23 yanvar 2024 02:58
279

“Reuters”in siyasi oyunbazlığı

Agentlik anti-Azərbaycançı şəbəkənin dəyirmanına su tökməklə əslində özünü gözdən salır

XXI əsr beynəlxalq siyasi arenada yeni oyunçuların rolunun artması ilə xarakterizə olunur. Artıq dövlətlər, beynəlxalq təşkilatlar kimi ənənəvi aktorlarla yanaşı, qeyri-hökumət təşkilatları, beynəlxalq media orqanları, transmilli şirkətlər də qlobal proses və trendlərə fəal müdaxilə edirlər. Qloballaşma əsrində bu tendensiya nə qədər qaçınılmaz olsa da, fundamental demokratik prinsiplərlə bir çox məqamlarda uyğunsuzluq yaradır. Belə ki, qlobal media orqanlarının azad mətbuat, tərəfsiz və doğru informasiya, ədalətli yanaşma prinsiplərinə sadiq olmadığı üzə çıxır.

Müşahidələr göstərir ki, bu gün bir çox qlobal media orqanları artıq informasiyanın ötürülməsi ilə deyil, onu siyasi məqsədlərə uyğun təqdim etməklə məşğuldurlar. Müşahidə olunan məqamlardan biri də odur ki, müstəqil xarici siyasət həyata keçirən dövlətlər də qlobal media qurumlarının hədəfinə tuş gəlir. Bu isə yazıların sifarişli olduğunu və siyasi təzyiq vasitəsi olduğunu bir daha təsdiq edir. Bu mənada "Reuters" agentliyinin Azərbaycana qarşı davam edən kampaniyasını xüsusi qeyd etmək istərdik. Biz artıq dəfələrlə "Reuters" agentliyinin Azərbaycana qarşı xüsusi qərəzli münasibətinin şahidi olmuşuq. Bu günlərdə “Reuters” agentliyi “Mübarizədə” başlıqlı məqalədə Azərbaycana qarşı açıq “qara piar” kampaniyasına başlayıb. Məqalədə qeyd edilir ki, BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) güya erməniləri Dağlıq Qarabağdan köçürməyə məcbur edən Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətə Bakının aqressiv davranışını təşviq edən “yanlış siqnal” verir: “Ötən il Azərbaycan Silahlı Qüvvələri uzun mühasirədən sonra 100 mindən çox ermənini Dağlıq Qarabağın mübahisəli ərazisindən çıxarıb. İnsan haqları təşkilatları bu hərəkətləri soyqırım adlandırıb. Ölkəyə COP29-a ev sahibliyi etmək icazəsi verməklə bu cür davranışı təşviq etmək beynəlxalq ictimaiyyətə yanlış siqnal göndərir”. “Reuters”, həmçinin BMT-ni mühüm forumlara ev sahibliyi edən ölkələrin seçilməsi üçün daha sərt meyarlar tətbiq etməyə çağırıb. Məqalənin müəllifi Pol Polman qeyd edir: “Azərbaycanda COP29-un keçirilməsi qanunsuz saxlanılan erməni siyasi məhbuslar, o cümlədən “Artsax”ın keçmiş dövlət naziri Ruben Vardanyan azad edilsə, məqbul olardı”.

Buradan məqsəd aydın olur. Əvvəla onu xatırladaq ki, dünyada insan haqlarından, humanitar hüquqdan danışan beynəlxalq təşkilatlar, donor qurumlar, müvafiq xarici dövlətlər və onların maliyyələşdirdikləri media orqanları 30 il öncə azərbaycanlıların faciəsinə göz yumdular. Bütün hüquqlarının, hətta yaşamaq hüququn belə pozulduğu, malından-mülkündən məhrum olmuş soydaşlarımızın səsinə səs vermədilər. Bütün bu çətinlikləri məhz Azərbaycan dövləti öz imkanları hesabına aradan qaldırmağa, problemi qismən də olsa azaltmağa çalışdı. Azərbaycan dövləti 1993-2019-cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərclədi. Bu vəsaitin 4 milyardı dövlət büdcəsindən, 2.5 milyardı dövlət Neft Fondundan, 1.4 milyardı beynəlxalq maliyyə qurumlarından,  qalanı isə digər mənbələrdən götürülüb. 2020-2023-cü illərdə belə vahid aylıq müavinət daxil olmaqla hər il üçün 380 milyon manat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 600 milyon manat, təhsil və s. xərclər dövlət tərəfindən ödənilir. Bu gün həmin tarixə geri dönəndə beynəlxalq qurumların, Qərbin və bəzi media qurumlarının həm ölkəmizə qarşı qərəzini, həm də ikili standartlarını, eyni zamanda humanizm, beynəlxalq hüquq, insani yanaşma nöqteyi-nəzərindən Azərbaycana Ermənistana sərgilənən böyük fərqi görürük.

Birinci məsələdən danışanda qeyd etdiyimiz kimi, Qərb, beynəlxalq statuslu humanitar, insan haqları qurumları 30 ilə yaxın soydaşlarımızın faciəsinə göz yumdular. Xarici nümayəndələr regiona səfərlər zamanı Bakının təkidi ilə ara-sıra çadır düşərgələrinə baş çəkəndə çox etinasız yanaşma sərgiləyirdilər. Onları torpaqları işğal altında olan bir dövlətin ac-yalavac qaçqın və köçkün ordusu, ölkənin müxtəlif regionlarında qurulmuş minlərlə çadırlar, qışın soyuğunda, yayın istisində ağır şərtlər altında yaşayan insanların taleyi maraqlandırmırdı. Hətta onlar çadırlarda təhsil hüququndan məhrum olan, sağlamlıqları pozulan uşaqların durumuna belə biganə qalırdılar. Təəssüf ki, həmin qurumlar Azərbaycana və insanlarımıza yanaşmada öz prinsiplərindən deyil, xristian təəssübkeşliyindən çıxış edirdilər. Əks halda, bu gün ermənilər üçün yalandan vay-şüvən salmazdılar. Azərbaycan bütün addımları ilə həmin beynəlxalq təşkilatlara da, donor qurumlara da, Ermənistana da nümunə oldu. 44 günlük Vətən müharibəsi, bir gün davam edən antiterror tədbirləri ilə ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən ölkəmiz Qarabağın erməni sakinlərinin reinteqrasiya, birgəyaşayış üçün təkliflərini verdi və konkret addımlar atdı. - Qarabağ ermənilərini qalıb yaşamağa dəvət etdi, onların bütün hüquqlarının Azərbaycan vətəndaşı olaraq təmin ediləcəyini, daha yaxşı şəraitdə yaşayacaqlarını bildirdi. Ermənilərin Qarabağı tərk etməsi, yaxud qalıb yaşamaları onların şəxsi seçimi idi. Bakı bu məsələdə son dərəcə humanist mövqe ortaya qoydu, bölgəni tərk edən ermənilər üçün də bütün şərait yaradıldı. Qarabağ erməniləri çox rahat şəkildə bölgəni tərk etdilər, azərbaycanlılar isə ayağı yalın, başı açıq, güllələr altında bir quru canlarını götürüb qaçmışdılar. Yolda neçə-neçə soydaşımızı erməni terrorçuları öldürdü, diri-diri yandırdı, işgəncələr verdi. Bütün bunları həmin Qərb təsisatları da bilir. Amma təəssüf ki, ayrı-seçkilikdən, ikili standartlardan əl çəkə bilmirlər. İndi Qarabağdan çıxan ermənilərə yardım üçün Qərb təsisatlatı sıraya düzülüblər.

O ki qaldı COP29-un Azərbaycanda keçirilməsinə.. Bildirək ki, Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanıb. Bir neçə il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib və növbəti il də təşkilata sədrlik etmək üçün Prezident İlham Əliyevə xahiş məktubu ünvanlayıblar. Mötəbər tədbirlərə uğurlu evsahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə artırıb. Bütün bunlar, təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində qazanılıb. Prezident İlham Əliyev də bu məqamı xüsusi vurğulayaraq deyib ki, bu tədbirin Azərbaycanda keçirilməsində beynəlxalq ictimaiyyətin yekdil mövqeyi olub. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Dövlətimizin başçısı bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələrinin dövlətimizə əsassız ittihamlar irəli sürdüyünü xatırladıb və deyib ki, ölkəmizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib, eyni zamanda bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Azərbaycanın Qələbəsi ilə barışmaq istəməyən qüvvələrin qeyri-obyektiv mövqeyi onları beynəlxalq aləmdə siyasi riyakar kimi tanıdır. Belə ədalətsiz mövqelərə baxmayaraq, artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan da bu vəziyyətlə barışıb. Elə olmasaydı, Ermənistan COP29-un Bakıda keçirilməsinə dəstək verməzdi və öz namizədliyini Azərbaycanın xeyrinə geri götürməzdi.

Sevinc Azadi, “İki sahil”