23 yanvar 2024 09:01
711

“Qanlı 20 Yanvar” faciəsi Latın Amerikası mətbuatında

Perunun aparıcı mətbu orqanı olan “El Peruano” rəsmi dövlət qəzeti və Kolumbiyanın “Al Press” xəbər agentliyinin internet səhifələrində “Qanlı 20 Yanvar” faciəsinə həsr olunmuş məqalələr dərc olunub.

Azərbaycanın Perudakı Səfirliyindən “İki sahil”ə verilən məlumata görə, “Qara Yanvar Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir”, “Bir xalqı daha da böyüdən Qanlı Yanvar” başlıqlı məqalələrdə tarixə qara hərflərlə yazılan hadisənin xalqımızın azadlıq iradəsini, mübarizə əzmini qıra bilmədiyinə diqqət çəkilir, əksinə xalqımızın uzun illər arzuladığı müstəqilliyinə nail olduğu və bu uğursuz hərbi müdaxilənin SSRİ-nin süqutunu sürətləndirdiyi qeyd olunur.

Məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin dövlət başçısı Mixail Qorbaçovun göstərişi ilə Bakıya gətirilən sovet əsgərlərinin dinc sakinlərə qarşı vəhşicəsinə törətdikləri qətllərin heç vaxt bağışlanmayacağı və xalqımızın qan yaddaşına əbədi həkk olunduğu bildirilir.

Azadlıq arzusu ilə yaşayan Azərbaycan xalqının 20 Yanvar faciəsinin acı nəticələrindən təsirlənmədiyi, əksinə bu hadisələrdən daha da güclənərək çıxdığı və sonradan tarixi zəfərlər yaşadığı qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin bu baxımdan “Qara Yanvar”ı Azərbaycanın müasir tarixinin ən faciəli, eyni zamanda qəhrəmanlıq və şücaət səhifəsi adlandırdığı vurğulanır.

Məqalələrdə bəşər tarixində qara səhifə olaraq yer alan “20 Yanvar” Azərbaycanın müstəqilliyinə aparan bir yol kimi nəzərdən keçirilir və bu gün ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam bərpa edərək adını dünyanın lider ölkələri sırasına yazdırdığı, bir sıra dünyamiqyaslı mötəbər tədbirlərə ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğu bildirilir.