23 yanvar 2024 00:58
296

Fransa dönüb şərəfsiz əməllərinə baxsın!

Afrika xalqlarının cəlladı Azərbaycana qarmaq ata bilməz

Yaxın-uzaq ölkələrə münasibətində utanc gətirdiyi kimi, Fransanın keçmişi də ona şərəf gətirmir. Bu ölkə XVI əsrin əvvəllərindən müstəmləkəçilik əməllərinə qurşanıb. O dövrlərdə odlu silahlarla silahlandırılmış fransız orduları  kiçik və məzlum xalqları qıraraq Afrikanın qərbində və şimalında iyirmidən çox ölkədə hökmranlıq etməyə nail olub. Bu minvalla Afrika ərazilərinin təxminən 35 faizi 300 il ərzində Fransanın əsarətində qalıb. Həmin müddətdə xalqları qul kimi işlədib, onlara qeyri-insani münasibət göstərib, əşya kimi davranıb.

Lakin indi utanmadan "demokratik dəyərləri" ilə öyünən Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə ölüm, həqarət və əsarətdən başqa heç nə gətirməyib. Ən qəddar üsullarla ram etdiyi ölkələri sivilizasiya ilə bir araya sığmayan zülmkar qanunlarla idarə edib, təbii sərvətlərini talayıb, baş qaldıran etirazları ən qəddar hərbi müdaxilələrlə yatırıb.  Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır.

Tarixi sənədlərdə də öz əksini tapdığı kimi, 1945-ci il mayın 8-i Fransanın Əlcəzair xalqının soyqırımına başladığı tarixdir. Bu soyqırımda 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçiriblər. Həmin əməliyyat zamanı yerli tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib.

2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolu barədə bəyanatı isə rəsmi Parisdə siyasi böhrana səbəb oldu. Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fil dişi Sahilində “Licorne” hərbi əməliyyatları da çox sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərlə qurtarıb. Bütövlükdə Afrikada yerləşən Benin, Çad, Cibuti, Qabon, Qana, Kamerun, Komor adaları, Mavritaniya, Seneqal, Tunis, daha sonra Suriya, Livan zaman-zaman Fransa tərəfindən törədilən dəhşətli qırğınlara şahidlik edib. Fransanın ilk nüvə silahı da məhz Əlcəzairdə sınaqdan keçirilib. Fransa hələ 1945-ci ildən etibarən Afrikada Fransız Müstəmləkələri frankı (CFA) adlı pul vahidini dövriyyəyə buraxıb. Məhz bu pul vahidi vasitəsi ilə Fransa Afrika ölkələrini amansızcasına istismar edir, onların sərvətlərini mənimsəyir. Məlum olduğu kimi, Afrikanın Sahil regionu ölkələri, habelə Fil dişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub.

Niger 1960-cı ildə müstəqilliyini elan etsə də, Fransa burada öz mövcudluğunu müxtəlif sahələrdə davam etdirir. Əslində, Fransanın Nigerin müstəqilliyi dövründə də buradan çıxmaması, əksinə təsir imkanlarını artırmağa çalışması neokolonializm anlamına gəlir. İstismarçı ölkə çətin iqtisadi durumdan namərdliklə istifadə edərək Nigeri kredit aslılığında qoyub. Təkcə 2022-ci ildə Fransanın İnkişaf Agentliyi Nigerə 60 milyon avro kredit verib. Bu kreditlərin şərtləri isə çox ağırdır - Niger məcburiyyət qarşısında qalıb aldığı maliyyə vəsaitlərinə görə yüksək faizlər ödəyir və borclanmanın səviyyəsi getdikcə yüksəlir. Fransanın Niger üçün strateji önəm daşıyan uran sənayesini bütünlüklə inhisara götürdüyü fikrini tam qətiyyətlə söyləmək olar.  Bu ölkənin uran yataqlarda dominantlıq məhz Fransanın “Orano” şirkətinə məxsusdur. “Orano” əlli ildən çoxdur ki, Nigerdə “iş başındadır.” 2021-ci ildə şirkət fəaliyyət göstərdiyi iki yataqdan böyük miqdarda uran çıxarıb. Normaları aşan istismar yataqların ehtiyatlarının tamam tükənməsi ilə nəticələnib. Yataqlar ekologiyaya vurulan ziyan bərpa olunmadan tərk edilib. Köhnə yataqlarda arxasınca “ölü zonalar” qoyan Fransa şirkəti Nigerdəki yeni uran yataqlarının ələ keçirilməsi barədə planlar qurur. Bu şirkətin maraq dairəsində olan “İmouraren” dünyada ən böyük uran mənbələrindən biri kimi tanınır. Yatağın ehtiyatları 174 min tondan çox uran həcmində dəyərləndirilir.

Bütün etirazlara baxmayaraq, Fransa özünün bir sıra keçmiş müstəmləkələrində olduğu kimi, Nigerdə də hərbi mövcudluğuna nail olub. Bu ölkə neokolonializm siyasətinə uyğun olaraq öz ordusunu guya terrorizmə, təmayülçülüyə qarşı mübarizə adı altında 2014-cü ildə Nigerə yeridib. Dəyişən isə heç nə yoxdur.

Son illərdə Nigerdə Fransa ordusunun mövcudluğuna qarşı etiraz aksiyaları keçirilir. Həmin etirazlarda bildirilir ki, Fransa ordusunu Nigerə yeritməkdə məqsədi heç də terrorizmlə mübarizə deyil, əksinə neokolonializm siyasətini davam etdirməkdir. Nigerlilər ölkədə terrorizmin hələ də davam etməsini, terror aktlarının azalmamasını anlaya bilmirlər və haqlı olaraq düşünürlər ki, Fransa regionda öz mövcudluğunu uzunmüddətli şəkildə təmin etmək üçün yerli araqarışdıranlara gizli yollarla dəstək göstərir.

Nigerdə Fransa ordusuna qarşı növbəti etiraz aksiyası keçən il iyulun 27-də keçirilib. Nigerin paytaxtı Niamey şəhərində yüzlərlə insan parlament binası qarşısına toplaşaraq Fransa əleyhinə çıxış edib. Aksiya iştirakçıları “Rədd ol, Fransa!", "Fransa, bizi rahat burax!”, “Fransa bizim problemləri həll edə bilmədi, taleyimizi öz əlimizə götürməliyik” və bu kimi digər anti-Fransa şüarları səsləndiriblər. Onlar, həmçinin Fransa qoşunlarının Nigerdən çıxarılmasını tələb ediblər.

Qeyd edək ki, Malidən qovulan fransız hərbi qüvvələrinin böyük hissəsi Nigerdə yerləşdirilib. Hazırda Nigerdəki hərbi bazada ən azı 1 500 fransız hərbçisinin olduğu bildirilir. Xüsusi qüvvələr - “Reaper” dronları və qırıcı təyyarələrin heyətləri bu siyahıya daxil deyil.

 Nigerdən  Fransaya uran və qızıl ixracının dayandırıldığı barədə xəbərlər yayılıb. Bu barədə “Arab Africa” Teleqram kanalı məlumat yayıb. “Müvafiq bəyanatı ölkədə çevriliş həyata keçirmiş Hərbi Şuranın rəhbərliyi verib”, - deyə məlumatda bildirilir.

Dünyanın dördüncü ən böyük uran istehsalçısı olan Niger Fransada elektrik enerjisi istehsal etmək üçün istifadə edilən uranın əsas mənbəyidir. 2020-ci ildə Fransa reaktorlarında istifadə olunan uranın təxminən 35 faizi Nigerdən gətirilib.

Bu ölkənin tarixi açıq göstərir ki, Fransa məzlum xalqların cəlladıdır və bu “vəzifədən” nəinki əl çəkmək istəmir, üstəlik zəif Ermənistanı da müstəmləkə boyunduruğuna qoşmaq üçün dəridən-qabıqdan çıxır. Bununla da Cənubi Qafqaza qarmaq atmağa çalışan Makron Fransası Azərbaycanda da öz maraqlarını təmin etmək niyyətinə düşüb. Pis odur ki, Makron hökuməti Azərbaycanla əməkdaşlıq dili ilə deyil, təzyiq dili ilə danışır. Görünür, o yanılır, Azərbaycanı Afrikanın zəif ölkələri ilə dəyişik salır. Onun özü və ermənipərəst Senatı hansı hoqqalardan çıxsalar da "yel qayadan" heç nə aparmayacaq.

Ancaq nə qədər gec deyil Emmanuel Makron faşist Almaniyasının hərbi cinayətlərini yadına salsın və onun aqibətindən özü üçün nəticə çıxarsın. Yoxsa, onu və ölkəsini Hitler Almaniyasının sonu gözləyir.

Vəli İlyasov, “İki sahil”