24 yanvar 2024 02:14
318

Ermənistanın qan iyi gələn konstitusiyası

Nikol Paşinyanın ölkəsinin ana yasasını dəyişməyə gücü çatacaqmı?

2018-ci ildə küçədən hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyan çox ciddi dəyişikliklər edəcəyini bəyan etmişdi. O, ilk növbədə hakimiyyətdə olmuş talançı və barbar «Qarabağ klanı» ilə haqq- hesab çəkməyə başladı. Belə ki, keçmiş prezident Robert Koçaryanı korrupsiya və parlament qətliamına görə həbs etdirdi. Az sonra digər eks- prezident Serj Sarkisyan və onun hərbi generalları barədə cinayət işinin açılmasına nail oldu. Hətta generallardan biri həbsxanada gəbərdi. 

Məhz «Qarabağ klanı» və onun tör-töküntüləri  o vaxt Nikol Paşinyana qarşı böyük qüvvə ilə hücuma keçdilər. Hətta Paşinyan əleyhdarları olan «Qarabağ klanı» bu işdə Ermənistandakı Rusiyapərəst qüvvələrdən və Kremldən ciddi dəstək aldılar. Lakin həm Soros fondu, həm də Qərb Nikol Paşinyanın hakimiyyətini qorumağı bacardılar.

İkinci Qarabağ müharibəsində məğlub olaraq kapitulyasiya aktını imzalayan Nikol Paşinyanın bu gün ölkəsində qeytinqi aşağıdır. Lakin Ermənistan cəmiyyətində lider və şəxsiyyət qıtlığı yarandığı üçün hələlik onu əvəzləyəcək ciddi bir siyasətçi də gözə dəymir. Nikolun  «unikallığı» ondadır ki, Ermənistan dövlətinin  atributlarını və konstitusiyasını da dəyişməyə girişib. Məsələn, o, 2021-ci il martın 1-də bəyan edib ki, konstitusiya dəyişikliyi etmək, yarımprezident üsul- idarəsinə qayıtmaq lazımdır. Həmçinin dövlətin atributu sayılan gerbi tənqid edərək onun 1991-ci ildə qurulan respublika ilə heç bir əlaqəsi olmadığını bildirib.

Keçmiş jurnalist, indiki baş nazir hələ hakimiyyətə gəlməzdən əvvəl də bu barədə məqalələrlə çıxışlar edib. O, hakimiyyətə gəldikdən sonra 2020-ci il fevralın 6-da «Mənim addımım» blokunun təklifi əsasında Ermənistan parlamentində konstitusiyaya dəyişiklik edilməsinə dair qanun layihəsi ilk oxunuşda qəbul olunub. Fevralın 9-da isə o vaxt prezident Armen Sarqkisyan referendum keçirilməsi ilə bağlı fərman imzalayıb. Lakin sonradan baş verən hadisələr, xüsusən də İkinci Qarabağ müharibəsi bu dəyişiklik və referendum təkliflərini təxirə saldı.

Təbii ki, indiki məqamda baş naziri konstitusiya dəyişikliklərinə məcbur edən ciddi səbəblər də var. Belə ki, Ermənistan konstitusiyasında Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan maddələr mövcuddur. Məsələn, Ermənistanın Müstəqillik Bəyannaməsi və ölkə konstitusiyası Dağlıq Qarabağın Ermənistana  birləşdirilməsi haqqında 1989-cu il 1 dekabr tarixli deklarasiyaya əsaslanır. Bu isə hələ də Ermənistan konstitusiyasından müharibə və qan iyinin gəldiyinə dəlalət edir.

Azərbaycan dövləti isə haqlı olaraq sülh üçün bu maddələrin ləğv edilməsini bir şərt kimi irəli sürür. Ona görə də Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan və bunu dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə, Ermənistan parlamentində etiraf edən Nikol Paşinyanın konstitusiyada dəyişiklik etməsi qaçılmaz prosesdir.

Bundan başqa, ehtimal edilir ki, Nikol Paşinyanın təklif etdiyi yeni konstitusiya dəyişiklikləri sayəsində kilsə ilə də münasibətlərə aydınlıq gətiriləcək. Vurğulamaq lazımdır ki, hazırda hakimiyyətlə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. Hətta erməni kilsəsinin  Paşinyanın devrilməsinə çalışması barədə açıq və gizli məlumatlar da var. Kilsə konkret olaraq ölkəsinin İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin və qondarma «dqr»in ləğv edilməsinin günahını  Paşinyan hakimiyyətində görür.

Məhz bunun nəticəsidir ki, bütün ermənilərin katalikosu II Qaregin müxtəlif dövrlərdə xalqı hakimiyyətə qarşı üsyana da səsləyərək,  hətta ölkəsində siyasi dəyişikliklərin zəruriliyindən danışıb. Bu səbəbdən də yeni konstitusiya dəyişikliyi kilsənin erməni cəmiyyətindəki nüfuzunu və rolunu zəiflətməyə hesablanıb.

Siyasi analitiklərin fikrincə, Ermənistandakı konstitusiya dəyişiklikləri Paşinyan hakimiyyətini gücləndirəcək ki, bu da onun rəqibləri ilə ciddi haqq-hesab çəkməsinə imkan yaradacaq. Xüsusilə 2008-ci ilin mart hadisələri zamanı Koçaryan tərəfindən həbsə atılan Paşinyanın dəvə kini fışqıracaq ki, bu da həm Robert Koçaryan, həm də Serj Sarkisyan üçün çətin olacaq.

Həmçinin vurğulamaq lazımdır ki, artıq son bir neçə ildə erməni tacirlər və sahibkarlar Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin açılmasını tələb edirlər. Lakin bunun üçün Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarından  və qondarma «erməni soyqırımı» məsələsindən vaz keçilməlidir. Təbii ki, rəsmi İrəvanın yaxın qonşusu Türkiyə ilə normal münasibətlər qurmağının yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir.

Elçin Zaman, «İki sahil»