20 yanvar 2024 20:34
787

Xalqımızın hüzn və qürur günü – 20 yanvar

Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqı müxtəlif zamanlarda öz azadlığına, müstəqilliyinə qovuşmaq üçün əzmlə mübarizə aparmış, bu yolda qurbanlar verməkdən belə çəkinməmişdir. Yadelli işğalçıların törətdikləri qanlı cinayətlər xalqımızın azadlıq sevgisini zəiflədə və iradəsini sarsıda bilməmişdir. XX əsrin sonlarında yaşadığımız tarix bu deyilənləri bir daha sübuta yetirdi. Həmin dövrdə Azərbaycan xalqı artıq öz dövlət müstəqilliyinin bərpası istiqamətində əmin addımlar atmaqda idi. Öz qəddarlığı ilə seçilən sovet imperiyası xalqımızı tutduğu müstəqillik yolundan çəkindirmək üçün qanlı cinayətə əl atdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridildi. Nəticədə dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Sovet Ordusunun təcavüzü nəticəsində Bakıda və Azərbaycanın digər rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Azərbaycana qarşı törədilən bu cinayət xalqımızın müstəqillik əzmini sarsıda bilmədi, əksinə xalqımız bir daha əmin oldu ki, dövlət müstəqilliyimizin bərpası tarixi zərurətdir. 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası 20 yanvar Şəhidlərinin ruhlarını şad edəcək mühüm tarixi hadisə idi. 

Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı. Bu isə öz növbəsində 20 yanvar Şəhidlərinin xatirəsinə ali diqqət və ehtiramı əks etdirən dövlət siyasətinin nəticəsi idi.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan tarixinə təkcə böyük faciə günü kimi deyil, eyni zamanda həm də xalqımızın istiqlaliyyət əzminin, dönməzliyinin, sarsılmaz iradəsinin sübutu,  dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olundu. 20 yanvar hadisəsi Vətən tariximizin heç zaman unudulmayacaq bir səhifəsidir. Qanlı Yanvar hadisəsi dünya azərbaycanlılarının təşkilatlanması  və milli kimliyimizin formalaşması prosesinə xüsusi təkan verdi. Bu gün azadlığımız və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları şaddır, çünki dövlət müstəqilliyimiz  etibarlı əllərdədir və ildən-ilə daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı Ermənistanın işğalından azad edib, həmin ərazilərdə şanlı Azərbaycan bayrağını qürurla dalğalandırdı. Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır.

Nigar Qocayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi