24 yanvar 2024 00:59
312

Qərb təzyiq kampaniyası, təhdid ritorikası

AŞPA-da Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması qərarı, eləcə də Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin ölkəmizə qarşı səsləndirdiyi ittihamlar anti-Azərbaycan kampaniyasının yeni müstəviyə köçürülməsinin əyani təsdiqidir

Azərbaycanın qırx dörd günlük müharibədə tarixi Zəfər qazanaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, Cənubi Qafqazda yeni reallıq yaratması, regionda söz sahibinə çevrilməsi bəzi Qərb dövlətlərinin və beynəlxalq təşkilatların yuxusunu ərşə çəkdi. Buna görə həmin dövlətlər tərəfindən ölkəmizə təzyiqlərə strat verildi. Ancaq deyəsən qərblilər unudurlar ki, müstəqil siyasət yürüdən ölkəmizlə təzyiq dilində danışmaq mümkün deyil və bütün bunlar Azərbaycanda adekvat qarşılanacaq.

Bu, bir gerçəklikdir ki, dünya nizamının yenidən qurulduğu, geosiyasi risklərin artdığı indiki dövrdə qlobal ölçüdə uzaqgörən gedişlərlə müstəqil xarici siyasət yürədən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən Azərbaycana qarşı Qərbin təzyiq kampaniyası, eləcə də təhdid ritorikası yeni müstəviyə köçürülüb. Son günlər, Avropa Şurası Parlament Assambleyasının, eləcə də Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin bu narrativə qoşulması bunun əyani təsdiqidir. Belə ki, bu günlərdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyəti məhdudlaşdırılıb, səsvermə hüququ bloklanıb, üstəlik, mandatının təsdiqlənib-təsdiqlənməməsi ilə bağlı Monitorinq Komitəsinə müraciət edilib. Bu prosedurun təşəbbüskarı AŞPA-dakı sosial-demokratlar qrupunun rəhbəri, Almaniyanın təşkilatdakı nümayəndəliyinin lideri Frank Şvabbedir. Siyasi əxlaqı alver mənbəyinə çevirən Frank Şvabbe həyasızcasına ölkəmizi “Qarabağda insan hüquqlarını kütləvi şəkildə pozmaq”da və bölgədən “erməniləri zorla çıxarmaqda ittiham edib. Həmçinin Azərbaycanın 2023-cü ildə qurumun Laçın dəhlizinə səfərinə və Qarabağdakı vəziyyəti müşahidə etməsinə icazə verilməməsi də bəhanələr sırasında yer alıb.

Təbii ki, bütün bunlar qərəzli, reallıqla heç bir əlaqəsi olmayan əsassız iddialardan başqa bir şey deyil. Əslində bu və bunun kimi həşəmətli parlamentariləri narazı salan Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə AŞPA-nın müşahidəçilər missiyasının dəvət edilməməsidir.

Şübhəsiz, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması qərarı, əslində, Cənubi Qafqazda sülhə və stabilliyə qarşı yönəlmiş bu köhnə “taktika”sı qurumdakı bəzi deputataların etirazına səbəb olub. Məsələn, Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb: “Bu, səhv bir qərardır. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq”. Həmçinin Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Aleksey Qonçarenko bildirib ki, təşkilatda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin mübahisələndirilməsi bu qurumun özü üçün müsbət nəticələr verməyəcək: “Mən şəxsən Assambleyada bu qərarı dəstəkləmədim. Azərbaycana qarşı əsas arqument ölkənin fevralın 7-nə təyin edilmiş prezident seçkilərini müşahidə etmək üçün bu qurumdan missiya dəvət etməməsidir. Vəziyyətin nəticəsini proqnozlaşdırmaq kifayət qədər çətindir. Vəziyyət doğrudan da sadə deyil”.

Bütün bunların fonunda 2024-cü il yanvarın 22-də Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Azərbaycana qarşı əsassız iddialar səsləndirməsi heç də təəccüblü görünmür. Belə ki, o, Aİ xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında iddia edib ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası var. Onun sözlərinə görə, Ermənistanın ərazi bütövlüyünün hər hansı formada pozulması qəbuledilməzdir. Aİ rəsmisi əlavə edib ki, bu, qurumun Azərbaycanla münasibətləri üçün ciddi nəticələrə səbəb olacaq: “Biz razılaşdıq ki, Azərbaycan münasibətləri normallaşdırmaq üçün davamlı sülhə və danışıqlara qayıtmalıdır”.

Birmənalı demək olar ki, bu gün Ermənistanın ərazi bütövlüyü məsələsinə həssaslıqla yanaşan, Aİ və bu qurumda yüksək vəzifə tutan Cozep Borrell kimilərin 30 il ərzində Azərbaycan torpaqlarının erməni işğalı altında qalmasına münasibət bildirməməsi, indi Hayastanın “təəssübünü” çəkməsi məntiqsiz olduğu qədər də əsl riyakarlıq və ikiüzlülük nümunəsdir. Rəsmi Bakı Aİ nümayəndəsinin əsassız iddialarına və ya sayıqlamalarına cavabı gecikməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi ölkəmizin legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika təşkilatla münasibətləri daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir: “Ali nümayəndə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, rəsmi Bakıya qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır. Beynəlxalq ictimaiyyətin İrəvanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, ölkəmiz hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır”.

Təbii ki, Qərbin ölkəmizə təzyiq göstərmək üçün ən çirkin vasitələrə əl atması heç bir məntiqə və ölçüyə uyğun gəlmir. Ona görə də öz qətiyyətli yolundan dönməyən ölkəmiz qərblilərin bu cür ikiüzlü və məkrli siyasəti qarşısında bir daha mübarizlik, əzm və prinsipiallıq nümayiş etdirərək öz qətiyyətli yolundan dönməyəcək. Bu mənada əminliklə demək olar ki, Qərbin Azərbaycana təzyiq mexanizmləri qeyri-effektiv olduğundan heç bir nəticə verməyəcək.

Zahid Rza, “İki sahil”