23 yanvar 2024 01:36
483

Aİ absurd “hücum təhlükəsi”ndən necə bəhrələnir?

Avropa İttifaqının (Aİ) 44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri ilə separatizmə birdəfəlik son qoyan Azərbaycana  qarşı qərəzli mövqeyi getdikcə  alovlanır. Belə ki, bu qurum və onun nümayəndələri reallıqla uzlaşmayan uy­durma bəyanatlar, fikirlər səsləndirməkdə davam edirlər. Məsələn, bu günlərdə qurumun Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, ermənidən betər erməni kimi tanınan Cozep Borrelin sözçüsü Pe­ter Stano bildirib ki, Aİ Azərbay­cana Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə  pozulmasının qəbuledilməz olduğu və münasibətlərimiz üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifa­də edir. Bununla da o, diplomatik formada guya Azərbaycanın Ermənistana qarşı ərazi iddiasında olduğunu, elə bu səbəbdən “təhlükə”nin gözlənildiyini dilə gətirib. Bununla da P. Stano  “hərbi müdaxilə”dən mütəmadi söz açan öz rəhbərini bir daha dəstəkləyib.

Amma fakt budur ki, Azərbaycanın təcavüzkar ölkəyə qarşı heç bir ərazi iddiası yoxdur. Rəsmi Bakı bunu müxtəlif tədbirlərdə dəfələrlə vurğulayıb. Halbuki, hazırda Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. Eyni zamanda Ermənistan konstitusiyasında Qarabağa qarşı iddia hələ də qalmaqdadır. Şübhəsiz, Aİ rəsmisi bunları bilməmiş deyil,  ancaq susur. Ermənilərin Azərbaycanın ərazsinin 20 faizini işğalda saxladığı illərdə həmin topaqlarda basdıqdıqları minlərlə minaların dəqiq xəritəsinin təqdim edilməməsi ucbatından bu gün həmin silah-sursat insanların canını almaqda davam edir. Şübhəsiz, cənab Peter Stane bunu da bilir, amma danışmır.

Görünür, siyasəti manipulyasiya predmetinə çevirən bu cənab hələ də fil qulağında yatır. Yatmasaydı, heç olmasa Prezident İlham Əliyevin yanvarın 10-da yerli televisiya kanallarına “Bizi itti­ham edirlər ki, biz Ermənistana hücum etmək istəyirik. İstəsəydik, girərdik, lap axıra qədər gedərdik” sözlərini eşidərdi. Eşitsəydi, yəqin hayların uydurduqları hansısa mifik təhlükəni tutuquşu  kimi təkrarlamazdı.

Amma bu, faktdır ki, bölgədə sülhün bərqərar olmasını istəməyən, Cənubi Qafqazda möhkəmlənmək niyyətində olan Aİ “hücum təhlükəsi”ni əsas gətirərək şərti sərhəddə “fəaliyyət”ni gücləndirir, “mülki” adlandırdığı, əslində isə hərbi məqsədlərə xidmət edən missiya üzvlərinin sayını artırır. Başqa sözlə desək, Aİ Ermənistanda hərbi baza formalaşdırır. Bununla da  ölkəmizə qarşı qərəzl mövqeyi ilə seçilən Makron Fransasının təkidi ilə sərhəddə gərginliyin reallıq olduğu görüntüsünü yaratmağa çalışır. Yeri gəlmişkən, sözügedən missiyanın fəaliyyətindən Azərbay­canla yanaşı, regionun digər ölkələri – Rusiya və İran da narazıdır. Hər iki ölkə Aİ missiyasının kəşfiyyat məlumatları top­ladığını iddia edir.

Görünən odur ki, Aİ rəsmiləri Azərbaycanla Ermənistan arasında sülhlə bağlı məsələlərin intensiv müzakirə olunduğu, regionda əməkdaşlığın və təhlükəsizliyin təminatı istiqamətində real addımlar atıldığı indiki məqamda Azərbaycanı qaralamaqla danışıqlar prosesinə zərbə vurur. Üstəlik, təcavüzkar ölkədəki müssiyasının üzvlərinin sayını artırır.

Ümumiyyətlə, Aİ-nin məqsə­di Ermənistanla Azərbaycan arasında etimadın yaradılması və davamlı sülhün əldə edilməsi deyil. Bu qurumun  heç zaman belə bir istəyi olmayıb. Bununla da sözügedən qurumun ermənipərəst nümayəndələri sülhə və təhlükəsizliyə deyil, qarşıdurmalara rəvac verməkdədirlər. Doğrudur, Aİ hərdən sülhdən danışır, amma bu, heç də səmimilik əlaməti deyil, riyakarlıqdır. Əgər Aİ sülh istəyində səmimidirsə, onda qərəzdən, ikili standartlardan uzaq olmalıdır.

Qeyd edək ki, bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Amma göründüyü kimi, bu beynəlxalq təşkilat siyasi müstəvidə həqiqi tərəfdaşlıqdan çox uzaqdır. Bir də bu yalanın Azərbaycanda keçiriləcək prezident seçkilərinə az qalmış bir daha gündəmə gətirilməsi heç də təsadüfi deyil. Şübhəsiz, məqsəd boş və mənasız açıqlamalarla beynəlxalq ictimaiyyətdə Azərbaycanla bağlı mənfi təsəvvürlər formalaşdırmaqdır.  Ancaq xalqımız həmişə olduğu kimi bu gün də 30 illik işğala son qoyan, Ermənistanın və onun havadarlarının bütün planlarını alt-üst edən Prezidentinin yanındadır və heç bir xarici müdaxilə bu birliyə xələl gətirə bilməyəcək. 

Qvami Məhəbbətoğlu, “İki sahil”