25 yanvar 2024 01:57
313

Qətnamə, yoxsa növbəti gərəksiz kağız parçası?..

Fransa Senatının qəbul etdiyi son “sənəd”də Ermənistanı və Azərbaycanı sülhə səsləyən bir cümlə belə yer almayıb

Rəsmi Paris bir ovuc erməni lobbisinin əlində oyuncağa çevrilib. Həm müharibə, həm də postmüharibə dövründə Azərbaycana qarşı təxribatçı və siyasi reallıqları özündə əks etdirməyən bəyanatlarla və addımlarla yadda qalan Fransa rəhbərliyi, ilk növbədə, Prezident Emmanuel Makron ölkəsini daha da cılızlaşdıran addımlar atmaqda davam edir. Bu ölkə Senatının yanvarın 17-də Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etməsi bunun əyani təzahürüdür. Senat, həmçinin utanıb-qızarmadan artıq gorbagor olmuş "Dağlıq Qarabağ"da hərbi əməliyyat keçirməsi ilə əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb. Sözügedən kağız parçasında ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan tərəfindən həyata keçirilən antiterror tədbirləri “humanitar faciə və əsl etnik təmizləmə” adlandırılır. Ermənistana hərbi dəstək verməyə və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırış edilir.

Şübhəsiz, 2023-cü ilin sentyabr ayında keçirilən antiterror tədbirlərinin hərbi təcavüz kimi qiymətləndirilməsi, eləcə də ermənilərin könüllü surətdə Qarabağı tərk etməsinin etnik təmizləmə və humanitar faciə adlandırılması kimi cəfəng və əsassız iddialar Fransanın regionda qarışıqlıq yaratma cəhdidir. Rəsmi Parisin Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə hüququnun Azərbaycan və Ermənistan arasında sülhə aparan yeganə yol olduğuna dair ictimai rəy formalaşdırması bunu deməyə əsas verir.

Erməni havadarlarına bir daha xatırladılmalıdır ki, əvvəla, Azərbaycan antiterror tədbirlərini beynəlxalq hüquqla tanınmış ərazisində keçirib. Bu zaman hədəf bölgədə yaşayan mülki əhali yox, Ermənistan ordusunun silahlı birləşmələri, hərbi texnika və hərbi infrastrukturu olub. Məqsəd ermənipərəst dairələrini, xüsusilə Fransa rəsmilərinin iddia etdikləri kimi, hansısa “soyqırımı”, “etnik təmizləmə” yox, dünyanın bütün ölkələrinin, o cümlədən Ermənistanın da Azərbaycan ərazisi kimi tanıdığı Qarabağ iqtisadi rayonunda suverenliyi tam təmin etmək idi. Eyni zamanda, erməni əhali bölgədən zor gücünə çıxarılmayıb. Əksinə, onlara qalmaq təklif olunub, reinteqrasiya planı təqdim edilib. Ancaq Fransanın ermənipərəst rəhbərləri özlərini eşitməzliyə vururlar. Bundan əlavə, Qarabağın erməni əhalisi yaşayış yeri seçməkdə sərbəstdir. Onlar istədikləri vaxt geri qayıda, yaxud indi məskunlaşdıqları ərazilərdə qala bilərlər. Azərbaycan dövləti qayıdacaq şəxslərin təhlükəsizliyinə zəmanət verib. Bunun özü də Azərbaycana ünvanlanan “soyqırımı” və “etnik təmizləmə” kimi ittihamların heç bir əsasının olmadığını göstərən mühüm amildir.

Bütün bunların fonunda Fransa Senatının qətnaməsində Ermənistanı və Azərbaycanı sülhə, barışığa səsləyən heç bir cümlə yer almayıb. Qərəzli, birtərəfli və əsassız qətnamə ilə əlaqədar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi 2024-cü il 18 yanvar tarixində Bəyanat qəbul edib. Bəyanatda qeyd edilib ki, son illərdə Fransa Respublikasının siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirmişdir və beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir. Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən bu ölkə parlamentinin hər iki palatasında respublikamız əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər.

Bununla belə, Fransa Senatının son qətnaməsi Ermənistanla Azərbaycan arasında imzalana biləcək yekun sülh sənədinə ciddi zərbədir. Doğrudur, Fransa bunu ilk dəfə etmir. Xatırladaq ki, 2022-ci il noyabrın 15-də Fransa Senatı buna bənzər bir qətnamə qəbul etmişdi. Bu “sənəd”də Azərbaycana sanksiyaların tətbiqi təklif edilmişdi. Fransız senatorlar qəbul etdikləri qətnamədə Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasına və Fransa hökumətini Qarabağ ermənilərinin müstəqilliyini tanımağa çağırmışdı. Qətnamədə, həmçinin Laçın dəhlizi statusunun qorunub saxlanması və bunun üçün təminatlar yaradılması qeyd olunurdu. Kağız parçasından ibarət olan bu qətnamə bir daha Fransanın ermənidən daha çox erməni olmaq missiyasını ifşa etdi. Fransa Senatı Azərbaycan əleyhinə  15 noyabr qətnaməsi ilə kifayətlənməyərək bu ilin 17 yanvarında da növbəti dəfə qətnamə qəbul edirsə, bu, artıq o deməkdir ki, Paris anti-Azərbaycan siyasətini bundan sonra da genişləndirəcək. Fransanın anti-Azərbaycan mövqeyi onun regiondan daha da uzaqlaşmasına xidmət edir. Ona görə ki, indi Cənubi Qafqaza həqiqətləri diktə edən tərəf kimi Azərbaycan liderlik edir və burada Fransanın növbəti anti-Azərbaycan mövqeyi əslində onun son çırpınışlarıdır. Onsuz da dünyada siyasi gücünü itirən rəsmi Paris əlindəki son istifadə etməklə nüfuzunu bərpa etməyə çalışır.

Nigar Orucova, “İki sahil”