23 yanvar 2024 02:37
432

Yeni dövr başlayır və əminəm, bu dövr də ölkəmiz üçün uğurlu olacaq

Dövlət başçısı İlham Əliyev bildirir ki,  yeni konseptual inkişaf strategiyamızın, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər

«Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz.» Dövlət başçısı İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, bu, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. Digər tərəfdən,  cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır.

Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq: “Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.»

Əbəs yerə deyilmir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla addımlayan xadq tarixin bütün sınaqlarından şərəflə çıxır. Necə ki Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində  qalibiyyətə imza atdı. 30 illik işğal dövründə nə qədər  dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da, heç zaman ruhdan düşmədi, daim irəliyə doğru inamla addımladı. Sülh danışıqları səmərə verməyəcəyi  təqdirdə hərb variantının seçiləcəyi inkar edilmədi.    Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, bugünkü Azərbaycan Birinci Qarabağ müharibəsi dövründəki Azərbaycan deyil. O zaman Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olurdu. 1992-ci ildə ABŞ Konqresinin ölkəmizə qarşı ədalətsiz «907-ci düzəliş»i tətbiq etməsi də erməni yalanlarına əsaslanırdı. Guya işğala məruz qalan tərəf Ermənistandır, Azərbaycan işğalçı dövlətdir. Eyni zamanda, Azərbaycan guya Ermənistanı  blokadada saxlayır. Ermənilərin və erməni diasporunun belə bir qərarın qəbul olunmasında məqsədi Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaq idi. Amma Azərbaycan 10 ilə yaxın dövrdə bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşasa da, nəinki iqtisadi cəhətdən zəiflədi, əksinə daha da inkişaf etdi, dayanıqlı inkişaf, sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında öncül yerlərdə dayandı. 2001-ci ildə ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonu xarici siyasətində dəyişiklik etmək məcburiyyətində qoydu. ABŞ hökuməti «907-ci düzəliş»in ədalətsizliyini təsdiqləyərək fəaliyyətini bir illik dondurması barədə qərar qəbul etdi. Dövlətimizin real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasəti nəticəsində dünya həqiqətləri olduğu kimi dərk etməyə başladı. Baxmayaraq ki, maraqlar həqiqətləri üstələdiyindən qəbul olunan sənədlər ancaq kağız parçası olaraq qalır. Azərbaycan 27 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını gözlədi. Amma elə ölkələr var ki, bu qətnamələr bir neçə saatda tətbiq edilir. Ona görə rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından, xüsusilə BMT Baş Assambleyasından bəyan edirdi ki, bu qətnamələrin icrası üçün vahid mexanizm hazırlanmalı və bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir.

Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük İkinci Qarabağ müharibəsində aparıcı dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların 30 ildə  edə blmədiklərini etdi. Haqq-ədalət bərpa olundu, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi, işğalçı Ermənistana və ona dəstək verən dövlətlərə bir daha çatdırıldı ki, beynəlxalq hüquq deyilən məfhum var və ona riayət edilməsi mütləqdir.

Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə cənab İlham Əliyev belə bir çağırışı da səsləndirir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Müstəqillik tariximizin 1993-cü ildən, yəni Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan mərhələsində yaradılan möhkəm bünövrə bugünkü reallıqlarımızda öz əksini tapıb. «Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq» söyləyən ölkə Prezidenti bildirmişdir ki, 1993-2003-cü illərdə dövlətçiliyin əsasları qoyuldu.  Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ölkəmiz böyük investisiyalar məkanına çevrildi. Nizami ordu formalaşdı. Yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün önəmli addımlar atıldı ki, hazırda  o kadrlar  ölkəmizin müxtəlif sahələrdə inkişafına  öz töhfələrini verirlər.

Azərbaycanın son 20  ildə keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Zəfərimiz bu uğurların zirvəsində dayanır.  Bu Qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, illərdir ermənilərin, ermənipərəst qüvvələrin apardıqları təbliğatların nə qədər yanlış, saxta olduğunu da bir daha  dünyaya çatdırdı.

Artıq yeni dövrün yeni reallıqlarına uyğun olaraq prioritetlər müəyyənləşdirildi.  Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə  «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də artıq yeni hədəflərin  müəyyənləşdirildiyini və  əvvəlki illərdə əldə olunan uğurlar əsasında  gələcəyə inamla addımladığımızı təsdiqləyir. Təhlillər əsasında Azərbaycanın daim hədəfə doğru inamla addımladığını görür və bundan böyük qürur hissi keçiririk. Cənab İlham Əliyev postmünaqişə dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin birində «Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı» sualını cavablandırarkən bildirmişdir ki,  mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki istəyirəm ki, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir.  Bütün güclər də səfərbər edilib.  Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir: «Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq.»

Cənab İlham Əliyev konkret tarix söyləməsə də bu günə qədər görülən işlər göz qabağındadır. Bütün böyük infrastruktur layihələri ilə yanaşı,  əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bunlar  Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləridir.  Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək.  Bütün bu infrastruktur layihələri imkan verir ki,  bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında  Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və  Xocalı şəhərləri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək. Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli,  Şuşa rayonunun  Turşsu kəndlərinin də bərpasına artıq start verilib. 2026-cı ilin sonuna qədər  hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Cənab İlham Əliyev bu əminliyi ifadə edir ki,  biz buna da nail olacağıq. 

Qeyd olunduğu kimi, ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Bu, Azərbaycan dövlətinin, xalqının daim irəli baxmasına əsaslanır.  Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı.  Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Buna əmin olmaq üçün son günlər beynəlxalq maliyyə qurumlarının hesabatlarına diqqət yetirmək kifayətdir. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər.

Bütün bu uğurlar  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl və sistemli iqtisadi siyasətin, islahatların məntiqi nəticəsidir. Azərbaycan qlobal pandemiya dövründə də dayanıqlı inkişafı təmin etmək istiqamətində ciddi addımlar atdı. Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin ilk günündən cənab İlham Əliyev islahatların dərinləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoyaraq heç bir sosial layihənin təxirə salınmayacağını bildirdi. Dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında  4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına başlandı. Ümumdünya Səhiyyə Təşkilatının ilk gündən Azərbaycanla bağlı proqonozu belə oldu ki, bu mübarizədən az itki ilə çıxacaq. Çünki Azərbaycan mübarizə tədbirlərinə başlandığı gündən özünəqapanmağın ciddi probemlərə səbəb olacağını önə çəkərək qlobal probemə qarşı birgə mübarizənin  aparılmasının vacibliyini bildirdi. Birgə mübarizə, gələcəyə böyük əminliklə addımlamaq uğurlu  nəticələrə yol açdı. Belə ki, Azərbaycan öz daxili ehtiyaclarını ödəməklə yanaşı, 80-dan artıq ölkəyə humanitar və maliyyə yardımı etdi.     

Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. 2008-ci ildən başlanan və nəticələri  hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi də deyilənlərin təsdiqidir. Əvvəldə də qeyd etdiyimiz kimi,  Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkənin hərtərəfli inkişafına stimuldur. 2003-cü ildə Dövlət Neft Fondunun vəsaitləri 800 milyon dollar təşkil edirdisə, 2024-cü ilin 1 yanvar tarixinə olan məlumata görə, Dövlət Neft Fondunun aktivlərinin həcmi  56 069,7 mln. ABŞ dollarıdır.

Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır.  Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını seçib. 2003-cü ildən yeni keyfiyyətlə davam etdirilən sosial siyasət nəticəsində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkələrdən biri oldu. Azərbaycan həyata keçirilən uğurlu, təkmil sosial-iqtisadi islahatları ilə beynəlxalq aləmdə qazandığı sosial dövlət imicinə yeni əlavələr etdi. İnkişafın Azərbaycan modeli artıq özünü təsdiqləmiş, müsbət təcrübə kimi öyrənilir. «Bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq aləmdə də ən böyük zirvələrə çata bilmişdir.  O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş  «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, həmçinin 12 istiqaməti əhatə edən Strateji yol xəritələri hazırlanaraq uğurla icra edildi. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaq, əhalinin sosial müdafiəsini gücləndirmək idi. İnkişaf Konsepsiyasında yer alan əsas hədəflər Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamasına, həmin dövrə qədər üç dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, eyni zamanda, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək idi. Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması artıq reallıqdır. Aparılan islahatlar, həyata keçirilən onlarla Dövlət proqramlarının tətbiqi ilə ölkəmizdə  yoxsulluq və işsizlik 5 faizə enib. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə yoxsulluq səviyyəsi 49 faiz idi. Bazar iqtisadiyyatı prinsiplərinə əməl olunan Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün addımların atılması insanların yaşayış tərzini xeyli yaxşılaşdırmışdır. Sosial ədalət prinsipinə sadiq qalan ölkəmizdə əməkhaqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır.

Bir sözlə, bu gün ölkəmiz  bütün sahələrdə təcrübəsi ilə nümunədir. Artıq ötən ilin 19 sentyabr tarixində birgünlük lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində suverenliyimiz tam təmin olundu. Azərbaycanın həyatında yeni mərhələ başladı.

Bu mühüm məqamı da qeyd edək ki, postmünaqişə dövrünün hədəfləri açıqlanarkən müdafiə gücümüzün bundan sonra da daha da artırılmasının vacibliyi vurğulandı. Ermənistanda revanşist qüvvələrin baş qaldırmayacağı inkar edilmədi.  Tarixi Zəfərimizdən sonra «Qisas», «Qətiyyətli cavab» kimi əks-hücum əməliyyatlarını yada salmaq kifayətdir. Cənab İlham Əliyev 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda  Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda  hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

«Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik» söyləyən cənab İlham Əliyev onu da qeyd etmişdir ki, Ermənistan rəhbərliyinin İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracağını düşünürdük. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, Azərbaycana qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və ölkəmizə  qarşı mina terroru davam etdirildi. Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. 

Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin 19 sentyabr tarixində həyata keçirildiyi birgünlük lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızdan separatçılar çıxarıldı, suverenliyimiz tam təmin olundu.

Keçilən yolun təhlili Azərbaycanın heç zaman əldə etdikləri ilə kifayətlənmədiyini, daim irəli baxdığını təsdiqləyir. Dövlət başçısı yerli teteviziya kanallarına müsahibəsində bir daha bu çağırışı səsləndirdi ki, biz hər zaman çox ayıq olmalıyıq: « Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir. Təbii ki, bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq.» Ermənistanı silahlandırma cəhdləri bu məqsədə xidmət edir ki, bizi daim təzyiq altında saxlasınlar.

Cənab İlham Əliyev sözügedən  müraciətində bu hədəfi də açıqlamışdır ki,  Ordumuzu böyük dərəcədə gücləndirmişik. Həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Bu il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək.

Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin «Biz daim irəli baxmalıyıq» çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur, yeni-yeni uğurlara yol açır. Bu gün tarixi ədalət  Qərbi Azərbaycana qayıdışı diktə edir. Daim irəliyə doğru inamla addımlayan Azərbaycan qısa zamanda bu hədəfə də yüksək səviyyədə nail olacaq. Məqsəd əldə olunan uğurlarla kifayətlənməyərək zamanı qabaqlamaq üçün atılan addımlar bu gün Azərbaycanın qalib, ərazi bütövlüyünü və suverenliyini tam əmin edən ölkə kimi nüfuz qazanmasını şərtləndirdi.

Yeganə Əliyeva, «İki sahil»