25 yanvar 2024 02:58
276

Vasitədən vasitəçi olmaz

Aİ strukturlarında faktların açıq-aşkar təhrif olunması, ikili standart yanaşması adi hala çevrilib

Azərbaycan tam şəkildə müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir. Demokratiya və iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın dünya birliyində nüfuzunun artdığı bir vaxtda bir sıra qərəzli beynəlxalq təşkilatlar ölkəmiz haqqında müxtəlif dezinformasiyalar, qeyri-ciddi məlumatlar yaymaqda davam edirlər. Azərbaycanın iqtisadi və siyasi baxımdan güclənməsi, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə ölkəyə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması müəyyən dövlətləri və təşkilatları, xüsusən də ermənipərəst dairələri ciddi narahat edir. Son illər bəzi dövlətlərin və nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm sərgiləmələri belə bir qənaətin formalaşmasına gətirib çıxarıb ki, Avropa məkanında demokratik dəyərlərə “ikili standart” yanaşması getdikcə güclənir. Müasir dövrdə bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin tez-tez şahidi oluruq.  Xüsusən də Ermənistanı açıq şəkildə müdafiə edən dövlətlər ölkəmizə qarşı zaman-zaman qarayaxma kampaniyası aparırlar. Ermənistanın işğalçı olduğunu elə erməni ideoloqları və işğalçı ölkənin rəhbər şəxsləri özləri də zaman-zaman etiraf edib. Ancaq dünyanın ikili standartları işğalçı tərəfin layiqli cavabını almasına imkan verməyib. Erməni yazıçısı Zori Balayan Xocalı dəhşətlərinə həsr etdiyi “Ruhumuzun dirçəlişi” adlı kitabında yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi”.

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir. Bu açıqlamalarla Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübut edir.  Otuz ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktını bir dəfə də dilinə gətirməyən qurumun nümayəndəsinin Azərbaycana qarşı davamlı olaraq qərəzli mövqedən çıxış etməsi təəssüf doğurur. Belə bir şəraitdə Aİ-nin Azərbaycan ilə Ermənistan arasında sülh prosesində vasitəçilik missiyası mümkünsüzdür. Vasitəçi kimi prosesə töhfə vermək istədiyini bəyan edən beynəlxalq təşkilatın nümayəndəsinin tərəflərdən birinə qarşı hədələyici tonda bəyanat verməsi “vasitəçilik” prinsipinin mahiyyəti ilə uzlaşmır. Belə mövqe heç vaxt da qəbul edilə bildməz.

Azərbaycan XİN Yanvarın 22-də Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edərək bildirib ki, Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif olunması Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir.

Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır. Beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır.

Bundan əlavə, Aİ nümayəndəsinin diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə həmrəyliyini ifadə etməsi davam edən hüquqi araşdırma prosesinə açıq müdaxilə olmaqla yanaşı, Azərbaycandan qovulmuş fransız diplomatların qanunsuz hərəkətlərinə haqq qazandırmağa bərabərdir. Belə qərəzli bəyanat, Azərbaycanın Fransadakı diplomatlarına qarşı əsassız tədbirlərə məhəl qoymamaqla yanaşı, diplomatik davranışın bütün qayda və təlimatlarına açıq-aşkar etinasız yanaşan, iş üzrə araşdırma aparmaqdan imtina edən bəzi dövlətlərin bu quruma necə mənfi təsir göstərdiyini nümayiş etdirir.

Müstəqil dövlətlə beynəlxalq təşkilatların əlaqələri əsas etibarı ilə dialoq və məsləhətləşmələr şəklində qurulur. Tənqid, tapşırıqlar vermək, ələlxüsus diktat forması dialoq üçün seçilmiş uğurlu vasitə sayıla bilməz. Çünki, bu, mahiyyət etibarı ilə dövlətin suverenliyi anlayışını şübhə altına alır. Azərbaycan Avropa İttifaqı ilə bir neçə istiqamətdə əməkdaşlıq edir. Ancaq, məlum olduğu kimi, Azərbaycan Avropa İttifaqının və Avropa Parlamentinin üzvü deyil, deməli onların qarşısında üzərində hər hansı öhdəlik yoxdur. Söhbət sırf əməkdaşlıqdan gedir. Əməkdaşlıq isə qarşılıqlı dialoq və məsləhətləşmələr deməkdir.

Şəmsiyyə Əliqızı, “İki sahil”