23 yanvar 2024 00:12
265

Xaraktersizliyin pik nöqtəsi

Əli Kərimli hələ də Azərbaycanın Ermənistan üzərindəki qələbələrini həzm edə bilmir

Azərbaycanda növbədənkənar prezident seçkilərini şərtləndirən tarixi reallıqlar yaranıb. Eyni zamanda, bu siyasi prosesin azad, ədalətli, şəffaf şəraitdə keçirilməsi üçün çox əlverişli demokratik mühit mövcuddur. Xüsusilə burada ən önəmli məqamlardan biri odur ki, müstəqil Azərbaycanın tarixində seçkilər ilk dəfə işğal olunmuş ərazilərimizdə də keçiriləcək. Eyni zamanda, bu seçki siyasi partiyaların öz nüfuzunu və gücünü göstərməsi üçün yaxşı fürsət idi. Lakin radikal müxalifət, xüsusilə də AXCP və Müsavat Partiyası bu seçkilərdə iştirakdan imtina edərək boykot qərarı verdilər. Onlar bu qeyri-konstruktiv qərarlarına hələ ciddi  hüquqi və siyasi əsaslandırma verə bilməyibər. Ona görə ki, çox zəifdirlər, siyasi fəaliyyətləri ancaq sosial şəbəkələrdəki populizmdən ibarətdir. Təbii ki, belələrinin xalqın qarşısına çıxmağa üzü və deyiləck sözləri yoxdur.

AXCP sədriƏli Kərimli ötən günlərdə  öz sosial şəbəkə hesablarında yenə də həm seçkilərdə iştirak edən namizədləri və həm də hakimiyyəti hədəf alaraq öz böhtan maşınını işə salıb. Məsələn, bu adam ironiya ilə deyir ki, İlham Əliyevin «rəqibləri» «debatlarda» çox sərt danışıblar. Əli Kərimlinin diqqətinə çatdırmaq istəyirik ki,  əvvəla, debatlarda necə danışmaları, hansı problemləri qabartmaları  namizədlərin öz haqlarıdır. Məsələn, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Böyük Quruluş  Partiyasının sədri Fazil Mustafa debatlarda sosial problemlərlə bağlı danışaraq öz platformalarında bununla bağlı maddələrin olduğunu  bildiriblər. Yəni, onlar çıxışlarında uşaq pullarının verilməsi, qaz limitinin aşağı salınması, pensiya yaşının endirilməsi ilə bağlı tənqidi fikirlər söyləyiblər. Bu isə o deməkdir ki, Azərbaycanda Əli Kərimli kimi dağıdıcı müxalifətdən fərqli olaraq konstruktiv müxalifət formalaşır. Təbii ki, bu gün Azərbaycan cəmiyyətində konstruktiv müxalifətin olması inkişaf deməkdir, hakimiyyətlə siyasi mübarizənin sivil məcrada davam etməs deməkdir.

Bundan başqa, Əli Kərimlinin böhtan kampaniyasında yenə də mövcud hakimiyyətə və onun rəhbərinə qərəzli yanaşmalar var. Məsələn, o yazır ki,  hakimiyyətin ölkəni hansı dalana saldığını görmək üçün bu tragikomediyadan xəbərdar olmaq lazımdır.

Burada adamın bu saxta vətənpərvərə və avantüristə həm yazığı gəlir, həm də nifrəti çoxalır. Ona görə yazıq adamdır ki, kin və qərəz gözünü elə bir səviyyədə tutub ki, ölkəmizin ərazi bütövlüyünün bərpası və Xankəndidəki separatçı rejimin birdəfəlik məhv edilməsi onun qürurlandıra, sevindirə bilmir. Nifrəti isə ona görə artır ki, Ermənistandakı revanşist qüvvələrin və onların  Fransa kimi himayədarlarının anti-Azərbaycan mövqeyi ilə Əli Kərimlin mövqeyi üst-üstə düşür.

AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli də Azərbaycan dövlətinə böhtanlarında rəhbəri Əli Kərimlidən heç də geridə qalmaq istəməyib. Ona görə ki, onların xislətində hər şeyi qara görmək bir sağalmaz yaraya çevrilib. Məsələn, bu Məmmədli yazır ki, «rəhmətlik Məşədi İbadın sözü olmasın mən «Tarixi Nadiri» yarısına qədər oxusam da «bu prezidentliyə «namizədləri» anlamıram. Bunlar namizəddirlər, yoxsa muzdlu trol…

Ay bədbəxt Məmmədli, başa düşmək üçün baş lazımdır. Həm də elə belə baş yox ha, düşünən, təhlil edən, dünyagörüşünü genişləndirən baş... O da sizdə yoxdursa yazıq sizin kimilərin arxasınca duza gedənlərin halına.

Bəli,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin  bu gun nəinki ölkəmizdə,  hətta dünyada artan nüfuzu  Əli Kərimlini və ətrafını ciddi şəkildə narahat edir. Əli Kərimli bununla bir daha təsdiq etmiş olur ki, o, cənab İlham Əliyev kimi uca çinarın kölgəsində itib- batan bir siyasət dəllalıdır. Bu adamın ən böyük bədbəxtçiliyi odur ki, o, sadəcə qaragüruhçudur, avantüristdir və milli hissələrə yaddır.  Hazırda AXCP-də hökm sürən antidemokratik durum partiyadakı siyasi mühiti də tamamilə iflic edib. Ona görə də partiyanı tərk edənlər etməyənləri əbləh və gerizəkalı qocalar yığnağı da adlandırırlar. O da məlumdur ki, nə qədər ki, AXCP-də Əli Kərimli diktaturası mövcuddur, bu partiyadan ciddi və dəyərli bir fəaliyyət gözləməyə dəyməz. Çünki onlar hələ də çağdaş dünyanın inkişafı ilə ayaqlaşmağı bacarmırlar. Yəni, burada yeni söz, yeni fikir, yeni dünyagörüşü sıfır səviyyəsindədir.

Elçin Zaman, «İki sahil»