20 yanvar 2024 02:36
449

Fransa Senatının qəbul etdiyi qətnamələrin heç bir hüquqi qüvvəsi yoxdur

Fransa Senatının sonuncu qətnaməsi ikiüzlülüyün bariz nümunəsidir

Bu ölkənin Azərbaycana qarşı qərəzli addımları məqsədli xarakter daşıyır, onun xarici siyasətinin tərkib hissəsinə çevrilib. Bütün bunlar Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu açıq-aşkar göstərir. Fransanın ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyduğu birinci hal deyil. Vətən müharibəsinin elə ilk günlərində Fransa Prezidenti  «Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik», – deyə beynəlxalq hüquqa zidd olan bəyanat verdi.

Vətən müharibəsindən artıq üç ildən artıq vaxt  keçməsinə baxmayaraq Fransa keçmiş münaqişənin həllində heç vaxt maraqlı olmadığını, özünün əsl ermənipərəst mövqeyini açıq şəkildə və həyasızcasına nümayiş etdirir. Azərbaycan Ordusunun Qarabağda keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirlərindən artıq dörd ay ötür. Qarabağdan könüllü şəkildə gedən ermənilərin əhəmiyyətli bir hissəsi isə artıq Ermənistanı tərk edib. Çünki həmin ermənilərin Ermənistan vətəndaşı olmalarına baxmayaraq, onlar orada özlərini yad hiss edirlər. Bu baxımdan Ermənistanda gedən müzakirələr artıq Qarabağın erməni sakinləri ilə bağlı deyil, daxili siyasi böhranla əlaqəlidir.

Bütün bunların fonunda Fransa Senatının Qarabağla bağlı yeni qətnaməsi qərəzli və əsassız görünür. Qətnamədə faktlara istinad olunmadan, beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə hörmətsizlik nümayiş etdirilir. Məsələn, mətndə Azərbaycan və “müttəfiqləri” tərəfindən Ermənistan ərazisindən qoşunların çıxarılması kimi cəfəng tələblər də yer alır. Bəyanatda bundan əlavə, Türkiyənin adı bir neçə dəfə yersiz olaraq çəkilir. Bu cəfəng bəyanatlardan ibarət qətnamənin Qarabağda baş verənlərlə əlaqəsi azdır, əsas məqsəd isə başqadır. Fransız siyasi elitası bu yolla həm də Azərbaycanı “vurmaq” istəyir.  Çünki bölgədə fransız casus şəbəkəsinin ifşa edilməsi də daxil olmaqla, ölkəmizin Fransanın regiona “soxulmaq” cəhdlərinin qarşısını alması son proseslərin əsas məqsədini təşkil edir. Fransanın Azərbaycana qarşı uğursuz həmlələri, regionda möhkəmlənmək cəhdlərinin iflasa uğraması bu ölkənin regiondakı nüfuzuna ciddi zərbə oldu. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi  Xidməti Fransa casus şəbəkəsini zərərsizləşdirməklə təkcə Azərbaycanı deyil, region ölkələrini və müəyyən qədər MDB dövlətlərini Parisin çirkin siyasətindən qorumuş oldu. İfşa edilən şəbəkə bizim regionda kök salmışdı və onların Azərbaycandakı uzantılarının məhvi Fransa kəşfiyyatına çox böyük zərbə oldu. Göründüyü kimi, son aylar Azərbaycan-Ermənistan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi rəsmi Parisi narahat edir. Fransa müxtəlif vasitələrlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə maneçilik törətməyə çalışır. Həmçinin Fransa Ermənistana silah-sursat satmaqla onun Azərbaycanla münasibətlərinin normallaşmasına zərbə vurur, oradakı revanşist qüvvələri yeni müharibəyə həvəsləndirir. Amma bütün bunlar heç bir nəticə verməyəcək və mövcud reallığı dəyişməyəcək. Bu gün də Fransa müstəmləkəçilik siyasətindən əl çəkmir. Buradan məlum olur ki, işğalçılıq bu ölkənin fitrətindədir və həm də bu səbəbdəndir ki, Azərbaycanın Ermənistan işğalına son qoymasından bu qədər narahatlıq keçirir.

Fransa Senatının bu qətnaməsi də əvvəlkilər kimi, bizim üçün gərəksiz kağız parçasından başqa bir şey deyil.  Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində müəyyən xarici dairələrin, xüsusilə Fransanın Cənubi Qafqazda gərginlik yaratmaq üçün atdığı addımlara da münasibət bildirdi. Qeyd etdi ki, Fransa, artıq, heç bir başqa amillərlə maskalanmayaraq, açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı - qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi və sair: « Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə, onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik.»

Bu gün  insan hüquqlarını kobud şəkildə pozmaqdan çəkinməyən Fransa siyasətinin hansı mərama xidmət etdiyi gün kimi aydındır. Fransanın bu mövqeyi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədir, xalqların rifahına və təhlükəsizliyinə xidmət etmir. Dövlətimizin başçısı birmənalı şəkildə bildirdi ki, Azərbaycan sülh gündəminə sadiqdir, ancaq milli maraqlarına hər hansı bir təhlükə hiss edərsə, adekvat tədbirlər görməkdən çəkinməyəcək. Dövlət başçımız aydın şəkildə xəbərdarlıq etdi ki, Ermənistanı yeni müharibəyə həvəsləndirən Fransanın geosiyasi ambisiyaları olduqca cılız görünür: “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”.

Dövlətimizin başçısının hər bir çıxışı, xalqa müraciəti, müsahibələri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə zəngindir. Cənab İlham Əliyev müsahibəsində həm İrəvana, həm də Parisə belə bir mühüm ismarıc da ünvanladı ki, kənar güclərin Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına qarışması gözlənilən nəticəni verməyəcək. Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan sülh danışıqlarında heç bir zəmanətçilərə ehtiyac duymur: “Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.

Qələbəmizdən sonra Fransa hökuməti beynəlxalq müstəvidə ölkəmizə qarşı qarayaxma kampaniyası apararaq, bir çox beynəlxalq təşkilatlar vasitəsilə sanksiyaların qəbul edilməsinə cəhd göstərib. Lakin Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasət, beynəlxalq təşkilatlarla qurulan düzgün münasibət sayəsində bütün mənfi tendensiyaların qarşısı alınıb. Artıq sübut olunub ki, Azərbaycanla güc yolu, təzyiq və şantaj vasitəsilə danışmağın perspektivi yoxdur. Dövlətimizin yürütdüyü siyasət sivil dünyanın qəbul etdiyi, beynəlxalq hüquqa və təcrübəyə əsaslanan, hamılıqla qəbul edilən prinsiplərə əsaslanır. Həm də bilirik ki, bizi “soyqırımı”, “sürgün” və “təcavüz” törətməkdə ittiham edən ölkələr uzun illərdir milyonlarla insanı qətlə yetirən, soyqırımları həyata keçirən, dövlətlərin daxili işlərinə qarışan, onları istismar edən, neokolonilizim siyasəti aparan dövlətlərdir. Azərbaycanın BMT-nin 4 mühüm qətnaməsini icra etməklə Qarabağı işğalçılardan azad etməsini Paris alqışlamaq əvəzinə beynəlxalq hüquqa qarşı kampaniya aparır. Bildiyiniz kimi, Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Hətta Ermənistan dövləti belə, bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, rəsmi Paris buna qarşı çıxıb Fransa Senatı “erməni mədəni irsi”nə görə narahat olursa, qoy onda Fransanın əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələri ilə məşğul olsun. Fransanın Qarabağa göndərmək istədiyi UNESCO missiyası elə Fransanın özünə göndərilməlidir ki, həmin oğurlanmış irs nümunələrinin əsl sahiblərinə qaytarılmasını təmin etsin.

Qarabağ ermənilərinin geriyə qayıdışından danışan səlibçi mentalitetli Fransa Senatı başa düşməlidir ki, qayıdış qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana -öz doğma yurd yuvalarına qayıdışı təmin edilməlidir.

Şəmsiyyə Əliqızı, «İki sahil»