24 yanvar 2024 01:16
371

Sülhü labirintə salanlar

Ermənistan nə vaxtadək Qərbin çaldığı havaya oynayacaq?..

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa etdi. Ötən il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə bütün ölkə üzrə suverenliyimizə nail olduq. Bəli,  sentyabr əməliyyatı faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün real şərait yaratdı. Məhz bundan sonra bölgədə sülhün bərqərar ola­cağına ümidlər artdı və Azərbaycan bu istiqamətdə addımlarını intensivləşdirdi. Amma Ermənistan hələ də öz ampluasındadır. Doğrudur, təcavüzkar ölkənin rəsmiləri  hərdən sülhdən danışır, hətta sülh müqaviləsini imzalamağa hazır olduqlarını deyirlər. Amma fakt odur ki, bu, heç də səmimilik əlaməti deyil, riyakarlıqdır.

Belə ki,  Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün "real və konkret addımlar atıldığını", parlamentin spikeri Alen Simonyan "ciddi irəliləyişlər qeydə alındığını" xarici işlər naziri Ararat Mirzoyan isə "müəyyən uğurların olduğunu” bildirirlər. Amma bütün bunlar beynəxalq aləmi çaşdırmaqdan başqa bir şey deyil. Çünki təcavüzkar ölkənin rəsmilərinin dedikləri ilə əməlləri əsla üst-üstə düşmür Əgər Ermənistan sülh istəyində səmimi olsaydı, bu istiqamətdə adekvat addımlar atardı. Haylar Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesinin beynəlxalq təminatla müşayiət olunmasını, hansısa ölkənin “moderator”luğunu təkidlə israr etməkdədirlər. Bütün bunlar isə o deməkdir ki, sülh prosesinin uğurlu olması üçün Ermənistan rəsmiləri absurd və təhlükəli oyunlardan hələ ki, əl çəkmək istəmirlər.

Azərbaycan isə Ermənistanla sülh danışıqları prosesinə Qərbin müdaxiləsini istəmir.  Yəni, Qərbin bu prosesdə dominant rola sahib olması ölkəmizin marağına uyğun deyil. Bu, bir həqiqətdir ki, 2020-ci ildən bu günə kimi müxtəlif formatlı danışıqlar aparılsa da, həmin danışıqlar çərçivəsində heç bir nəticə əldə edilməyib. Çünki bütün tərəflərin öz maraqları var. Ermənistan parlamentinin sədri Alen Simonyan da çıxışlarının birində əlavə vasitəçilərin öz maraqlarının olduğunu etiraf etmişdi.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə zəmanət mövzusu da önə çıxıb. Əgər Ermənistanda bu məqsədlə zaminlər institutunun yaradılması təklif olunursa, Azərbaycanda Ermənistanın hüquqi bazasındakı mövcud problemlərə işarə edilir. Çünki Ermənistanın dövlət müstəqilliyi Bəyannaməsində və konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Bu reallıq fonunda Ermənistanın mövcud konstitusiyasının saxlanılması Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi deməkdir. Yəni, qondarma “artsax” ideyasından, eləcə də qondarma “soyqırım” iddialarından rəsmən imtina edilməməsi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında bir əngəldir. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2021-ci ildə bəyan etmişdi ki, Ermənistan konstitusiyanı dəyişdirməli olacaq, çünki orada ərazi iddiaları var. Dövlətimizin başçısı bu fikri o kontekstdə söyləmişdi ki, Ermənistanın konstitusiyası sülhsevər dövlət konstitusiyası deyil, çünki orada qonşulara qarşı mifik ərazi iddiaları var. Doğrudur, dəyişiklik məsələsi gündəmə gəlib. Amma  Paşinyanın qanunverici sənədlərdə  dəqiq nəyi dəyişmək niyyəti də hələ ki, aydın deyil.

Digər tərəfdən, Azərbaycanın uğurlarını həzm edə bilməyən Qərb "sülhpərvər Ermənistan"ın bu kimi oyunlarına, yalanlarına  tam dəstək verməklə, daha doğrusu, rəsmi İrəvanın hansı məsələlərə fokuslanırsa, həmin məqamları gündəmə gətirirməklə sülh məsələsini gündəmdən çıxarmağa cəhdlər göstərir. Elə son günlərdə Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi növbəti bəyanat, həmçinin Avropa İttifaqının (Aİ), Avropa Şurası Parlament Assambleyasının rəsmilərinin açıqlamaları belə fikir söyləməyə əsas verir. Məsələn, yanvarın 22-də Avropa İttifaqının  Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel  Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, ölkəmizə qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdıran sözləri ilə yenidən gündəmə gəlib.

Görünən odur ki, Cənubi Qafqazda möhkəmlənmək  istəyən Qərb, xüsusilə Fransa öz maraqları naminə iki ölkə arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinə imkan vermək istəmir. Təəssüf ki, Hayastan bu adi həqiqəti dərk etməkdən uzaqdır. Necə deyərlər, hələ də Qərbin küyünə getməkdədir. Hətta demək olar ki, bu gün təcavüzkar ölkə öz xarici siyasətini Makrona həvalə edib. Makron isə Ermənistanı sülhə deyil, yeni qarşıdurmalara təhrik edir. Amma ikitərəfli formatda yeni görüşlərin gözlənilməsi, Azərbaycanın sülh istiqamətində ardıcıl addımlar atması müsbət dinamikanın hələ tam iflasa uğramamasından xəbər verir.

Şübhəsiz, əgər tərəflər həqiqətən yaxın gələcəkdə hansısa sənədi imzalamağa yaxınlaşsalar, bu, Azərbaycanın ssenarisi üzrə gerçəkləşəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”