19 yanvar 2024 10:06
238

Qəhrəmanlıq salnaməsi

Bəli, artıq 34 il keçir... 20 Yanvar... Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq  kimi həkk olunan bu gün müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcıdır.

1990-cı il Qanlı 20 Yanvardan bir neçə gün əvvəl Bakı ətrafında yerləşdirilmiş ordu birləşmələri yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə soxuldu. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, əsgərlər hər kəsə atəş açırdılar. Həmin gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Ulu Öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir. Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Həmin Qanlı Yanvar günündən artıq 34 il ötür. İllər keçdikcə bu hadisəyə baxışlar dəyişir. Vaxtilə bu faciəyə görə ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi kədərlə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır.

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı gün kimi yazılıb.

Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.

İradə Musayeva,
YAP Xətai rayon təşkilatının üzvü