20 yanvar 2024 01:16
340

«Siyasi şizofreniya» xəstəliyi

Avropa İttifaqının və Fransanın yoluxduqları bu xəstəliyin təbibi Azərbaycan, dərmanı isə…

Uzaqgörən siyasətçi adını səriştəsi, dövlətçilik təcrübəsi ilə qazanan dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin bütün zamanlar üçün xarakterik, müdrik kəlamları təcrübədə reallaşır. «Bəzilərinin guman etdiyi kimi, demokratiya xaos, hərc-mərclik, özbaşınalıq deyildir. Demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edə bilər. Demokratiyanın hüdudları genişdir. Odur ki, o hər xalqın mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. Ona görə heç kəs narahat olmasın. Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir» söyləyən Ulu Öndər onu da bildirib ki, avropalılar güman etməsinlər ki, dünyəvilik ancaq onlarındır, onlara məxsusdur. Hadisələrə qiymət verən hakim zamandır. Bu sözlərin zərb-məsəl kimi işlənməsinin zamanı bu günlər imiş.

Elə bəzi Avropa dövlətlərinin, özlərini demokratik prinsiplərə xidmət etdiklərini düşünən beynəlxalq təşkilatların başqa ölkələrə təsir üçün istifadə etdikləri «demokratiya dəyənəyi» özlərindən müştəbeh cənabların ideoloji silahı, təzyiq metodudur. Zorakılığa, zülmə, başqalarının hüquqlarının pozulmasına, daxili işlərinə müdaxiləyə xidmət edən avropasayaq «demokratiya»nı çamura bulayanlar müsəlman ölkələrinə, xüsusilə də Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyinə kölgə salmaq üçün müxtəlif istiqamətlərdən təzyiqlərini artırır, açıq-gizli rıçaqlarından istifadə edirlər. Haqları olmasa da təhdid dili ilə danışmağı « siyasi dialoq»la əvəzləyən Avropa İttifaqı (Aİ) , Avropa Parlamenti (AP), ATƏT, ABŞ üçün əsl demokratiya anlayışı mahiyyətini itirib. Korrupsioner əməlləri dəfələrlə aşkarlanıb beynəlxalq ictimaiyyətə çatdırılsa da bu təşkilatlar, qərəzli, məkrli, ermənipərəst niyyətlərindən əl çəkməyən avropalı saxta demokratlar eyni mənbədən qaynaqlanan anti-Azərbaycan, antitürk siyasətlərini davam etdirirlər.

Mühüm hadisələr, siyasi kampaniyalar ərəfəsində Azərbaycana qarşı daha kəskin, radikal mövqelərini yalanlarının , böhtanlarının kölgəsində gizlədən bu təşkilatların Bakıda keçirilən «Eurovision» beynəlxalq mahnı müsabiqəsində, Birinci Avropa, IV İslam Həmrəyli Oyunlarında ölkəmizə qarşı təşkil etdikləri təxribatlar, böhtan kampaniyaları, hətta məğlubiyyətləri belə unudulmayıb.

Ötən il Türkiyədə keçirilən prezident seçkilərində qardaş ölkədə qarışıqlıq salan, ictimai fikri dəyişmək üçün təxribatlar törədən, maliyyələşdirdikləri terror dəstələrini hərəkətə gətirən dairələr yenə canlanıblar. Qardaş Türkiyənin 80 milyondan artıq vətəndaşı prezident seçkilərində belə dairələrə əsl demokratiyanın «əlifba»sını öyrətdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan obyektivliyi, vətəndaş həmrəyliyi ilə qərəzli, ermənipərəst dairələrə demokratiyadan ustad dərsi keçdi. Növbəti dəfə mənfur nəfəslərini ölkəmizə yönəldən həmin mənfur xisləltlilər xalqımızın birlik və həmrəyliyi qarşısında rəzil olacaqlarını bilsələr də erməni lobbisindan aldıqları «məvaciblərin» qarşılığında saxta vicdanlarının əsirinə çevriliblər.

Azərbaycanda bu il fevral ayının 7-də keçiriləcək prezident seçkiləri ilə bağlı mənfur niyyətlərini ölkəmizə qarşı qətnamələr qəbul etməklə, böhtanlar yağdırmaqla bildirən avropalı cənabların yenə «sinifdə qalacaqları» bəllidir. Bu günlərdə Avrora İttifaqının, Fransanın ölkəmizə qarşı yönələn xəyanətkar niyyətləri, bədnam, əsası olmayan ittihamları, qəbul olunan əsassız qətnamələri seçkiqabağı keçirdikləri qısqanclıq sancılarıdır. Dağılmaqda olan Aİ üzvlərinin qitə dövlətlərində törədilən polis zorakılıqlarını görməzdən gələrək Azərbaycanda haqq-hüquq axtarmaları «Öz gözündə tiri görməyib başqalarının gözündə tük axtarmaq» məsəlidir.

30 il torpaqları Ermənistanın işğalı altında qalan Azərbaycana qarşı daşnak tör-töküntülərinin törətdikləri zülmləri, soyqırımları, kütləvi qırğınları «görməyən» Avropanın bəzi institutları Ermənistan-Azərbaycan münasibətlərini daşnak ideologiyasından «təhlil edərək» regionda rəqabəti daha da qızışdırmağa çalışırlar. Üzdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına dəstək verdiyini sərgiləyən Aİ-nin köhnə ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı riyakarlıq göstərməsi bu təşkilatın xristianlıq missiyasına sədaqətindən qaynaqlanır. Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi, ermənipərəst Cozep Borrelin mətbuat katibi Peter Stanonun ölkəmizə qarşı əsassız bəyanatı, təmsil etdiyi qurumun guya Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozması ilə bağlı çirkin açıqlaması, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun da eyni havanı çalması əsl avropasayaq «demokratiyadır.»

Guya Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də gənc qadınlara qarşı məhkəmə zalında «qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə xəbərlərdən «dəhşətə gələn» «Peterlər cütlüyünün» yadına qitə ölkələrində sığınacaq tapmaq istəyən miqrantlara, müsəlmanlara göstərilən polis zorakılıqlarını salaq. Almaniyada, Fransada həddini, insanlıq qanunlarını aşan, islamofiyadan qaynaqlanan fiziki, mənəvi cinayətləri, Parisin küçələrində yerli, azsaylı əhalinin milli-mənəvi dəyərlərinin kobudcasına pozulduğunu xatırladaq. Fransanın, Evian-Le Ba şəhərində Azərbaycanın şairi Xurşidbanu Natəvanın heykəlinə edilən vandallığı nümunə göstərək.

Ölkəmizə təzyiq bəhanəsilə atılan qərəzli addımları əsassız adlandıran Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadənin «Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”. Sual yaranır, Aİ niyə öz problemləri ilə məşğul olmur? Avropa ölkələrinin bir çoxunda dinc etirazlar vəhşicəsinə dağıdılır» sözlərinin əsasları vardır. 2023-cü ilin sentyabrında Parisdə polis zorakılığına, irqçiliyə qarşı nümayişlərdə 30 minə yaxın insan küçələrə çıxmışdı. 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olmasına, tarixi abidələrimizin dağıdılmasına, etnik təmizləmə siyasətinə, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına göz yuman avropalı cənabların Ermənistan üzərindəki Qələbəsi ilə bolgədə yeni reallıqlar yaradan, qüdrətlənən, dünyada söz sahibi olduğunu təsdiqləyən Azərbaycana qərəzli yanaşmaları qısqanlığın iyrənc formasıdır. Aİ-nin əsassız iddiaları «demokratik prinsiplərə sadiqliyin» pərdəarxası görüntüsüdür. Məqsəd Cənubi Qafqazda Azərbaycanın durultmağa çalışdığı suyu bulandırmaq, əziz xələfləri ermənilərə dəstək olmaq, revanşistləri yeni müharibəyə həvəsləndirməkdir. Maraqları uzlaşmayan dövlətlərə qarşı qərəzli yanaşma prinsipini yenidən gündəmə gətirən Aİ ədalətə, reallıqlara çirkin yanaşmaları ilə öləziməkdə olan nüfuzunu tamam itirir.

Bütün dünya ictimaiyyəti aydın başa düşür ki, Azərbaycan bölgədə sabitliyin təşəbbüskarı, tərəfdarıdır. Qalib ölkə olsa da humanitar təklifləri ilə məğlub Ermənistana sabitlik yolunu göstərən, beynəlxalq hüquqa əsaslanan sülh çərçivəsini açıqlayan da Azərbaycandır. Aİ üzvləri ən azından əsas ticarət tərəfdaşı olan Azərbaycanın qitə dövlətlərinin enerji təchizatındakı roluna ədalətli qiymət verib, nankorluq etməməlidir. «Niyə belə deyirəm? Çünki Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə telefon danışıqlarımın birində ona demişdim ki, Avropa Parlamentinin sədri xanım Metsola bizim antiterror tədbirlərindən sonra bəyan etmişdi ki, Azərbaycanla qaz sahəsində olan münasibətlərə və qaz müqavilələrinə xitam verilməlidir. Mən cənab Şarl Mişelə dedim ki, yəqin o, bu işlərin necə idarə olunduğunu bilmir. Çünki tərəflərdən biri müqaviləni ləğv edərsə, o, cərimə ödəməlidir. Birincisi, o, Avropa İttifaqının enerji siyasətinə cavabdeh olanlardan soruşmalıdır ki, Rusiyadan tədarükün kəsilməsinə görə keçən il Avropa İttifaqı Azərbaycandan Avropa üçün daha çox qazla kömək göstərməsini necə xahiş edib və biz buna necə cavab verdik? Təəssüf ki, belə insanlar var. Deyərdim ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var» söyləyən Prezident İlham Əliyevin bu sözlərindən nəticə çıxarmaq növbəsi peterlərindir.

Aİ düşüncəli Fransa parlamentinin yuxarı palatası Senatın «Ermənistanın ərazi bütövlüyü”» adlı sənədi müzakirəyə çıxarması qitə dövlətlərinin «üzrü günahından betər» məsəlinə bənzəyir.

Hələ də Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Zəfərini həzm edə bilməyən fransızsayaq qətnamədə Qarabağdan bəhs olunması,
«Azərbaycan Ermənistanla atəşkəsi pozaraq sentyabrın 19-da Dağlıq Qarabağa hücum edib» sözlərinin yer alması həqiqi mənada xəstə təfəkkürün sağalmaz ifadəsidir. Rəsmi İrəvanın UNESCO-dakı nümayəndəsinin yalanlarını, Ermənistanın belə tanımadığı, artıq gorbogor olmuş separatçı rejim «Dağlıq Qarabağ respublikası»nın əlləri azərbaycanlıların qanına batmış qaniçən sabiq başçıları Araik Arutyunyanın və Ruben Vardanyanın həbsini qeyri-qanuni adlandıran senatorlara xeyli dinc sakinin qətlə yetirildiyi Gəncə hadisəsini xatırladaq. «Gəncənin vurulması mənim əmrim idi!”» sözlərinin müəllifi məhz Araikdir. Fransanın Evian-Le Ba şəhərində Azərbaycanın şairi Xurşidbanu Natəvanın heykəlinə edilən vandallığı necə qəbul etdiklərini soruşaq. Fransanın Ermənistanı silahlandırmasını təbii qəbul edib, bu «dəstəyi» sürətləndirməyi Prezident Emmanuel Makrona «tövsiyə edən» senatorların Azərbaycana qarşı sanksiyalar tətbiqi ilə bağlı sərsəmləmələri «Özü çalıb, özü oynamaq», «siyasi şizofreniya» xəstəliyinin əlamətidir

Azərbaycanla birgə Türkiyəyə də böhtan atan, əvvəllər təsdiqləyib, sonra Fransa Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv olunan « erməni soyqırımı» kimi saxta ittihamı yenidən «yada salan» senatorların əsas məqsədi Avropada antitürk siyasətini aktuallaşdırmaqdır.

Əsrlərlə müstəmləkə kimi itaət altında saxladığı bəzi Afrika ölkələrindən qovulduğu üçün ciddi sarsıntılara məruz qalan Fransa Ermənistana dəstəyi ilə mənfur niyyətini başqa bölgələrdə reallaşdırmağa çalışsa da aydın başa düşür ki, Cənubi Qafqaz onun neokolonist mərkəzinə çevrilməyəcək. Çünki yenilməz Azərbaycan faktoru Ermənistan kimi qaniçən Fransanın qarşısında keçilməz səddir. Yaxşı olar ki, senatorlar sonrakı iclaslarında reallığa daha uyğun , ürəklərincə olan bir məsələni də müzakirəyə çıxarsınlar. Marselin adını Stepanakertlə əvəzlənməsi ilə bağlı qərar qəbul etsinlər. Bir məsələni də unutmasınlar ki, Azərbaycana, Türkiyəyə göstərilən ədalətsizliklərin, müdaxilələrin qarşısı hər iki qardaş ölkənin birlik və həmrəyliyi ilə alınacaq.

«Yəni, cəmiyyətin, sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik» söyləyən Prezident İlham Əliyev ədalətin həqiqi qoruycusu olduğunu dəmir yumruğu və Zəfəri ilə təsdiqlədi.

Xuraman İsmayılqızı, «İki sahil»