20 yanvar 2024 12:16
260

Məhərrəm Əliyev: 20 Yanvar faciəsinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır

Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, səfirlikdən bildiriblər ki, tədbirdə Belarusda fəaliyyət göstərən “Azəri” Moqilyov vilayəti ictimai birliyi, “Vətən” Bobruysk şəhəri ictimai birliyi, “Ocaq” Qomel vilayəti ictimai birliyi, “Qobustan” mədəni maarifləndirmə cəmiyyəti, “Azərbaycan İcmaları Konqresi” beynəlxalq ictimai birliyi, onun Polotsk və Bobruysk regional bölmələrinin rəhbərləri və nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra çıxış edən səfir Məhərrəm Əliyev xalqımızın azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilən 20 Yanvar faciəsindən əvvəl cərəyan edən proseslər haqqında danışıb, xüsusilə 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından sonra Azərbaycanda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən “yaşıl işıq” yandırıldığını vurğulayıb. Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından və etnik təmizləmə siyasətindən danışan M.Əliyev M.Qorbaçovun əmri ilə sovet qoşunları tərəfindən Bakıda törədilmiş qanlı hadisələr barədə ətraflı məlumat verib.

Faciədən 34 il keçməsinə baxmayaraq, mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq ictimaiyyət tərəfindən siyasi-hüquqi qiymətin verilmədiyini xatırladan diplomat bu cinayətə görə keçmiş Sovet İttifaqı rəhbərliyinin bilavasitə məsuliyyət daşıdığını, onun sifarişçiləri və icraçılarının cəzalandırılmalı olduğunu vurğulayıb.

Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər Heydər Əliyev tərəfindən 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verildiyini iştirakçıların diqqətinə çatdıran səfir bütün şəhidlərimizin qisasının döyüş meydanında alındığını, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini diqqətə çatdırıb.

Həmçinin səfirliyin foyesində 20 Yanvar faciəsini əks etdirən stendlər quraşdırılıb, film nümayiş olunub və tədbirin sonunda şəhidlərimizin ruhuna ehsan süfrəsi açılıb.

Səfirliyin 20 Yanvar faciəsi ilə bağlı press-relizi Belarusun Xarici İşlər Nazirliyi, digər ölkələrin və beynəlxalq təşkilatların Minskdə akkreditə olunmuş nümayəndəlikləri və kütləvi informasiya vasitələri arasında yayılıb.