24 yanvar 2024 00:20
334

Qarabağın tacı dünyaya səs salır

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa bütün türk və İslam dünyası üçün də əziz bir şəhərdir. Bunu qeyd olunan coğrafiyalarda yerləşən dövlətləri birləşdirən beynəlxalq təşkilatların Şuşa ilə bağlı qərarları da təsdiqləyir. Bildiyimiz kimi, ötən ilin 25-26 sentyabr tarixlərində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Qətərin paytaxtı Dohada keçirilən İSESCO-nun İslam Dünyası Mədəniyyət Paytaxtları Proqramında Şuşanın 2024-cü il üçün namizədliyini irəli sürüb. A. Kərimlinin təklifi müsbət qarşılanıb və Şuşa yekdilliklə “İslam dünyasının 2024-cü il üçün mədəniyyət paytaxtı” elan edilib.

Hazırda 2024-cü ildə İslam dünyasının paytaxtı elan edilmiş Qarabağın tacı Şuşa bundan sonra Azərbaycan, İslam, türk mədəniyyətinin inkişafına böyük töhfələr verəcək. Hər birimiz əminik ki, yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək. Artıq bu proses start götürüb.

Ötən ilin 21 noyabr tarixində Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən bu il 23 yanvar tarixində Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib. Belə ki, Baş nazir Əli Əsədov “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

“İslam dünyasının paytaxtı” elan edilmiş Şuşada Zəfər yürüşündən sonra aparılan bərpa işləri məhz dövlət nəzarəti ilə həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən Şuşanın bərpa kontekstində qısa müddət ərzində Vaqifin məqbərəsi açıldı, büstü qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, abidəsi yenidən qoyuldu. Bülbülün ev – muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə dahi şəxsiyyətlərimiz Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri Şuşanın mərkəzi meydanında qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı, Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı da bərpa olundu. Bütün bu mədəni fəaliyyətin bərpasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Qısa bir müddət ərzində Şuşada "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi.

Hazırda Heydər Əliyev Fondu Şuşada bir sıra tarixi mədəniyyət abidələrimizin, o cümlədən məscidlərin bərpa və tikinti işlərini həyata keçirir. Bərpası başa çatmış Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, Mehmandarovların malikanə kompleksi ötən il istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Çöl Qala məscidlərində bərpa işləri və Yeni Şuşa məscidinin tikintisi davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən ən böyük bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər Ağa məscidində aparılır. Aşağı Gövhər Ağa məscidi XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Tarixi mədəniyyət abidəsi olan məscid işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalmışdır. Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparıblar. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Artıq məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib. Məsciddə bərpa-təmir işləri davam edir. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda da məscidlər yenidən qurulur.

Onu da qeyd edək ki, Şuşadakı bütün digər tarix-mədəniyyət abidələrimiz kimi, Qazançı kilsəsi də bərpa edilir, onun XIX əsrdəki ilkin bədii-estetik görkəminə uyğun bərpa edilməsi reallaşdırılır. Bu, həm də bizim tolerantlığımızı bir daha dünyaya göstərir.

İnanırıq ki, ISESCO-nun qərarı bütün müsəlman dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevriləcək, əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə sanballı töhfələr verəcək. Eyni zamanda, Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqlənməsi və bu plan üzrə görüləcək işlər bu unikal şəhərimizi mədəniyyətin, incəsənətin beşiyi kimi dünyaya tanıdacaq.

Nigar Orucova, “İki sahil”