25 yanvar 2024 01:35
262

Ac və yoxsul haylar çıxış yolunu xarici ölkələrə qaçmaqda görürlər

Bu gün Ermənistanın düşdüyü mürəkkəb labirintdən çıxması üçün bir yolu var. Bu, qalib Azərbaycanın haqlı və ədalətli şərtləri ilə razılaşaraq qısa müddətdə sülh sazişini imzalamaqdır. Eyni zamanda bu, hayların indiki təcrid vəziyyətindən xilas olub dinc inkişaf mərhələsinə keçid edə bilmələri üçün mütləqdir. Bundan başqa, hazırda geopolitik proseslər də tamamilə Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhinə işləyir.

Bəli, reallığı bir az ağılla düşünən haylar birmənalı şəkildə etiraf edirlər ki, ölkələri üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından birdəfəlik  əl çəkmək, Zəngəzur dəhlizini açmaq, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmək və bunun nəticəsində yaranacaq yeni iqtisadi, ticarət, tranzit imkanlarından səmərəli istifadə etməkdir.

Bu isə o deməkdir ki, Ermənistanın da yaxın gələcəkdə Azərbaycan və Gürcüstan kimi beynəlxalq nəqliyyat-logistika  mərkəzinə çevrilmək imkanları var. Artıq haylar yaxşı anlayırlar ki, hər il diasporun inanə şəklində verdiyi  30-40 milyon dollarla yaşamaq qeyri- mümkündür.

Bu günkü reallıq belədir ki, Ermənistanın İkinci Qarabağ savaşında məğlubiyyətindən xeyli vaxt keçsə də bu ölkə hələ özünə gəlmək iqtidarında deyil və sosial-iqtisadi, hərbi-siyasi böhran davam etməkdədir. Nəticədə Ermənistan vətəndaşlarında öz ölkəsinə və hökumətinə qarşı ciddi inamsızlıq hökm sürür. Hətta Ermənistan rəhbərliyi də anlayır ki, bu inamsızlığın qarşısını almaq üçün həm diplomatik, həm də iqtisadi sahədə ciddi uğurlar qazanmalıdır. Ona görə də xarici havadarlarına, ermənipərəst ölkə başçılarına güvənərək onlardan dəstək almaq isə son çarədir.

Lakin bu istiqamətdə də dəstəkdən məhrum olan Nikol Paşinyan hakimiyyəti ölkəsində tamamilə nüfuzdan düşüb. Yəni, bu gün lider kasadlığı və səfil həyat hayları ölkələrindən kütləvi köç etməyə məcbur edən digər amildir.  Ermənistan Dövlət Statistika Agentliyinin məlumatına görə, son iki ildə ölkəni birdəfəlik tərk edənlərin sayı 27 min nəfərdən çox olub. Eyni zamanda açıqlamada bildirilir ki,  2021 -2023-cü illərdə ölkə vətəndaşlarının hər üç nəfərindən biri yoxsuldur. Buna görə kasıblar ölkə əhalisinin 30 faizini təşkil edir ki, onlardan 1, 8 faizi çox yoxsul, 8 faizi olduqca yoxsuldur. Ölkə üzrə yoxsulların sayı isə təxminən 900 min nəfərdir.

Erməni iqtisadçıların fikrincə, yoxsulluğun qarşısının alınması üçün 64.2 milyard dram (130.5 milyon dollar) lazımdır ki, bu da ÜDM-in 1.2 faizini təşkil edir. Ermənistan kimi kiçik və kasıb ölkə üçün bu, olduqca böyük rəqəmdir. Qeyd edək ki,  Ermənistanın 2014-2025-ci illər üçün Strateji inkişaf perspektivi proqramında hökumət yoxsulluq həddini 24 faizə endirməyi planlaşdırsa da, mövcud iqtisadi durum bunun mümkün olmayacağını göstərir.

Ermənistandakı iqtisadi və sosial iflasın digər göstəricisi isə ölkənin xarici borcunun davamlı olaraq artmasıdır. Hazırda bu ölkənin dövlət borcu  7 milyard dollardan çoxdur. Erməni iqtisadçılar həyəcan təbili çalaraq xarici borclanmanın artıq risk həddini keçdiyini bildirirlər. Ermənistanın tanınmış iqtisadçıları da etiraf ediblər ki, ötən illər ərzində alınan kreditlər ölkənin heç bir sahəsində inkişafa təsir göstərməyib.

Rəqəmlər və faktlardan da göründüyü kimi, Azərbaycana qarşı  revanşist hisslərlə yaşayan Ermənistanın bundan sonra da heç bir inkişaf perspektivi yoxdur. Bu, bir reallıqdır ki, əgər vəziyyət  bu şəkildə davam etsə Ermənistan bir dövlət kimi iflas olacaqdır.

Elçin Zaman, «İki sahil»