25 yanvar 2024 02:15
347

Güclü lider və düşünülmüş siyasət hər bir ölkənin inkişafında əsas amildir

Dövlət başçısı İlham Əliyev bildirir ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi

«Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar. Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir... Sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.» Dövlət başçısı İlham Əliyevin bu fikirləri möhkəm təməl üzərində uğurların davamlılığını təmin edən son 20 ilin aydın mənzərəsini təqdim edir. Cənab İlham Əliyev çıxışlarında daim bu məqamı da xüsusi qeyd edir ki, bütün istiqamətlərdə uğurla inkişaf edirik. İnkişafımızın təməlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik.

1993-2003-cü illərdə bugünümüz və gələcəyimiz üçün möhkəm təməl formalaşıb. Heydər Əliyev yolu bizi 30 il işğal altında qalan torpaqlarımıza qovuşdurdu. Azərbaycan hər zaman dövrün tələblərini özündə əks etdirən inkişaf modeli ilə diqqətdədir. Təbii ki, bu uğur düşünülmüş və gələcəyə hesablanmış siyasətin, böyük səylərin nəticəsidir. Azərbaycan 30 ildən sonra dünyanın diqqətini qalibiyyətinə, tarixi ədaləti bərpa edərək regionda və dünyada yeni reallıqlar yaratmasına yönəltdi. Dövlət başçısı İlham Əliyevin 2021-ci ildə Böyük Qayıdışın təntənəsi kimi dəyərləndirilən Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında söylədiyi bu fikirləri yada salmaq istərdik: «İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.»

Azərbaycan 30 il dünyadan ədalət gözləməklə yanaşı, bütün sahələrdə inkişafa, tərəqqiyə nail oldu. Tarixi Zəfərimiz Azərbaycanın müstəqilliyinin bərpasından ötən dövrün təhlilində və təqdimatında mühüm rol oynadı. Bu reallıq inkaredilməzdir ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən mühüm hadisələr baş verir. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk illərdə yaşanan durum yaddaşlardadır. Ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı xalqda sabaha ümidsizlik yaratmışdı. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyevin xalqın cağırışına səs verməsi, birlik, həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldırdı. Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, Ulu Öndər Heydər Əliyev istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında müstəqil və müasir dövlətin simvolu kimi qalır və qalacaq. O, Azərbaycanın yeni tarixində müstəqil dövlətin əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və inkişaf strategiyasının müəllifidir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və Vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür. Bu fikir aforizmə çevrilib ki, Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli Ulu Öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin əsasını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi Ona nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini təkrarlayan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı: «Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram... Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.» Ulu Öndərin Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində reallaşdırdığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna «yaşıl işıq» yandırdı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın sözü imzası qədər dəyərlidir. Regionda və dünyada yeni reallıqlar yaradan Azərbaycan bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün Ermənistana sülh təklifini edir, yeni əməkdaşlıq formatlarının yaradılması üçün bu mühüm addıma böyük ehtiyacın olduğu bildirilir. Azərbaycan hər zaman olduğu kimi, bu gün də dünyaya sülh, dostluq, əməkdaşlıq çağırışını edir.

Möhtəşəm Qələbəmiz Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların məcmusu, gələcək hədəflərin təqdimatı oldu. 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolu müasir Azərbaycana möhtəşəm uğurlar qazandırır. Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq xalqa çatdıran Ümummilli Lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. «Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir» söyləməklə dünya sivilizasiyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu. Demokratik cəmiyyətdə insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. Bütün prioritetlərin əsasında isə qüdrətli respublikanın inkişaf perspektivləri - düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, çoxmillətli respublika olan Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün Vətən olması və s. kimi biri-birindən məsuliyyətli vəzifələr dayanırdı. Ümummilli Lider düşünülmüş siyasəti ilə bu hədəflərin gerçəkləşməsinə nail oldu. Bu baxımdan cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın son 20 ildə haradan haraya gəlib çıxmasını təhlil edərkən bildirdi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər: «2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu.» 

Bütün fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, Ümummilli Liderin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyev iqtisadi amilə xüsusi önəm verərək digər sahələrin də inkişafı üçün möhkəm təməl yaratdı. Bu siyasətin nəticəsində yeni-yeni hədəflərə nail olmaq üçün səylər göstərir. Məhz bu uğurlar bu gün beynəlxalq aləmdə inkişafın Azərbaycan modelinin mövcudluğunu önə çəkir və öyrənilməsinin vacibliyini şərtləndirir. Təbii ki, bugünümüzü müstəqilliyimizin ilk illərində yaşanan durumla müqayisə etdikdə müqayisəsi mümkün olmayan reallıqların şahidi oluruq. O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri də etiraf edirlər ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan, xalqın dəstəyinə arxalanan xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Prezident İlham Əliyev bildirir: «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»

Son 20 ildə iqtisadi uğurlarımız Azərbaycanın siyasi mövqeyinin möhkəmləndirilməsində öz sözünü deyir. Ölkəmiz etibarlı və arzuolunan tərəfdaş kimi tanınır və nüfuz qazanır. Azərbaycanın enerji dialomatiyasının uğurlarınına qısa baxış keçirsək regional çərçivədə başlanan əməkdaşlığın coğrafiyasının nə qədər genişləndiyinin şahidi olarıq. Hazırkı dövrün əsas çağırışının məhz bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq ölkəmizin bu sahədə mövcud imkanlarının yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açdığını əminliklə qeyd edə bilərik. Azərbaycanın bu ilin dekabrında COP29-a ev sahibliyi bu kimi məqamların təqdimatı olacaq. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik İli» elan edilməsi bu sahədə əməkdaşlığın möhkəmləndirilməsinin əsas çağırışlardan olduğunu, Azərbaycanın sözügedən sahədə zəngin təcrübəyə malik olmasasının göstəricisidir. Bu mötəbər tədbir, həmçinin ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun təqdimatı olacaq. Azərbaycan ilk dəfə deyil belə beynəlxalq əhəmiyyət kəsb edən tədbirə ev sahibliyi edir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, paytaxt Bakımızla yanaşı, bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş torpaqlarımız beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Şuşa ötən il türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. 2023-cü il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa–Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi oldu. 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəinki Azərbaycan, bütövlükdə türk dövlətləri və xalqları üçün qürur mənbəyinə çevrildi, eyni zamanda, türk birliyinin daha da güclənməsinə təkan verdi. 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın qədim Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürüldü və “Şuşa-2024-cü il üçün İslam dünyasının paytaxtı” elan olundu. Cari il çərçivəsində Şuşada İslam dünyasının Mədəniyyət Forumu təşkil ediləcək. İslam ölkələrində «Şuşa günləri» təşkil olunacaq. İslam ölkələrinin mədəniyyət paytaxtlarının «Şuşa şəbəkəsi» yaradılacaq. Bu ilin may ayında «Şuşa- İslam dünyasının mədəniyyət paytaxtı 2024» ilinin rəsmi açılışı, dekabr ayında isə bağlanış mərasimi keçiriləcək. Bütün bunlar Nazirlər Kabinetinin Sərəncamı ilə təsliqlənən Tədbirlər Planında əksini tapıb.

Son 20 ildə türk dünyasının birliyi dövlətimizin siyasətində prioritet məsələlərdəndir. Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında da Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolu olmuşdur. 2019-cu ildə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bununla yanaşı, üzvlərinin sayına görə BMT-dən sonra dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının oktyabrın 25-26-da Bakıda keçirilən XVIII Zirvə görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Zirvə görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən mühüm hadisə oldu. Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur. Bununla bərabər quruma üzv dövlətlərin yekdil qərarı əsasında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddəti bir il uzadıldı. Ölkəmizin təkcə ötən il ev sahibliyi etdiyi, yaxud qatıldığı tədbirlərin say tərkibinə diqqət yetirməklə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu daha aydın şəkildə görə bilərik.

Dövlət başçısı İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş, xüsusilə son 20 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı.

Son illərdə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi dövlət başçısı İlham Əliyevin yürütdüyü ölkəmizin milli maraqlarına söykənən xarici siyasətinin nəticəsi idi. Ümumiyyətlə, Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində beynəlxalq təşkilatların sənədləri əsas hüquqi baza kimi tarixi Qələbəni şərtləndirən amillərdən biri oldu. Prezident İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları tutarlı faktlarla zənginliyi ilə diqqətdə oldu. Eyni zamanda, 2020-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyun ayında Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra reallıqda öz əksini tapdı. Bu deviz 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Cənab İlham Əliyevin reallığı özündə əks etdirən bu çağırışı Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidən səsləndirdiyi «Qarabağ Ermənistandır və nöqtə» sərsəm bəyanatına tutarlı cavab oldu. Bir daha sübut olundu ki, tarix fərziyyələrə deyil, faktlara əsaslanır.

Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə də 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbə oldu. Həmin müsahibələrinin hər birində Ermənistanın Azərbaycana hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb etdi. Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, Ermənistanın uzun illər yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin Zəfər çalmasını şərtləndirdi.

Azərbaycanın həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyü 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə, ondan üç il sonra həyata keçirilən birgünlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunmasına gətirib çıxardı. Artıq işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində bildirmişdir ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib: «Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir.»

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxış edərək bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsini qələbəyə aparan əsas amillər kimi xarakterizə edən Ali Baş Komandan bir daha diqqətə çatdırdı ki, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını və bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident İlham Əliyev bildirdi ki, XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin. 2023-cü il dekabrın 21-də daha bir tarixi hadisəni yaşadıq. Xankəndi şəhər stadionunda keçirilən futbol oyunundan əvvəl çıxış edən Prezident İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq: “Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”

Bu, Heydər Əliyev yolunun qısa təqdimatıdır. Son 20 ildə yaradılan möhkəm təməl qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində stimulverici amildir. 20 il zaman baxımından qısa olsa da əsrə bərabər dövr kimi xarakterizə edilir. Buna əsas verən uğurlarımzın miqyasının genişliyi, ən əsası 30 ildən sonra ərazi bütövlüyümüzün və tariximizin bərpa olunması, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın bu torpaqlarda qürurla dalğalanmasıdır.

Yeganə Əliyeva, «İki sahil»