20 yanvar 2024 12:03
292

Vətənpərvərlik məktəbi

20 Yanvar 1990-cı il xalqımızın yaddaşında dərin iz qoyub.  Yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Ümumilikdə respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Qanlı Yanvar faciəsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.  Həmin tarix  Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir. Bu qanlı cinayət  xalqımızın  iradəsini və bütövlüyünü qıra bilmədi. Azərbaycan xalqı bir daha yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. 
Ulu Öndər  Heydər  Əliyev yanvarın 21-də  özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq  Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ümummilli Lider  həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir. 

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin,  2000-ci il yanvarın 17-də imzaladığı Fərman ilə 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. Bu siyasət son 20 ildə Ümummilli Lider Heydər Əliyevin  layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən  davam etdirilir. Bu illər ərzində  20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həllinin dövlətin sosial siyasətinin əsası kimi qəbul edir. Cənab İlham Əliyevin  2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. 1990-cı ildən başlanan ağır, eyni zamanda, şərəfli yol 2020-ci il 27 sentyabr tarixində  Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun gücü ilə  Zəfər səhifəsinin yazılmasına gətirib çıxardı. Şanlı Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Torpaq, Vətən yolunda canlarından keçən Vətən övladları  Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün  20 Yanvar şəhidlərini böyük qürur hissi ilə anırıq. Onların ruhu şaddır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. 

 Azərbaycan xalqı həmişə yenilməzlik, məğrurluq nümunəsi nümayiş etdirib. Zəngin və qürurverici tariximiz var. Tariximizi öyrənmək və gələcək nəsillərə çatdırmaq əsasdır. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı dövrləri arasında tarixi paralellər aparılmalı, müstəqillik yolumuzun heç də hamar olmadığını gələcək nəsillərə çatdırmalıyıq. 20 Yanvar hadisələrinin ildönümlərində paytaxt və bölgələrdən vətəndaşlarımız Vətən oğul və qızlarının unudulmaz xatirəsinə hörmət və ehtiram olaraq   Şəhidlər xiyabanını ziyarət edir, onların xatirəsini yad edirlər. Şəhidlərimizin  xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq, vətənpərvərlik məktəbinə çevrilən həyat yolları daim vərəqlənəcək, neçə-neçə nəsil bu məktəbdən bəhrələnəcək. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar.

Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri gənclərimizin torpaq, Vətən sevgisinin nümayişidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ərazi bütövlüyümüzün və  suverenliyimizin tam təmin olunmasının dünyaya təqdimatı kimi dəyərləndirilən Xankəndi şəhərində keçirilən hərbi paradda söylədiyi  “Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik” fikirləri özündə bütün məqamları ehtiva edir.   

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi