20 yanvar 2024 01:37
424

Avropanın, yoxsa ermənilərin Parlamenti?

Görəsən bu bəd niyyətli qurum hansı dağıdılan irslə bağlı hesabat ortaya qoyacaq…

44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri ilə separatizmə birdəfəlik son qoyan Azərbaycana qarşı mütəmadi qərəzli çıxışlar edən Avropa Parlamenti bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Belə ki, bu ermənipərəst qurum  yanvarın 24-də “Qarabağda erməni mədəni və dini irsinin qorunması” adı altında növbəti dəfə bədnam, qərəzli  konfrans keçirmək niyyətindədir. Konfransın təşəbbüskarı isə anti-Azərbaycan, anti-Türkiyə mövqeyi, bir sözlə, ermənilərə olan simpatiyası  ilə seçilən Miriam Leksmanndır.

Belə bir tədbirin yanvarın 17-də Fransa Senatının ermənipərəst hakimiyyət dairələrinin anti-Azərbaycan sifarişlərini yerinə yetirərək ölkəmiz və onun suverenliyi, ərazi bütövlüyü əleyhinə növbəti qərəzli, birtərəfli, əsassız qətnamə qəbul etməsindən sonra keçirilməsi şübhəsiz, heç də təsadüfi deyil. Bu, bir daha Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyində Fransa Senatı ilə ortaq “dəyərlər”ə malik olmasından xəbər verir. Belə qənaətə gəlmək olar ki, bunun sifarişçisi elə Makron Fransasıdır.

Şübhəsiz, Avropa Parlamentinin bu növbəti təxribatının əsasını yenə də hayların və onların havadarlarının hazırladıqları saxta məlumatlar təşkil edəcək. Sual olunur: Görəsən, bu qurum hansı dağıdılan mədəni irslə bağlı hesabat ortaya qoyacaq? Axı Qarabağda erməni separatizminə son qoyulduqdan sonra bölgəyə gələn BMT kimi mötəbər bir qurumun missiyası heç bir dağıntı  qeydə almayıb. Amma azərbaycanlılar Ermənistan və Qarabağdan qovulanda, onların mədəni və dini irsi 30 il ərzində erməni vandalları tərəfindən talananda nədənsə belə  mövzular yada düşmürdü. Halbuki, işğal dövründə haylar tərəfindən Qarabağ və Şərqi Zəngəzur ərazilərində fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Separatçıların 30 ildə törətdikləri vəhşilik təkcə məscidləri dağıtmaqla bitməyib. Onlar Şuşada Vaqifin məqbərəsi, Bülbülün ev muzeyi, Qaraağac qəbiristanlığındakı yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi daxil olmaqla XIX əsrə aid 4 türbəni də tamamilə məhv ediblər. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıdılıb, İbrahimxəlil xanın türbəsi yerlə-yeksan olunub, Kəlbəcərdə XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri Ermənistana daşınıb, məşhur Azıx mağarasında qanunsuz qazıntılar aparılıb və s. Qərbi Azərbaycanda isə vax­tilə azərbaycanlıların yaşadıqları yüzlərlə kənd zorla boşaldılıb və bu gün xaraba vəziyyətdədir. Azərbaycan isə bu gün də öz ərazisindəki müxtəlif xalqlara, o cümlədən ermənilərə aid  bütün  mədəni və dini irsi göz bəbəyi kimi qoruyur. Elə bu faktın özü məsələyə qərəzli və ikili standartlarla yanaşımağın təzahürüdür.

Qeyd edək ki, 2023-cü il oktyabrın 5-də Qarabağda aparılan antiterror tədbirləri pisləyən Avropa Parlamenti bunun məsuliyyətini daşıyan şəxslərə sanksiya tətbiq edilməsinə, Avropa İttifaqının rəsmi Bakı ilə münasibətlərinə yenidən baxmasına çağırış edən qətnamə qəbul etmişdi. Bu qurumun Xarici əlaqələr komitəsinin ötən ilin noyabrın 29-da qəbul etdiyi illik hesabatda Azərbaycanla bağlı beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fikirlər yer almışdı. Şübhəsiz, bütün bunların fonunda Ermənistanı və erməniləri daim dəstəkləyən, erməni separatizminə göz yuman Avropa Parlamentinin hansı məzmunda və necə hesabat hazırlayacağını öncədən təxmin etmək üçün heç də Nostradamus olmağa gərək yoxdur. Bütün bunlar belə bir qəti qənaətə gəlməyə əsas verir ki, erməni parlamenti rolunu oynayan bu qurumu bölgədə sülh və əmin-amanlıq deyil, gərginlik, münaqişənin yenidən alovlanması maraqlandırır.

Elə bu kimi səbəblərdən Azərbaycan 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək, seçki öncəsi durumu öyrənmək üçün dövlətimizə qarşı daim qərəzli mövqe tutan, bəyanatlar səsləndirən, hətta rəhbərliyi səviyyəsində Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verən, irqçi, islamofob, azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə ad çıxaran, bir sözlə, beynəlxalq prinsipləri arxa plana keçirən Avropa Parlamentini  ölkəmizə dəvət etməyib. Bütün bunları bilə-bilə bu ikiüzlü qurum belə bir açıqlama ilə çıxış edib ki, Azərbaycana seçki ilə əlaqədar müşahidəçi göndərməyəcəklər. Buradan belə anlaşılır ki, guya  Avropa Parlamentinin gəlməsi gözlənilirmiş, ancaq onlar imtina edirlər. Halbuki,  Azərbaycan Avropa Parlamentinə növbədənkənar seçkilərdə müşahidəçilik üçün dəvət yollanılmayıb.

Sonda onu da bildirək ki, Azərbaycan Qarabağı erməni separataçılarından  azad etməklə, öz suverenliyinə qovuşmaqla, Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla bütövlükdə regionu sülhə yaxınlaşdırıb. Amma görünən odur ki,  bu fakt Fransa Senatı kimi, Avropa Parlamentinin də ürəyincə deyil. O ki qaldı Avropa Parlamentinin  qəbul edəcəyi sənəd adlandırdıracaqları  kağız parçasına,  Azərbaycan o qədər belə kağız parçaları ilə üzləşib ki… Bu kimi addımların, Azərbaycanın iradəsinə, regiondakı proseslərə təsir edə bilməyəcəyi gün kimi aydındır.

Qvami Məhəbbətoğlu, “İki sahil”