20 yanvar 2024 02:57
350

Böyük yalanlarla yaşamağın faciəli sonluğu

Ermənistanın “Past” nəşri: Verilən vədlərə baxmayaraq, ordu yarıtmaz durumdadır, qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı durmadan artır

Ordu dövlətin əsaslarından biridir. Onun başlıca vəzifəsi təmsil etdiyi dövlətin ərazi bütövlüyünü qorumaqdır. Bu, bütün ordular üçün vacib prinsipdir. Deməli, ordu öz dövlətinin ərazisini və təhlükəsizliyini qorumaqla məşğul olur. Ermənistanın da ordusu var. Hər il yanvarın 28-də onun yaranmasının ildönümü qeyd olunur. Təəssüf ki, bu ordu qurulmağa başladığı ilk gündən özünü terrorçu təşkilat kimi aparıb. Hələ Birinci Dünya müharibəsi illərində Fransa, Rusiya və başqaları erməniləri Osmanlı dövlətinə qarşı mübarizə aparmaq məqsədilə silahlandırırdı. Ermənilərin milli qəhrəman saydıqları Andranik Ozanyanın fəaliyyətini yada salaq. O, Osmanlı dövlətində paşa rütbəsi alıb. Çar Rusiyası sonrakı xidmətlərinə görə ona general rütbəsi verib. Ermənilərin milli qəhrəmanı sayılan Qaregin Njdenin fəaliyyəti də satqınlıq üzərində qurulub. O, İkinci Dünya müharibəsi illərində faşist Almaniyası ilə əməkdaşlıq edib. Njde faşistlərlə birlikdə yəhudi soyqırımında iştirak edib. Andranik və Njde türkü ermənilər üçün düşmən kimi təbliğ edənlərin liderləri olublar. Onlar mənsub olduqları etnik qrupun bir əsrdən artıq yalanla tərbiyə olunmasında iştirak ediblər. Başqa sözlə, onlar havadarlarının uydurduğu yalanları cücərdib yaymaqla ermənilərə qarşı ən böyük xəyanəti edib. İndi Ermənistanda reallığı qəbul edənlər yaşadıqları faciələrinin əsasında Andranik və Njde kimi təbliğ etdikləri yalanların durduğunu etiraf edirlər. Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri ordunun yaranmasının 30 illiyi ilə bağlı jurnalistlərə açıqlamasında böyük yalanlara toxunaraq demişdir: “Yalanlarla yaşamaq yetər. Başımıza gələn faciələr böyük yalanların nəticəsidir”.

Böyük yalan, “Böyük Ermənistan” ideyası və terror düşüncəsi əsasında fəaliyyət göstərən Ermənistan ordusu son 30 ildə də terrorçuluqla məşğul olub. 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı rayonu ərazisində azərbaycanlıların soyqırımının müəlliflərindən biri Rusiyanın 366-cı motoatıcı alayıdırsa, biri də Ermənistan “ordusudur”. Sonralar Xocalı soyqırımının təşkilində birbaşa iştirak etmiş Robert Koçaryan və Serj Sarkisyan Ermənistana prezidentlik etməklə həm də bu ordunun ali baş komandanı olublar. 2020-ci ildə 44 günlük müharibə isə böyük yalanlar və terror düşüncəsi əsasında yaradılan bu ordunu məhv etdi. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində onlara böyük yalana qulluq etməyin və terroru örnək götürməyin faciəli olduğunu göstərdi. Həmin 6 həftəlik döyüşə dözə bilməyən Ermənistan ordusu hələ də formalaşa bilmir.

Ermənistanın “Past” nəşri yazır ki, verilən vədlərə baxmayaraq, ordu yarıtmaz durumdadır. Nəşr qeyd edib ki, qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı durmadan artır. Baş verən hadisə nə qədər erməni cəmiyyətinin bir hissəsi olsa da, ölkədəki hakim rejim belə hadisələrə biganə qalır: “Vaxtilə bugünkü rejimin lideri Nikol Paşinyan əsgərin orduda, xüsusən də qeyri-döyüş şəraitində ölməsi ilə bağlı istənilən hadisəni özünün əsas çıxışına çevirirdi. Söhbət, hətta “keçmiş” Nikol Paşinyandan getmir. Söhbət “müxalifətdə işləyən” və “xalq tribunası” hesab edilən Paşinyandan gedir. Amma indi vəziyyət başqadır. İl yeni başlayıb, amma artıq Ermənistan ordusunda azı 4 itki var və heç kim buna görə cavab verməyib”. Bir neçə gün öncə isə Ermənistan ordusunun Basarkeçərdə yerləşən mövqelərində iki zabitin qətlə yetirilməsinin təfərrüatı məlum olub. Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan bu xüsusda qeyd edib: “İlkin məlumatlara görə, qətl qumar borcuna görə baş verib. Hazırda araşdırma aparılır”.

Qeyd edək ki, yanvarın 9-da leytenant Mikael Danielyan və zabit Karen Karapetyan Basarkeçərdə yerləşən mövqelərdə öldürülüblər. Parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan da baş verənlərlə bağlı maraqlı açıqlama verib. O bildirib ki, Ermənistan silahlı qüvvələrində qumar oyunları ilə bağlı ciddi problemlər var. Deputat bu sahənin ciddi nəzarətə götürülməli olduğunu vurğulayıb: “Heç kimə sirr deyil ki, narkotrafik və narkomaniyadan sonra bizim ən böyük problemimiz qumar oyunlarıdır. Bir çox ailə bundan əziyyət çəkir. Müvafiq qanun layihəsini dəstəkləyirəm, çünki bu, silahlı qüvvələrdə bu sahəyə nəzarət etməyə imkan verəcək. Deməliyəm ki, orduda qumarla bağlı ciddi problem var... Hərbi qulluqçuların xidmət zamanı qumar oyununa cəlb edilməsi açıq-aydın çox böyük mənfi nəticələrə gətirib çıxarır”. Erməni hərbi ekspert Hayk Nahapetyan bu fonda qeyd edir: “Orduda dinc şəraitdə ölənlərin sayı Ermənistan silahlı qüvvələrinin nizam-intizamından və əhval-ruhiyyəsindən xəbər verən ciddi göstəricidir. İki zabitin ölümü isə qeyri-döyüş itkisidir və eyni ordu korpusunda bu, özlüyündə vəziyyətə nəzarət etmədiklərini göstərir. Bildiyimə görə, bu hərbi hissənin komandiri vəzifəyə yeni təyin olunub və baş verənləri onun üzərinə yıxmağa çalışsalar, başqaları məsuliyyətdən yayınacaq”.

Orduda qumar və digər neqativ halları Ermənistan parlamentində sual-cavab zamanı baş nazir Nikol Paşinyan da etiraf edib. O vurğulayıb ki, hərbi qulluqçulara qanunvericilik səviyyəsində mərc oynamağı qadağan etməyi əmr edib: “Hərbi qulluqçuların qeyri-döyüş şəraitində həlak olmasının səbəbləri dərindir, lakin biz tədbirlər görürük. Mən tapşırdım ki, hərbi qulluqçulara qanunvericilik səviyyəsində mərc etmək qadağan olunsun. Biz institusional qərar verməliyik”.Orduda baş verən hadisələrə toxunan Paşinyan daha sonra bildirib: “2018-ci ilə qədər orduda qeyri-döyüş şəraitində 1000-ə yaxın insident baş verib və bunun səbəbləri çox dərin olub. Biz müdafiə nazirilə sonuncu məsləhətləşmədə danışdıq, dedim ki, bəli, gedin, qanunvericilik aktlarını düzəldin, hərbi qulluqçulara mərc etməyi qadağan edin. Çünki insan tələyə düşəndə, on milyonlarla borc toplayanda, sonra həmin borc sahiblərinin təzyiqindən bezir və nəsə etmək qərarına gəlir. Bəli, əlbəttə ki, bu bizim məsuliyyətimizdir, lakin biz institusional həllər təqdim etməliyik. Ya da zəng edəndə deyirlər ki, süfrə açılıb, uşağımızı necə istəyirsiniz gətirin, yerinə çatdırın. Bunun üçün də hər cür vasitədən istifadə edirlər”. İndi belə bir ordu ilə Azərbaycana qarşı revanşdan danışan ermənilərin istəkləri sadəcə gülməlidir.

Sevinc Azadi, “İki sahil”