24 yanvar 2024 23:45
254

Cənubi Qafqaza erməni göz(ü)lüyü ilə baxanlar - ŞƏRH

Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma AŞPA-nın rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir

Vətən müharibəsində qazandığımız Qələbəni özlərinin də məğlubiyyəti kimi qəbul edən ermənipərəst dairələr bu cür rəzilliklərlə, riyakarlıqlarla xalqımızı yolundan döndərməyə çalışsalar da məntiqi nəticə də, mesaj da eyni olacaq: "Dəmir yumruq yerindədir!"

Ötən əsrin sonlarında keçmiş Sovetlər İttifaqında gedən siyasi proseslər nəticəsində müstəqillik qazanan respublikalar kimi Azərbaycan da daxili və xarici siyasətini sərbəst müəyyənləşdirmək hüququ qazandı. Həmin dövrdə Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb edilən, torpaqlarının 20 faizi işğal olunan Azərbaycan ciddi çətinliklərlə üşləşsə də bütün məhrumiyyətlər xalqın birliyi və həmrəyliyi ilə aradan qaldırıldı. Respublikada siyasi sabitliyi pozmağa çalışan, suverenliyimizi istəməyən qüvvələr olsa da ən çətin məqamlarda vəziyyətdən çıxış yolları tapan «Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir Prezident kimi mənim siyasətimin ana xəttidir» söyləyən Ulu Öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən cənab İlham Əliyev qətiyyəti, güclü siyasi iradəsi, xalq-iqtidar birliyi ilə ölkəmizə qarşı təxribatların, əsassız ittihamların qarşısını alır.

Avrasiya coğrafiyasının mərkəzində yerləşən, Şərq və Qərb sivilizasiyalarının dialoq platformasına çevrilən ölkəmizin dünyada, bölgədə sülhün, təhlükəsizliyin təminatı naminə göstərdi səylər dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Təmsil olunduğu beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiq Azərbaycanın daxili və xarici siyasətinin dəyişilməz olduğunu əməli fəaliyyəti, üç ildən artıq sədrlik etdiyi Qoşulmama Hərəkatında həyata keçirdiyi yeniliklərlə təsdiqləyən, dünyanın enerji, nəqliyyat xəritələrini təşəbbüsləri ilə şaxələndirən Prezident İlham Əliyev həmkarları arasında da böyük nüfuz qazanıb.

Çox təəssüf ki, uğurlara, yaxşıya mənfur nəzərlərlə baxmaq, gözügötürməzlik hissləri dünya siyasətində də hiss olunur. İkinci Qarabağ müharibəsində Ali Baş Komandan kimi rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin qazandığı Zəfərlə əvəzedilməz lider olduğunu təsdiq edən Prezident İlham Əliyevə, Azərbaycana olan qısqanclıq daha da artıb. Torpaqlarımız işğal altında qaldığı 30 ildə təcavüzkar Ermənistana dəstəklərini gorbagor olmuş «status-kvo»nu saxlamaqla, «tərəflər arasında tarazlaşdırma siyasəti» yeritməklə rəsmi İrəvana havadarlıq edənləri «Bunu necə tarazlaşdırmaq olar? Bizim torpaqlarımız işğal edilib, daş-daş üstə qalmayıb. Əlbəttə ki, bu, riyakarlıqdır, dözülməz bir yanaşmadır. Bir daha demək istəyirəm ki, bizimlə məntiqi nöqteyi-nəzərdən mübahisə etmək mümkün deyildir. Çünki biz həqiqəti deyirik və bu həqiqət bəzilərinin xoşuna gəlmir. Bu, onların işidir. Amma biz həqiqəti deyirik. Biz istər Qarabağ məsələsi ilə, istər digər məsələlərlə, istər daxildəki vəziyyətlə, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı həqiqəti deyirik. Həqiqəti inkar etmək mümkün deyildir. Onların arxasında dayanan erməni lobbisidir. Belələri Avropa Şurasında daha çoxdur. Son vaxtlar bizə qarşı aparılan kampaniyalar, qarayaxma cəhdləri, qara piar kampaniyaları Azərbaycan ictimaiyyətini narahat edir. Nə üçün biz yenə də Avropa siyasətimizi prioritet kimi hələ ki, xarici siyasət prioritetləri sırasında saxlayırıq?! Mən həmişə deyirəm ki, biz öz hədəfimizə doğru getməliyik və gedirik. Əgər biz oradan-buradan ayağımıza dolaşmaq istəyənlərə fikir versək hesab edirəm ki, bu, düzgün olmaz. Çünki mahiyyət etibarilə bu gün bizim Avropa ölkələri ilə çox möhkəm və sağlam ikitərəfli münasibətlərimiz vardır» sözləri ilə ciddi tənqid edən Prezident İlham Əliyev artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunu «təqaüdə» göndərdiyi kimi, Avropa təsisatlarına da sinifdə qaldıqları üçün «qeyri-kafi» qiyməti yazdı.

«Qarabağ Azərbaycan ərazisidir və onu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb» sözlərinə işğalçı ölkənin baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını əlavə edən Prezident İlham Əliyev bildirir ki, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur: «Düzdür, öz xoşu ilə bunu etməyib, «dəmir yumruq» hesabına bunu etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər? Hansı dövlət atributları ola bilər? Hansı seçkilər ola bilər?»

Vətən müharibəsindən sonra Qarabağda yüksək peşəkarlıqla, dəqiqliklə antiterror tədbirlərinin mülki əhaliyə, infrastruktura heç bir ziyan vurulmadan aparılması, Xankəndini könüllü tərk edən ermənilərin Laçın sərhəd- buraxılış məntəqəsindən heç bir maneə olmadan keçmələri üçün şəraitin yaradılması Azərbaycanın humanitar siyasətinin bariz nümunəsi idi. Qondarma, «DQR»ın kriminal xunta rejiminin cinayətkar başçılarının həbsi zamanı da insanlıq və beynəlxalq hüquq normalarına tam əməl edildi. Artıq tarixin zibilliyinə atılmış separatçı «Dağlıq Qarabağ respublikası»nın cinayətkar, Azərbaycanın təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunan kriminal başçılarının layiqli cəzalar alacaqlarını bildirən Prezident İlham Əliyev Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamaq istəyənlərin rahatlığı və təhlükəsizliyi üçün bütün tədbirlərini görüləcəyini də bildirir.

Ermənistandan vasitə kimi istifadə edərək müxtəlif bəhanələrlə Azərbaycan torpaqlarının daşnak tör-töküntülərinin işğalından azad olunmasını 30 il gecikdirən ermənipərəst dairələr son günlərdə yenidən fəallaşıblar. ABŞ, Fransa, Almaniya, Avropa İttifaqı, Avropa Şurası «Antanta» formulu kimi birləşərək Azərbaycana şər-şamatalarını tarixi saxtalaşdıran tələblər əsasında «yeniləyirlər.»

«Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər.

Cənubi Qafqaz əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olub. Biz tələb edirik: «Yetər artıq!» söyləyən Prezident İlham Əliyev Avropa təsisatlarının bölgəyə müdaxilələrinin, qəbul olunan qətnamələrin Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir göstərməyəcəyini qətiyyətlə bildirir.

Sülh sazişi ilə bağlı məsələlərin Azərbaycanla Ermənistan arasında həllini ən optimal variant adlandıran cənab İlham Əliyev Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq naminə birgə işləməyə başlayacaqları günün uzaqda olmadığını diqqətə çatdırır.

«Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, «dəmir yumruq» yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz!» kimi çağırışları ilə qərəzli qüvvələrə sərt mesajını çatdıran Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq səviyyədə dəstəklənən diplomatiyası ilə müqayisədə bu cür sərsəmləmələri sadəlövhlük, siyasi alver ticarəti adlandırır. Cənubi Qafqazda baş verən hadisələrdən xəbərsiz «siyasətçiləri», «parlamentariləri» ədalətə çağırır.

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, ermənipərəst Cozep Borrelin mətbuat katibi Peter Stanonun ölkəmizə qarşı əsassız bəyanatı, təmsil etdiyi qurumun guya Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozması ilə bağlı çirkin açıqlaması riyakarlıqdır. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun da eyni nəqarəti ifa etməsi «diplomat» adına ləkədir. Beynəlxalq qanunlardan xəbərsiz ermənipərəstlərin rəzil açıqlamaları erməni xörəyini Avropa qaşığı ilə yemək vərdişinin davamıdır.

«Timsahların göz yaşlarının axıdıldığı», iclas salonlarında belə erməni konyakının baş gicəlləndirən iyinin duyulduğu, Fransa Prezidenti Emmanuel Makronun Yelisey Sarayının kirayəçisi olan AŞPA-nın rəsmiləri, klonlaşdırılan parlamentarlar dünya siyasətinə erməni göz(ü)lüyü ilə baxırlar. Qanunlar qəbul etmək səlahiyyətinə sahib olmadığı halda varlığını əsassız bəyanatları, rəzillikləri ilə diqqətə çatdırmağa çalışan AŞPAçıların qurumun qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqlənməməsinin heç bir əsası olmasa da, səbəbi var.

6 iyul 2023-cü ildə Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində «Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru» adlı konfransın iştirakçıları tərəfindən yaradılan Bakı Təşəbbüs Qrupu (BTQ) Makrona ciddi zərbə oldu. Qrupun təşkilatçılığı ilə keçirilən «Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik» adlı, 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin Korsika təmsilçilərinin də iştirak etdikləri beynəlxalq konfrans XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək oldu.

Bu baxımdan Qoşulmama Hərəkatı sərçivəsində Fransanın neokolonist siyasətini ciddi tənqid, Makronun xəfiyyə sistemini ifşa edən Azərbaycana qarşı rəsmi Parisin Senatı tərəfindən qərəzli qətnamələrin qəbulu gözlənilən idi. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin kəskinləşdiyi bir məqamda AŞPA-nın riyakar qərarı, Hayastanın işğalçılıq siyasətinin dəstəklənməsi, erməni faşizminin çiçəklənməsi üçün açılan "oksigen yastığı"dır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bu vəziyyətə etiraz edərək bəyanat yayıb. Qeyd edilib ki, beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir. Qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

İllərdən bəri üzvü olduğu, Ermənistandan fərqli olaraq təmsil olunduğu beynəlxalq təşkilatlarda üzərinə düşən bütün öhdəliklərə qanunlar çərçivəsində əməl edən Azərbaycanın haqlı tələblərinə həmişə ikili standartlardan yanaşan korrupsiyalaşmış, demokratik dəyərlərini, siyasi mahiyyətlərini itirmiş Avropa İttifaqı kimi, Avropa Şurası, digər Avropa təsisatları islamofob qüvvələrin, erməni lobbisinin oyuncağına çevrilib. Demokratik islahatları çoxdan unudan Qərbin Azərbaycandan ermənilərin «təhlükəsizliyi və muxtariyyat hüquqları”nın qorunması tələbinin heç bir əsası yoxdur. Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaları, hüquqlarının bərpası ilə bağlı fikirləşmək belə istəməyən başabəla təşkilatların Azərbaycanla milli maraqlarımıza zidd «imtiyaz» dili ilə danışmaq haqları yoxdur.

Torpaqlarımızın 30 il işğal altında qaldığı müddətdə təcavüzkar Ermənistanı cəzalandırmağı «məsləhət görməyən» Aİ, AŞPA, Fransa, Almaniya, ABŞ unutmasınlar ki, Azərbaycanın çevik, dinamik və stabil xarici siyasəti qərəzli dairələrin qəbul etdikləri kağız parçası olan qətnamələrdən qat-qat dəyərli, etibarlı, demokratik, beynəlxalq hüquq normalarına uyğundur.

«Əgər əvvəllər kimsə hesab edirdi ki, Azərbaycana təzyiq etmək, hansısa məsələnin həllinə təsir etmək olar, hesab edirəm ki, ölkələrin, xarici beynəlxalq qurumların əksəriyyəti dərk edir ki, bizimlə diktat dili ilə danışmaq mümkün deyil» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, belə səylər əbəsdir. Belə cəsarətli siyasət xalqın rəhbərinə inamın, ölkəmizin heç kimdən asılı olmaması reallığının, lider qətiyyətinin ifadəsidir. Heç kim Xankəndidə Dövlət Bayrağımızın dalğalanması ilə suverenliyini tam təmin edən Azərbaycanı doğru yolundan döndərə, bizimlə təhdid dili ilə danışa, hədə-qorxu gələ bilməz. Bu əminliyin səbəbi isə haqlı olmağımızdır.

İllərdən bəri Azərbaycanı milli maraqlara, dövlətçilik mənafeyinə xidmət edən siyasətindən çəkindirmək üçün cəhdlər edib, təzyiqlər göstərənlər heç vaxt istəklərinə nail olmamışlar. Vətən müharibəsində qazandığımız Qələbəni özlərinin də məğlubiyyəti kimi qəbul edən ermənipərəst dairələr bu cür rəzilliklərlə, riyakarlıqlarla xalqımızı yolundan döndərməyə çalışsalar da məntiqi nəticə də, mesaj da eyni olacaq: «Dəmir yumruq yerindədir!»

Ölkəmizin enerji ehtiyatlarından asılı olsalar belə Ermənistana kömək bəhanəsi ilə Azərbaycana təzyiq göstərməyə çalışan «avropalı demokratların» ədalətə baxış prinsiplərinin əsl adı nankorluqdur. Azərbaycana yersiz və əsassız təzyiq etmək istəyənlər nə qədər ki, gec deyil, bəd əməllərindən əl çəkməlidirlər. Əks təqdirdə uduzan yenə də onlar olacaq.

Xuraman İsmayılqızı, "İki sahil"