Eldəniz, nə Cahan Pəhləvan, nə də ondan sonra hakimiyyətə yiyələnmiş Qızıl Arslan Osman (1186-1191) ayrı-ayrı əmirlərin özbaşınalığına göz yummasalar belə, mövcud sistemi aradan qaldırmamış, hətta onların hakimiyyətə gəlməsi ilə razılaşmayan güclü əmirləri də yola gətirməyə çalışmış, üsyan etmədikləri təqdirdə onlara toxunmamışlar.

Məhəmməd Cahan Pəhləvanın Xuzistan və Əhvaz hakimi Aydoğdu Şumla ilə qarşıdurması buna misal ola bilər. Ə.Nəcəfin yazdığına görə əfşarlardan olan Aydoğdu atabəy Eldənizdən Nəhavənd əyalətini istəmiş, ancaq ala bilməmişdi. Eldənizin ölümündən sonra yaranmış vəziyyətdən istifadə edərək, bacısı oğlunun idarəsində bir birliyi Nəhavəndə göndərmiş, bölgəni  hiylə ilə ələ keçirib tar-mar etmiş, sonra da müqavimət göstərən  türkmənlərə qarşı hücuma başlamışdı. Türkmənlərin müraciəti əsasında böyük bir ordu ilə Şumlanın üzərinə hərəkət edən Ayabəy Pəhləvan Karmasin yaxınlığındakı döyüşdə Xuzistan qüvvələrini məğlub etmiş, döyüşdə oxla yaralanan Aydoğdunu, eləcə də oğlunu və bacısı oğlunu əsir götürmüşdü. Az sonra Şumla aldığı yaradan ölmüş, Cahan Pəhləvan onun yerinə oğlu Şərafəddin Əmiranı təyin etmişdi.

Əmirlər problemi Məhəmməd Cahan Pəhləvanın qəfil ölümündən (1186) sonra da təzahür etmişdir. Mənbələrin məlumatına əsasən, onun ölməsini bir müddət gizli saxlayan arvadı İnanc xatun taxta öz oğlunu keçirməkdən ötrü əmirlərlə sövdələşmələrə getmək istəmiş, amma onlar Böyük Atabəy məqamında Qızıl Arslanı görmək istədiklərini bildirmişdilər. Əmirlərin yekdil şəkildə Qızıl Arslanı müdafiə etmələri Sultan III Toğrulun onun adına fərman imzalamasına səbəb olmuşdur. Amma sonradan əmirlər də, Sultan Toğrul da peşmançılıq keçirmişlər. Belə ki, Qızıl Arslan əmirlərə divan tutmağa başlamış, Sultana qarşı Bağdad xəlifəsi Ən-Nasir Li-Dinillahla ittifaq bağlamış və son nəticədə İraq Səlcuqi dövlətinin hökmdarı olmuşdu. Tarixçilərin fikrincə, bu, bir atabəyin Sultan taxtına oturması ilə nəticələnmiş ilk hadisədir.

Qızıl Arslanın hakimiyyətə gəlişi ilə türkmənlərin tarixində sonradan müstəsna əhəmiyyət daşıyacaq mühüm tendensiyaya çevrilən bir hadisə ilə də ilk dəfə qarşılaşırıq ki, bunu da qeyd etməmək mümkün deyil. Ə.Nəcəf kitabında yazır: “Atabəy və sultan Qızıl Arslan taxtına mütləq hakim olduqdan sonra ölkədə dağılan nizam və intizamı bərpa etməyə başlayır. Bu dövrdə siyasi ixtilafların xaricində Səlcuqlu ölkəsində dini ixtilaflar və təriqətlər də ortaya çıxmışdır. İsfahanda şafiilər ilə türkmənlər arasında qızğın müharibə gedirdi. İsfahan şafiilərinin dini lideri Sədrəddin Əbubəkr Məhəmməd ibn Əbdüllətif  özü xocəndli bir türk olmasına rəğmən Eldənizli atabəylərindən narazı idi. Onun bu narazılığını bildiyinə görə də mərhum Atabəy Pəhləvan şeyxi daima öz nəzarətində tuturdu. Ancaq Pəhləvanın ölümündən sonra İsfahandakı şaii tərəfdaşlarını silahlandıran Şeyx Sədrəddin bir gecədə şəhərdəki bütün Qızıl Arslan tərəfdarlarını qətl etdirdi. O, bu hərəkətinə məşruluq qazandırmaq üçün III Toğrulun tərəfini tutduğunu deyirdi. İsfahanda qətliam və döyüşlər 3 il boyunca səngimədi. Qızıl Arslan sultanlıq taxtını əlinə keçirdikdən sonra İsfahan hadisələrinə müdaxilə etdi. Əmirlərindən Qaymaz əl-Atabəginin başçılığında İsfahana böyük bir ordu sövq edən Qızıl Arslan şəhərdə öldürülən türkmənlərin intiqamını çox ağır şəkildə aldı. İbn-əl Əsirin dediyinə görə İsfahanda elə bir qırğın meydana gəldi ki, şəhərdə şafii tapmaq mümkün olmadı. Ancaq İsfahan hadisələri daha bir müddət davam etmiş, nəhayət, şafii şeyxi Sədrəddinin tutulub Fəlakəddin Sunqur əl-Təvil tərəfindən öldürülməsi ilə sakitləşmişdir”. Zəruri aydınlaşdırma verilməsə belə, deyilənlərdən göründüyü kimi, tariximizin aparıcı tendensiyalarından birinin- dini zəmində siyasi məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxsaylı cəhdlərin ilkin mənzərəsi ilə qarşı-qarşıyayıq (hər halda bu tendensiyanın türkmən mehitində İsfahan hadisələrindən əvvəlki təzahürləri şəxsən bizə məlum deyil). Bundan sonra ortodoks sünni təriqətlərinin heterodoks türkmənlərə qarşı dini təzyiqləri uzun müddət davam edəcək və ən müxtəlif siyasi (iqtisadi, hərbi-inzibati) niyyətlərin pərdələnməsində əlverişli rol oynayacaqdır (Babayilər üsyanına həsr olunacaq fəsildə bu məsələlər ətraflı şərh ediləcəkdir)...                                       

...Qızıl Arslan Osmanın səltənət illəri Azərbaycan Atabəylərinin son yüksəliş dövrü sayılır və onun öldürülməsi (1191) ilə dövlət, iki yerə parçalanır- faktiki olaraq İraq Səlcuqi sultanlığı ilə Azərbaycan Atabəyləri ayrılmış olur. Aran, Azərbaycan və ətraf əyalətlərin idarəçiliyi Atabəy Əbubəkrin (1191-1210) əlində qalır, İraq səlcuqiləri isə Qütlüq İnancın hakimiyyəti altına keçir. Nəticədə dövlət zəifləyir və 1211-ci ildə Atabəy Özbəyin dövründə (1210-1225) Xarəzmşahlardan asılılığa düşür. Bir müddət sonra isə monqolların Orta Asiya, Orta Şərq və Qafqaz üzərinə birinci yürüşü başlayır. 1221-ci ildə monqollar Cəbə Noyon və Subegetey (Sabutay) Bahadırın komandanlığı altında Xorasan və İraq-Əcəm torpaqlarından keçərək Təbrizə gəlirlər. İbnül-Əsirin yazdığına görə, Atabəy Özbəyin elçiləri onlara böyük təzminat ödəmək hesabına barışıq əldə edirlər. Təbriz yolu ilə Arana, oradan da Kartli-Kaxetiya ölkəsinə gedən monqol qoşunu Tiflis yaxınlığında 10 minlik qıpçaq ordusu, daha sonra isə kral IV Georginin qıpçaqlardan, abxazlardan, mesxetlərdən, oslardan və yerli döyüşçülərdən təşkil olunmuş 60 minlik ordusu üzərində qələbə çalıb yenidən Təbrizə qayıdır, şəhəri mühasirəyə alır. Atabəyin Təbriz hakimi Şəmsəddin ət-Tuğrayi ordu başçılarına bol miqdarda bəxşiş verib onları yenə şəhərdən uzaqlaşdırır. Monqollar Marağanı, Həmədanı, Ərdəbili, Sərabı ələ keçirib dağıntılar törədirlər. Atabəy Özbəyin Naxçıvanda olduğunu öyrənib oraya yol alır, onunla anlaşmaya gəlirlər. Bundan sonra Cəbə və Sabutay Ərdəbil yolu ilə Beyləqana yürüş edərək şəhəri aldıqdan və Muğanda qışladıqdan sonra Tiflis yaxınlığındakı döyüşdə qıpçaq ordusuna daha bir öldürücü zərbə endirirlər. Mənbələr döyüş meydanında 30 min qıpçaq cəsədinin atılıb qaldığını, kralın və qoşun başçılarının canlarını monqolların əlindən güclə qurtara bildiklərini xəbər verir. Daha sonra monqollar Şirvan yolu ilə Dərbənddən keçərək, Qafqazı tərk edirlər. Onların Dəşti-Qıpçaqdakı qıpçaq ordularını da məğlubiyyətə uğradaraq İtil (Volqa-N.M.) çayı və Qazaxıstan bozqırları üzərindən ölkələrinə döndüklərini yazan Ə.Nəcəf birinci monqol səfərinin nəticələrindən danışarkən Eldənizlər ölkəsinin talan olunub viran qoyulmasını vurğulamaqla yanaşı, Dəşti-Qıpçaq hadisələrinin də Azərbaycana təsirsiz ötüşmədiyini qeyd edir. Məlum olur ki, oradakı döyüşlərdə monqollardan qaçan 50 min qıpçaq Dərbənd üzərindən Arrana gəlib: “Onlar Şirvanda bəzi talanlar törətdikdən sonra Gəncəyə yaxınlaşdılar. Atabəy Özbəyin Gəncədəki naibi Qaş-Qara ordusu ilə onların qarşısına çıxsa da qıpçaqlar atabəyə itaət edib onun əmrində xidmət etmək istədiklərini ifadə edincə Gəncə ətrafındakı torpaqlarda yerləşdirildilər. Ancaq qıpçaqların Gəncə xalqını talan etməsi Qaş-Qaranın onlara hücum etməsinə səbəb oldu. Darmadağın olub qaçan qıpçaqlar əvvəlcə Şirvana gəldilər. Ancaq burada Şirvanşah qoşunları tərəfindən məğlub edilib çoxu əsir alındı”.   

MİSİR VƏ SURİYA. MƏMLÜKLƏR DÖVLƏTİ: XİLASKARLIQ MİSSİYASI

Türkmənlərin geniş yayıldığı coğrafi-siyasi areallardan danışanda Suriya-Misir bölgəsi ayrıca qeyd olunmalıdır. Yuxarıda Abbasi və Fatimi xilafətləri, Böyük Səlcuqilər dövlətinə bağlı Artuklu bəyliyi, Mosul-Sincar-Hələb və Şam atabəylikləri, Eyyubilər dövləti tərkibində türkmənlərin fəaliyyətinə, xüsusən səlib yürüşçülərinə qarşı şanlı mübarizəsinə  müxtəsər bir nəzər saldıq. İndi isə qaldığımız yerdən davam edib, hadisələrin Məmlüklər dövləti dövründə (1250-1517) inkişafını izləməyə çalışacağıq.

Qüdsün fəthindən sonra yerli türkmənlər, əsasən, sərhəd bölgələrinin müdafiəsinə yönəldilir, orduya isə yalnız fövqəladə vəziyyətlərdə çağrılırdılar (1200-cü ildə Artuklular da Eyyubilərə tabe olmuşdular). Bu dövrdə Yaxın Şərqin irili-xırdalı bütün İslam dövlətlərində ordunun çəyirdəyi, əsas etibarilə, məmlüklərdən təşkil olunurdu. Sultan Səlahəddindən başlayaraq Eyyubi dövləti də bu qaydaya riayət edirdi. Nəinki dövlət ordusunda, həm də əmir birliklərində çoxluq  məmlüklərdən ibarət idi. Ölkədə onların sayı hədsiz dərəcədə artmışdı. Səlahəddinin vəfatından sonra onun qurduğu dövlət varislərinin arasında bölüşdürülmüş, Misir paytaxt olmaqla Dəməşq, Hələb, Hama, Baalbek, Kerek kimi şəhərlərdə yarımmüstəqil siyasi mərkəzlər yaranmışdı. Bu mərkəzləri idarə edən sultanlar arasında rəqabət hökm sürürdü və onların hər biri rəqiblərindən geri qalmamaq üçün mütəmadi olaraq qul bazarlarında Qafqaz, Mavəraünnəhr və Qıpçaq ölkəsindən gətirilmiş məmlüklər alıb, ordularını gücləndirirdilər. XIII əsrin əvvəllərində monqol təhlükəsinin yaranması ilə bu proses daha da güclənmişdi. Eyyubi dövlətinin və ona bağlı vilayətlərin orduları tamamilə məmlüklərin nəzarəti altında idi. 1240-cı ildə onlar II Adili taxtdan endirib, əl-Məlik əs-Saleh Eyyubu hakimiyyətə gətirdilər. Əs-Saleh Eyyubi taxtını sığortalamaq üçün ordusunda ona qədər Eyyubi sultanlarının heç birinin malik olmadığı qədər məmlük toplamışdı. Ordu komandanlarının, demək olar, hamısı məmlüklərdən təyin edilmişdi.

Məmlüklər kimlər idi? “Məmlük” sözü ərəbcə “mələkə” feil kökündən törəmiş isim (ismi-məful) olub “malik olunan”, “ağasının mülkiyyətində olan kölə” mənalarını verir. Bəzi  müsəlman ölkələrində bu mənada “qulam”, Şimali Afrika zənciləri üçün isə “abid” sözləri işlədilmişdir. “Məmlük” sözü sonradan “müharibə zamanı əsir götürülən və ya tacirlərdən satın alınıb qul edilən ağ adam” mənasını verən terminə çevrilmişdir. K.Y.Kopramanın yazdığına görə, İslam tarixində türklərin (“ətrakın”) məmlük qismində orduya cəlb olunması ikinci Abbasi xəlifəsi Əl-Mənsur dövründə başlamış, onun oğulları və nəvələri tərəfindən davam etdirilmiş və səkkizinci xəlifə Ər-Rəşidin oğlu Əl-Mötəsimin zamanında zirvə nöqtəsinə çatmışdır. Bu zaman “bir rəvayətə görə, xilafət ordusunda 80 min, bir rəvayətə görə 40 min, amma heç bir şəkildə 24 mindən az olmayaraq türk əskəri vardır. Buna görə də xilafət ordularının bel sümüyünü təşkil edən bu hərbi qrupa “ətrak” da deyilir”. Alimin fikrincə, amma bunların heç də hamısı milliyyətcə türk deyil, çoxusu ağ irqə, lakin müxtəlif etnik qruplara mənsub şəxslər olmuşdur. K.Y.Kopraman “məmlük” istilahına izah verərkən 3 nöqtəyə xüsusi diqqət yetirir: “Birincisi, anadan müsəlman doğulan şəxsdən məmlük olmaz. İslam hüququna görə, müsəlman satılıb-alına bilməz. Başqa sözlə, söhbət İslam ölkələrindən gedirsə, bu ölkələrdə müsəlmanın qul (deməli, həm də məmlük) edilməsi qadağandır. İkincisi, məmlüklər mütləq ağ adamlardan seçilir. Zəncilər, bərbərilər, sudanlılar qul ola bilər, amma məmlük ola bilməz. Məmlük sistemində qaradərililər yoxdur. (Yəni, həbəşlər, şərqi afrikalılar və s. orduya cəlb olunsalar belə, statusca məmlüklərdən aşağı sayılır və ən yaxşı halda onlara yalnız xidmət edə bilirlər-N.M.) Üçüncüsü, məmlüklər hərbi xidmətlərdə istifadə olunur (başqa sözlə, onlar peşəkar hərbçilərdir-N.M.)”.

Ortaya belə bir sual çıxır: əgər “çərkəz, rum, rus, erməni, gürcü, frenk” soylu şəxslər məmlük ola bilirsə, (məlumdur ki, Məmlüklər dövlətinin idarəçi sinfi mənşəcə kuman-qıpçaq, çərkəz, abxaz, gürcü və müsəlmanlığı qəbul etməmiş türklərdən ibarət olmuşdur) onların küll halında “ətrak” (türklər) adlandırılmasına, hətta Məmlüklər dövlətinə "dövlətüt-türkiyyə”, yaxud “dövlətül-ətrak” deyilməsinə səbəb nədir? Tədqiqatçı sözünün davamında bu məsələyə də aydınlıq gətirir: “Bir qaydanı da xatırlatmaq lazım gəlir. Məmlük yetişdirmək məqsədi ilə kiçik yaşda satın alınmış qula əvvəlki adı nə olursa-olsun bir türk adı verilmişdir. Çünki Məmlüklərdə ordunun da, sarayın da dili türkcədir. Məmlük sultanları ərəb dilini hədsiz dərəcədə zəif bilirlər. Heç bilməyənlər də var. Odur ki, bir məmlükün adına görə milliyyətini təxmin etmək olduqca çətindir. Qulu aldıqdan sonra sünnət etdirirlər. Müsəlman olur, bir qədər də dini bilik verir, ərəbcə və elmi-hal (İslam etikası-N.M.) öyrədirlər.” Və, əlbəttə ki, onlara xüsusi hərbi təlim, silah gəzdirmək hüququ verirlər. Yəni, məmlüklərin statusu əhalinin digər qrupları ilə müqayisədə çox yüksəkdir.

...Tale belə gətirir ki, sərhədləri Qəzzadan Diyarbəkrə qədər uzanan, bugünkü Suriya, Misir, Fələstin, Liviya ərazilərini, hətta şimalda hüdudu Tarsusdan başlamaqla Anadolunun bir hissəsini əhatə edən Məmlük dövlətinin yaranması VII Səlib yürüşünün və monqol istilasının başlaması ilə bir vaxta düşür. Məmlüklərin   adının İslam tarixinə əbədilik həkk olunması da bu dövlətin həmin iki böyük təhdidi aradan qaldırmaq uğrunda göstəriyi misilsiz xidmətlərlə bağlıdır.

J.P.Runun qeyd etdiyi kimi, Fransa kralı IX Lui Qüdsün süqutu ilə yerə salınmış müqəddəs xaçı yenidən xristian dünyasının başı üzərinə qaldırmaq üçün 1248-ci ildə VII Səlib yürüşünü planlaşdırır və yola çıxmazdan əvvəl ciddi hazırlıq işləri aparır. Liman qurur, donanma hazırlayır, yürüşə çıxacaq qüvvələri səfərbər edir. Onun ordusu sayına və təchizatına görə o vaxta  qədər Misir üzərinə yürüş etmiş xaçlı qoşunları arasında ən mükəmməli və təhlükəlisi sayılır. IX Luinin özü isə o dövrdə Qərbi Avropa hökmdarlarının ən qüdrətlisi idi və xaçlı zehniyyətinə də ürəkdən bağlanmışdı (katolik kilsəsi onu “əziz”lər sırasına daxil etmişdir). Lakin kralın işləri elə başlanğıcdan düz gətirmir. Sentyabrda Kiprə çatsa da, baronları və əskərləri ilə digər ölkələrdən gələcək dəstək qüvvələrini gözləməyə xeyli vaxt itirir, hərəkətə yalnız ertəsi ilin mayında başlaya bilir. Üstəlik fırtınaya düşür, demək olar, donanmasının mühüm bir hissəsi- 120 böyük və 1500-1600 arası kiçik gəmi və qayıq darmadağın olub sıradan çıxır.

Amma onun bəxtindən Yaxın Şərq və ələlxüsus Misir də bu zaman ən yaxşı günlərini yaşamırdı. Sultanı Əs-Saleh Eyyubinin ağır xəstə olması taxta göz dikənlər arasında gizli mübarizəni gücləndirmiş, məmlük əmirlərinin birliyini zəiflətmişdi. Odur ki,  böyük çətinliklə də olsa, əsas qüvvələrini Dimyata çatdıran IX Lui bu şəhəri asanlıqla ələ keçirdi. Dimyatın işğalından çox dərəcə mütəəssir olan Əs-Saleh Eyyubinin xəstələyi daha da şiddətlənmiş və o, köçürüldüyü Mənsurə qalasında noyabrın 23-də vəfat etmişdi. Nə qədər gizli saxlanılsa da, bundan xəbər tutan IX Lui yaranmış əlverişli vəziyyətdən yararlanmaq və çaşqınlıq içində olan Misir ordusuna kəskin zərbə endirmək üçün Dimyatdan cənuba, Mənsurə üzərinə yürümüşdü. O, qalaya çatanda Misir ordusu artıq Əl-bəhr Əl-səğir deyilən Aşmum kanalının qarşı tərəfində düşərgə qurub onları gözləyirdi. Lakin məmlüklər onlara hücum etməmiş, gözləmə mövqeyi tutaraq döyüşə girməyə tələsməmiş, xaçlıların qurduqları tələyə düşəcəyi anı gözləmişdilər. Səlibçilərin avanqard qüvvələri kanalı keçərək təxminən 300 nəfərlik bir süvari bölüyü ilə üzləşmiş, onları təqib etməyə başlamış, Misir ordusunun düşərgəsinə daxil olaraq buranı talan etmiş və ordunun qalan hissəsi də onların ardınca qənimət toplamaq üçün ətrafa dağılmışdı. Elə bu zaman məmlük qüvvələri qəfildən ortaya çıxmış, düşməni hər tərəfdən araya alaraq, məşhur xaçlı əsilzadə və cəngavərləri də içlərində olmaqla 1500 döyüşçünü  qırmış, qalanını isə əsir götürmüşdülər. IX Lui ordusuna köməyə getsə də, döyüşün taleyini dəyişə bilməmiş, əksinə özü də əsir düşmüşdü. Bir qədər sonra onun ordusunun qalıqları Fariskurda da ağır məğlubiyyətə uğradılmışdı. Kral Lui məmlüklərlə sövdələşməyə məcbur qalmışdı. Məğlubiyyət və itkilər bir tərəfə, əsirlərin azad edilməsi belə səlib ordusuna baha başa gəlmişdi. Danışıqlarda yarısı nağd olaraq verilməsi şərti ilə 800 min dinar ödənilməsinə razı olmuş, 1250-ci il mayın 7-də Dimyatı təslim etmiş, əlindəki olan-qalan pulla deyilən məbləği ödəyərək, dustaqları buraxdırmış, özü də azadlığa çıxmışdı. 

Aradan keçən müddətdə artıq Misirdə hakimiyyət dəyişmişdir. Əs-Saleh Eyyubinin yeganə oğlu Turanşah əvvəlcə taxta çıxmış, az sonra isə ölkədə yeganə söz sahibi olan bəhri məmlükləri (əl-məmalik əl-Bəhriyyə) qrupu ilə yola getməmiş, 1250-ci ilin aprelində həmin qrupun liderləri Baybars Əl-Bundukdari, Kalavun Əs-Salehi, Aktay və Aybəg tərəfindən devrilmiş və öldürülmüşdü. Turanşahın ölümü ilə Əyyubilərin səltənəti sona yetmiş, Misirdə hakimiyyət Bəhrilərə, konkret olaraq Aybəg Ət-Türkmaniyə (nisbəsinə diqqət yetirin) keçmişdir. Beləliklə, vaxtilə Əs-Saleh Eyyubinin xüsusi təşkil etdiyi və quru ilə əlaqələrini kəsərək, Nil çayındakı Ər-Rövzə adasında saxladığı (elə buna görə də “Əl-Məmalik əl-Bəhriyyə”, yəni çay məmlükləri adlandırılırdılar), əksəriyyəti mənşəcə qıpçaqlardan, xarəzmlilərdən və digər türk qövmlərindən ibarət olan bu qrup onun xanədanının axırına çıxıb Misirdə hakimiyyəti ələ keçirmişdır.

Məğlub səlib ordusunun Fransaya geri qayıtması labüddür və belə də olur. Ancaq Lui özü ölkəsinə dərhal qayıtmır, Akkaya gedir, 4 il ərzində oradakı xaçlı krallığında işlərin nizama salınması, qərargahın gücləndirilməsi ilə məşğul olur. Məqsədi, əlbəttə ki, revanş götürməkdir. Amma xəyallarını gerçəkləşdirə bilmir. Əksinə, Misir ordusu 1250-1251-ci illərdə iki dəfə Qəzzaya hücum edir və son yürüşündə bu şəhəri alır, 1253-cü ildə isə yaxınlıqdakı Akka və Sidonu yağmalayır. Həmin il IX Lui ani bir basqınla Banyas qalasını tutmağa cəhd göstərir, lakin buna da nail ola bilmir. Nəhayət, 1254-cü ilin aprelində vətəninə geri qayıtmaqdan başqa bir yolu qalmır.

J.P.Runun təbirincə desək, “Əziz Lui vaxtını Misir və Suriyada keçirdiyi illərdə Fransanın önəmli alimlərindən biri olan Pol Peliotun gözəl şəkildə ifadə etdiyi kimi, dünya misli görünməmiş və eşidilməmiş bir macəraya sürüklənirdi”. Bu, qanlı və dəhşətli bir macəra idi- monqol istilası. 1248-ci ildə Anadolu Səlcuqi dövlətini boyunduruğu altına salan Hülaku xan on il sonra Bağdada girib Abbasi xilafətini yıxdıqdan sonra Suriyaya çatdı. 15 yaşlı sultan Nurəddin Əlinin bu təhlükəli dövrdə ölkəyə rəhbərlik edə bilməyəcəyini anlayan məmlük əmirləri onun naibi, məşhur sərkərdələrdən Kutuzu taxta çıxardılar. Bütün məmlükləri, hətta vaxtilə təqiblər üzündən Suriyaya qaçanları da ətrafında birləşdirən Kutuz ölkəni güclü düşmənlə mübarizəyə səfərbər etdi. Məmlüklərin bir az da bəxti gətirdi. Belə ki, 1259-cu ildə Mönke (Münke) xaqan vəfat etdi və Böyük Monqol imperiyası taxtına kimin keçəcəyi ilə bağlı anlaşmazlıqlar yarandı. Hülaku xan da qardaşının öldüyünü eşidib Suriyadakı qüvvələrin başında komandanlarından Ketboğanı qoyaraq ordusunun bir qismi ilə Qaraqoruma getdi. Suriyadakı monqol qoşunları, əslində, elə əvvəldən də az idi. Komandanların bir çoxu bu yerlərin quru çöl havasına dözməyib, atlarını İran yaylasına sürmüş, düşərgələrini orada salmağa üstünlük vermişdilər. İndi isə Ketboğanın əmrində qalan qoşunun sayının lap azalmışdı. Bundan yararlanan Kutuz hazırlıqlarını tamamladı və Qahirədən çıxaraq düşmənin üzərinə yeridi. O, əlbəttə ki, Suriyadakı xaçlı ordularını da nəzərə almalıydı, əks təqdirdə iki od arasında qala bilərdi. Odur ki, ilk növbədə Akkadakı xaçlı hakiminin yanına elçi göndərib, monqollarla döyüşmək üçün onun torpaqlarından keçməyə icazə istədi və nə qədər qəribə olsa da, bu izni aldı. Görünür, hamı kimi xaçlılar da monqollardan çəkinməmiş deyildilər və  onları bu addımı atmağa da elə monqol qorxusu vadar etmişdi. 

Ümumiyyətlə, monqol-məmlük-xaçlı münasibətlərinə aydınlıq gətirmək üçün burada Jan Pol Rudan daha bir iqtibas gətirməyə lüzum görürük: “Monqollar İslam torpaqlarında qala bilməkdən ötrü ya bədəvilər kimi yaşamaq, ya da müsəlmanlığı qəbul etmək məcburiyyətində idilər. Dönmənin hər iki üşulu onlar üçün ağır idi. Onlar franklarla anlaşmağa üçüncü çıxış yolu saymış və səmimi şəkildə bu yolu seçmişdilər. Xristian Avropa ilə monqollar arasında sıx bir ittifaqın qurulması, böyük ehtimalla İslam dünyasını tarixdən silməyə yetərdi. Buna baxmayaraq xaçlılar belə bir ittifaqa girməyi istəməmiş, yaxud da bunu bacarmamışlar. Hətta tam tərsinə davranaraq tarixin təbii axarını dəyişmiş, onun dönüş nöqtəsinə girməsini əngəlləmişlər. Məmlüklər Nil vadisini Ön Asiyadan ayıran çölün onlar üçün təbii bir sipər olduğunu anlamış, monqolların işğal ordusunun da zəifliyini nəzərə alaraq Suriyanı yenidən fəth etmək qərarına gəlmişdilər. Akkadakı xristianlar müsəlmanlara keçid verməklə kifayətlənməmiş, onlara kömək göstərmiş və ərzaqla yardım etmişlər. 1260-cı il sentyabrın 3-də misirlilərin qəfil basqını qarşısında çaşıb qalan monqollar bir nəfərə qarşı on nəfərlə vuruşsalar da, Ayn-Calut döyüşündə sarsıdıcı məğlubiyyətə uğrayaraq bir günün içində bütün Suriyanı itirmişdilər. Bu, indiyə qədər monqolların uğradığı ilk ağır məğlubiyyət idi. Onlar ilk dəfə idi ki, işğal etdikləri torpaqlardan geri çəkilməyə məcbur olurdular. Məmlüklər böyük bir zəfər qazanmış, monqollar isə bütün cəhdlərinə rəğmən bundan sonra bir daha Suriyanı ələ keçirə bilməmişdilər. Ümidləri get-gedə azalsa da, onlar bundan sonra da franklarla ittifaq qurmaq fikrindən daşınmamışdılar. Ancaq vaxt keçmiş, fürsət əldən çıxmışdır. Hər tərəfdən İslam dünyası ilə sarılmış monqollar əvvəl Rusiyada, qərbdəki bozqırlarda, daha sonra isə İranda müsəlmanlığı qəbul etməli olmuşlar. Beləliklə, İslam az qala uduzmaq üzrə olduğu bir savaşda qalib gəlmişdir... Bu, böyük bir fəlakət olmuşdur, ancaq monqollar üçün deyil, müsəlmanlarla ittifaqa girməyin əvəzini ödəmiş franklar üçün”.

...1260-cı ilin oktyabrında Sultan I Baybars Ət-Türkinin (1260-1277) Qəl`ətül-Cəbəldə taxta oturması ilə Məmlüklər dövlətinin tarixində yeni bir səhifə açılır. Dərin idarəçilik islahatları aparan, daxili və xarici siyasətdə uğurlar qazanan, İlxanilərə qarşı Qızıl Orda, xaçlılara qarşı Bizans imperiyası ilə ittifaq bağlayan, hakimiyyətini gücləndirmək üçün Misirdə Abbasi Xilafətini yenidən təsis edən, monqol və latın-frank qüvvələri üzərində müsəlmanların strateji üstünlüyünü sübuta yetirən Baybars tarixdə Məmlük dövlətinin həqiqi qurucusu kimi tanınır. Onun islahatçılıq kursundan danışarkən Baybarsın məqsədyönlü məskunlaşdırma siyasəti mütləq qeyd edilməlidir. 

Suriya və Əl-Cəzirə Orta Asiyanın müxtəlif yerlərində, habelə Azərbaycan və Gürcüstanda üzləşdikləri aramsız monqol zülmündən baş götürüb qaçan türkmən kütlələrinin üz tutduğu əsas ölkələrdən idi. İbn-Şəddadın qeydlərində bu dövrdə 40 mindən artıq türkmən ailəsinin Qəzzadan Antakyaya gəldiyi də deyilir. Onlar qışda obalarını mülayim iqlimə malik Suriyada qurur, yay aylarında isə Anadoluya qayıdaraq, sürülərini Maraş bölgəsində, Uzun Yaylada otarırdılar. Boy bəylərindən başqa heç kimə tabe olmayan, hərəkətlərində son dərəcə sərbəst və müstəqil olan bu böyük türkmən qruplarını idarə etmək asan deyildi. Mənbələrdə türkmən bəylərindən Şəmsəddin Məhəmmədin 1277-ci ildə Anadoluda Ərzincan və Bayburd civarını hakimiyyəti altına alıb Trabzon dağlarını özünə məskən etdiyindən bəhs olunur. Aydındır ki, eyni sosial-etnik zümrəyə mənsub türkmən bəyləri məmlük torpaqlarında da istədikləri yerdə yurd salır, çadır qurub yaşayırdılar. Sultan Baybars türkmənlərin məskunlaşdırılması işinə hələ 1264-cü ildə başlamış, sonralar da bu siyasətini uğurla davam etdirmişdi. Əslində, sultan hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edən bu siyasətin ana xəttini türkmən boy və uluslarının hissə-hissə ölkənin təhlükəli məntəqələrə köçürülməsi təşkil edirdi. Bununla Baybars bir tərəfdən öz irsi rəislərinin əmr və iradəsi altında yaşayan köçəri türkmənləri parçalayaraq öz yurdlarından və yurddaşlarından ayırır, o biri tərəfdən onların hərbi məharətini ölkənin müdafiəsi işinə yönəldirdi. Şəhabəddin Tekindağın yazdığına görə, bütün keçidlər, dar boğazlar türkmənlər (sonradan onlar “Şam və Hələb türkmənləri” adlandırılacaq) tərəfindən tutulmuş, sahil bölgələri də digər türkmən qruplarının (Livanda məskunlaşmışı Kesrivan türkmənlərinin) nəzarətinə keçmişdi.

1265, 1269 və 1271-ci illərdə monqol hücumlarının qarşısını alan Baybars 1277-ci ildə İlxanilərin əlində olan Səlcuqi əmirlərinin dəvəti ilə Anadoluya üzərinə yürüşə çıxmış, Elbistan döyüşündə düşmənə güclü zərbə endirmişdi. Lakin onu dəvət edən əyanlar Baybarsa dəstək verməmiş, məmlük qoşunu yalnız sadə türkmən kəndliləri tərəfindən müdafiə olunmuşdu. Bundan narazı qalan Baybars Suriyaya qayıtmış, hücum xəbərini alan monqol xanı Abaqa isə Anadoluya böyük bir qüvvə göndərmiş, Qeysəriyyə ətrafında kütləvi qırğın və qarətlər törədilmişdi. Məmlük salnaməçilərinin verdiyi məlumata görə, öldürülənlərin sayı 200 min nəfərdən çox idi.    

Suriya üzərində Məmlük hakimiyyətini bərqərar edən Ayn-Calut zəfəri ilə “müqəddəs xristian torpaqları” müsəlman çənbərinə düşmüşdü. 1263-cü ildə Baybars mövqeyini möhkəmləndirmək üçün ordusunu Galiçyaya yerləşdirmiş, oradakı Nasıra və Doğuş kilsələrini yıxmışdı. 1264-cü ildə tatarların ovsununa qapılıb onlara kor-koranə itaət göstərən Kilikiya ermənilərinə qarşı cihad elan etmiş, 1266-cı ildə bu kiçik dövləti məmlük tabeçiliyinə keçmək məcburiyyətində qoymuşdu. 1265-ci ilin mart və aprel aylarında cəngavər birlikləri ilə qarşılaşaraq Kayzeriyyə, Hayfa və Arzuf şəhərlərini təslim almış, 1266-cı ildə Safet və Remla qalalarını ələ keçirmiş, 1267-ci ildə Tiberiya və Akkanı yağmalamış, böyük qənimət götürmüşdü.

1268-ci ildə inadlı hücumlardan sonra Antakya və Saydanın cənubundakı torpaqları da ilhaq edən Baybarsın 1271-ci ildə Trablus qraflığına səfəri xaçlılar üçün əsl fəlakət oldu. Bəyaz qala, Safita, Hüsnül-Əkrad və Akkanın şimal-şərqindəki Hüsnül-Karin qalaları işğal edildi, bu qalalardakı Tevton ordeni cəngavərləri hamılıqla məhv edilmək təhlükəsi ilə üzləşdi. Yalnız İngiltərə kralı III Henrinin oğlu Edvardın yardıma gəlməsi və hər şeyin bitdiyini görüb danışıqlara başlaması onları xilas etdi. İmzalanan atəşkəs andlaşması ilə franklar əllərində qalan ərazilərlə kifayətlənməyə məcbur oldular. Beləliklə, xaçlıların 5 il (1265-1270) hazırlaşdıqları VIII Səlib yürüşünün də taleyi həll edildi. Amma Edvardın səyləri latınların Yaxın Şərqdəki mövcudluğunu daha bir neçə il uzatdı. (J.P.Ru)

Xaçlıların son qüvvələri də Sultan Kalavun (1279-1290) və onun oğlu Xəlil (1290-1293) tərəfindən ortadan qaldırıldı. Kalavun 1287-ci ilin aprelində Antakya knyazlığından qalma sonuncu şəhər olan Lazkiyəni ələ keçirəndə Trablusda VII Boemond qəfil ölmüş, qraflıqda parçalanma və qarışıqlıq başlamışdı. Siyasi qruplardan birinin dəstək istəməsi “Latın krallığının ən gözəl şəhərlərindən biri olan Trablus” (J.P.Ru) üzərinə hücuma keçmək üçün Kalavunun əlinə bəhanə verdi. 1289-cu ilin yazında 40 min süvari və 100 min piyada ilə şəhəri mühasirə edən Məmlük sultanı az bir vaxtda Trablusu ələ keçirdi. Bir müddət sonra xaçlılar bu qraflığa bağlı olan Beyrut və Cəbəli də boşaltdılar və müsəlmanlar bu şəhərləri də tutdular. Kalavun xaçlılarla Akkadakı Trablus qraflığının ləğv edilməsinə dair  andlaşma imzaladısa da, İtaliyadan gələn bir səlib qrupunun dinc əhaliyə və tacirlərə hücum çəkməsi barışığı pozdu.

J.P. Runun yazdığına görə, “1290-cı ildə franklar və hardasa, ətraf bölgələrdə olan bütün italyanlar Trablusun intiqamını almaq üçün Akka bazarında böyük bir qırğın gerçəkləşdirirlər”. Kalavun Akkaya fəth səfərinə yola çıxmaq ərəfəsində qəfildən ölür. Oğlu Xəlil taxta oturan kimi 60 min süvaridən, 160 min piyadadan ibarət ordusu ilə Akka üzərinə yürüşə çıxır. Suriyadakı bütün xaçlı qüvvələri, habelə dənizdən italyan donanması, ümumilikdə 30-40 minlik bir qoşun Akkanın müdafiəsi üçün səfərbər edilir. Mühasirə və şiddətli döyüşlər ay yarım sürür və sonda taktiki və psixoloji üstünlüyə malik məmlük ordusu şəhəri zəbt edir. Akkanın alınması ilə səlibçilərin “müqəddəs torpaqlar”dakı macərası başa çatır. Sur, Sayda, Antartus və onların əlində qalan digər kiçik qalalar da bir-birinin ardınca təslim alınır. “Franklar Kiprə çəkilirlər. Bəziləri 1302-ci ilə qədər Tarsusun qarşısındakı Arvad (Arwad) adasında qalırlar. Ancaq Səlib yürüşləri artıq sona çatmışdır”. (J.P.Ru)

Xaçlıların son istinadgahları olan Suriyadan çıxarılması, əlbəttə, Məmlük dövlətinin tarixi nailiyyətidir. Bu qələbədən, şübhəsiz ki, ərəb mənşəli bütün müsəlmanlara pay düşür. Amma Səlib yürüşlərinin lap əvvəlindən xaçlı qüvvələrinə qarşı mətanətlə sinə gərən türklərin, xüsusilə də oğuz-türkmənlərin misilsiz xidmətləri ayrıca qeyd olunmalıdır. K.Y.Kopramanın təbirincə desək, “Bu, bir bayraq yarışıdır. Türkiyə Səlcuqiləri ilə başlayır, atabəylərlə davam edir, Eyyubilər irəli aparır və Məmlüklər tamamlayırlar”.

Türklərin Məmlük dövləti tarixində oynadıqları mərkəzi rolu göstərən bir çox əlamətləri yuxarıda qeyd etdik. Səlib yürüşçülərinə qarşı uzunmüddətli mübarizə dövründə türk əsilli bir çox etnik qruplar məmlük ordusunun tərkibində ciddi inteqrasiya prosesi keçirir, türk kimliyi altında birləşir, qaynayıb-qarışırlar. Bu, bir mənada Çingizxan onluqlarını (yüzlüklərini, minliklərini, tümənlərini) xatırladır. Amma monqol tipində sosial-siyasi inkişaf tayfalaşma istiqamətində, Məmlük tipində isə vahid türk şüuruna yiyələnmə istiqamətində gedir. Yuxarıda Baybarsın 1277-ci ildə Anadolu Səlcuqiləri (əslində, İlxanilər) üzərinə səfərini, Elbistan döyüşünü xatırlatdıq. Məmlük qoşunu geri qayıtdıqdan sonra döyüş meydanına gələn monqol xanı Abaka burada çox maraqlı bir mənzərə ilə qarşılaşmışdı. Əslində formal olaraq Anadolu Səlcuqiləri dövləti İlxanilərin vassalı sayılırdı, döyüş də onun ərazisində getmişdi, şübhə yoxdur ki, məmlüklərə qarşı səlcuqi əskərləri də vuruşmuşdular. Lakin döyüş meydanı monqol cəsədləri ilə dolu olsa da, ölənlərin arasında türklərin sayı cüzi idi. Bu isə məmlüklərin rəqibləri ilə vuruşarkən hədəfə səlcuqiləri deyil, monqolları aldığını göstərir, türklərlə məmlüklərin bir olduğuna dəlalət edirdi. Abaka xanı özündən çıxaran, Anadolunun viran qoyulmasını, türkmənlərin qılıncdan keçirilməsini əmr verməyə sövq edən də elə bu idi.  Yeri gəlmişkən, məmlüklərin türk olduğunu qeyd-şərtsiz qəbul edən Qərb tədqiqatçıları bunun isbatı kimi ilk baxışda nəzərə çarpmayan faktları belə önə sürürlər. Misal üçün, Baybarsın adına (Bay Bars, yəni ulu bars) xüsusi diqqət yetirən J.P.Runun fikrincə, “Bir Məmlük sultanının heyvan adı daşıması, türklərin totem və paratotem adətlərinin XIII əsrdə Misirdə hələ unudulmadığına dəlalət edir. Baybarsın qoydurduğu abidələrdə də əsasən vəhşi heyvan, özəlliklə də bars fiqurundan bol-bol istifadə olunmuşdur”.

Bəhri məmlüklərinin türklük şüurunu mənimsəmələri və özlərini onlarla eyni bir hərbi-siyasi vahidin fərdləri kimi dərk etmələri bürci məmlüklərinin meydana çıxmasından sonra daha da qüvvətlənir. Məlum olduğu kimi, Sultan Kalavun monqol və səlibçilərə qarşı planlarını həyata keçirmək, eləcə də öz hakimiyyətini möhkəmləndirmək məqsədi ilə nüvəsi çərkəzlərdən ibarət olan yeni bir məmlük qrupu yaratmışdı. Onun fikrincə, bəhri məmlükləri artıq siyasi proseslərə qarışmış, açıq və ya gizli şəkildə müxtəlif güc qruplarına qoşulmuşdular. Digər tərəfdən türklər, demək olar, elliklə İslamı qəbul etdikləri üçün qul bazarlarında əvvəlki kütləviliklə alınıb-satılmırdılar. Kalavun 1281-ci ildən etibarən çox sayda çərkəz məmlükü almış, onları Qəl`ətül-Cəbəldəki sarayının bürclərinə yerləşdirmişdi. Buna görə də yeni qrupu “əl-məmalik əl bürciyyə” (bürcü məmlükləri), yaxud “əl-məmalik əl-çərakisə” (çərkəz məmlükləri) adlandırırdılar. Kalavunun dövründə bürci məmlüklərinin sayı 3 mini keçmişdi. Onun oğulları da bu işi davam etdirmiş, eyni zamanda bürciləri digər məmlük qruplarından və xalqdan təcrid olunmuş şəkildə saxlamışdılar. Belə ki, bürcilərə ilk dəfə (gecələməmək şərti ilə!) Qahirəyə enmək izninin verilməsi Xəlilin səltənəti dövrünə təsadüf etmişdir. Bürcilərin ilk siyasi əməliyyatı da Xəlili öldürən Baydaranın qətlə yetirilməsi olmuşdur. Az sonra hakimiyyətə gələn Əl-Məlikün-Nasir Məhəmməd 3-cü səltənəti dövründə (1315-ci ildə) əhalinin siyahıya alınmasını həyata keçirmiş, bu tədbirdən istifadə edərək “çərkəzlərin sayını azaltmışdır”. Ş.Tekindağın yazdığına görə, “Bundan sonra Misir və Suriyanın bir çox önəmli nöqtələrini əllərinə keçirən Şam və Hələb türkmənləri məmlük əmirləri arasında önəmli mövqelərini bərpa etdilər. Misir-Anadolu münasibətləri yenidən sıxlaşdı, “Ər-Rumi” nisbəsi ilə məşhur olan Kosun, Şeyhun, Altınboğa, Aydoğmuş və Mancaq kimi Anadolu əmirləri ölkənin ictimai həyatında mühüm rol oynamağa başladılar. Bu dövrdə Sultan I Məhəmmədin Anadolu bəylikləri, xüsusilə Qaraman bəyliyi ilə yaxınlaşması türkmən boy və oymaqlarına mənsub qrupların axın-axın Misirə gəlmələrinə rəvac vermişdir”. Bürci məmlükləri də boş oturmur, türklər qarşısında üstünlük qazanmaq üçün birləşir və təşkilatlanırdılar. Əl-Məlikün-Nasir Məhəmmədin taxtda əvəzlənməsi məsələsi ortaya çıxarkən bəhrilər əmir Ketboğanı, bürcilər isə Səncər əş-Şücaini dəstəkləmişdilər. Bürcilər və onları özlərinə alternativ görən bəhrilər arasında mübarizə get-gedə qızışmış, 1382-ci ildə Berkukun taxta çıxarılması ilə bəhri (türk) məmlüklərinin hakimiyyətinə son qoyulmuşdur. Amma bu iki qrupun mübarizəsi bitməmiş, Məmlük dövləti ərazilərinə yayılmış, açıq qarşıdurmalara (misal üçün, 1382-ci ildə Elbistan naibi Altınboğa “hökmdarı çərkəz olan bir dövlətdə yoxam” deyə üsyana qalxmış, 1388-ci ildə məmlük rəislərindən Hələb naibi Yelboğa və Malatya naibi Mintaş birləşərək orduları ilə Qahirəyə yürüş etmişdilər), təxribat və intriqalara səbəb olmuşdur. Ümumiyyətlə, təqribən yüz il ərzində ölkənin siyasi həyatında baş verən üsyan, sui-qəsd, itaətsizlik və qəsdlərdə bəhrilərlə bürcilərin mübarizəsinin izlərini görmək olar.

Məmlüklər dövləti və türkmənlər mövzusundan bəhs edərkən Suriyanın şimalında, Anadolunun cənubunda və cənub-şərqində yaşayan türkmən obalarından (bəzən bəyliklər də qurmuşlar) ayrıca söz açmalıyıq. Onlar dövlət üçün müstəsna önəm daşımışdır,- desək, yanılmarıq. Məmlüklər üçün XV əsrin ən başlıca siyasi hadisəsi kimi tarixçilərin məhz türkmən üsyanlarını göstərməsi təsadüfi sayılmamalıdır. K.Y.Kopramandan gətirdiyimiz aşağıdakı iqtibas deyilənlərin təsdiqi üçün mühüm arqumentlərlə zəngindir. Alim Sultan Berkukun (vəfatı 1399) səltənəti dövründə baş vermiş bir əhvalatdan bəhs edir. Şərq ölkələrindən birinin hökmdarı elçisi ilə Berkuka məktub göndərib onu təhdid etmişdi. Sultan öz vəzirinə həmin məktuba tutarlı bir cavab hazırlamağı tapşırır. Vəzir Məmlük dövlətinin hərbi gücünü nümayiş etdirmək üçün hesablamalar aparmaq istəyir və bu işə dövlətin bel sütununu təşkil edən məmlüklərdən başlayır. Korpaman vəzirin hesablamalarını belə təsvir edir: “73 min məktəb keçmiş, təlim görmüş, peşəkar məmlük əskəri vardı. Sonra ərəb əşirətlərinin yardımçı birliklərini sayıb tökür- ta 500 nəfər çıxaran əşirətlərə qədər. Ondan sonra Qəzzadan Diyarbəkrə qədər uzanan bölgədə yaşayan türkmənləri sayır. Bunlar daha çox boy bəylərinin adı ilə xatırlanır: Qutlubəy oğulları və ya Qutbəyoğulları, Körəkoğulları, Saqqalsızoğulları, Dülqədiroğulları (Üçoklu türkmənlərin siyasi bir dövlət qurmuş ən güclü birliyi, Maraş-Elbistan bölgəsində), Ramazanoğulları (Çukurobada), Özəroğulları, Bəydililər, Doğançıoğulları, Bozçalılar, Maraşlılar, əl-İraqiyyə, Üçoklular, Bozoklular, İnallular... Bütün bunlar bir çox hissələrə ayrılmaqda olub hamısı bir yerdə 180 min atlı əskər çıxartmaqda idilər. Təkrar edirəm, 180 min atlı əskər! Bugün qəbul edilən meyarlara görə, bir süvarinin bir ailəni təmsil etdiyini nəzərə alsaq, bu bölgədə harda isə, bir milyona yaxın mülki əhalinin yaşadığını görürük”. Kazım Yaşar sözünün davamında Məmlüklər dövlətinin türkmən əhalisini belə səciyyələndirir: “Bunlar köçəri, yarımköçəri insanlardır, şəhərlərdə yaşayanı çox azdır. Əksəriyyəti Məmlük dövlətinə asi, zorakılıq qarşısında müti olan, sıx-sıx təzyiq və basqınlara məruz qalan, xüsusən Suriyadakı naiblər tərəfindən zülm görən və tez-tez üsyanlar qaldıran, üzərlərinə göndərilən hərbi birliklər qarşısında dağlara, keçilməz təpələrə çəkilən, vuruşmaqdan mümkün qədər qaçınan, amma nizami birliklər arxalarınca düşərsə, keçidlərdə pusqu qurub onlara böyük zərər verən, onları yağmalayan, özləri də bundan ziyan çəkən insanlardır. Bunlardan siyasi hakimiyyət qurmuş Dülqədiroğulları, Ramazanoğulları və Özəroğullarını istisna edərsək, qalanlarının tamamilə köçəri həyat yaşadıqları aydın olur. Qışda Suriyada, yayda Orta Anadolu yaylasında, bir az sərin yerlərdə qoyun, sığır, keçi saxlayır, ağartı məhsullarını mübadilə etmək yolu ilə dolanır, imkanları əl verməyəndə isə başqa çöl ərazilərində əkilib-biçilən məhsulu yağmalayır, şəhər əhalisinə zərər verəcək bir tərzdə talançılıqla məşğul olur və bu səbəbdən tarixçilər tərəfindən acı bir şəkildə tənqid edilirlər”.                                                               

Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Amma müəllif təqdimatını belə bir ümumiləşdirmə ilə başa çatdırır: “Hasili-kəlam, Türkmənistanda, İranda, Azərbaycanda, Kiprdə, İraqda və Osmanlılar zamanında Balkanlarda yaşayanlar kimi Suriyada da yaşayan türklərin hamısı türkməndir, oğuzdur. Buna şübhə yoxdur”...

N.MUSTAFA

(ardı var)