18 yanvar 2024 23:06
324

Güclü dövlət, yüksək rifah

Dövlət başçısı İlham Əliyev ilk gündən bu hədəfi qarşıya qoymuşdu ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır

“Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən  vəzifələri yerinə yetirməyə hazırıq.  Bazar iqtisadiyyatı davam etdiriləcəkdir. Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi artacaqdır, iş yerləri də açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə bu istiqamət də Azərbaycan üçün lazımdır.”  Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi ilk müsahibəsində  onu da bildirmişdir ki, əlbəttə, sosial məsələlər, ordu quruculuğu, qaçqın-köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, əziyyət içində yaşayan insanların, pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılması, onların taleyi ilə ciddi məşğul olacağam: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının  Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin.”

Artıq o zamandan 20 ildən çox vaxt keçib. Bu gün büyük qürur hissi ilə bəhs etdiyimiz reallıqlarımızdan biri Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsidir. Son 20 ildə cənab İlham Əliyevin qeyd olunan hədəflərin həyata keçirilməsi istiqamətində atdığı addımlara və onların miqyasının genişləndirilməsinə diqqət yetirmək kifayətdir. Azərbaycanın bütün sosial-iqtisadi göstəriciləri təsdiqləyir ki, ölkə dinamik şəkildə inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində hərtərəfli inkişafı təmin edir. 2003-cü ildə Dövlət Neft Fondunun vəsaitlərinin  həcmi 800 milyon  dollar idi.  Cənab İlham Əliyev 2003-cü ildə andiçmə mərasimində bu rəqəmi açıqlamaqla yanaşı, bu çağırışı da etmişdir ki,  hər bir vətəndaş   ölkəsinin  valyuta ehtiyatlarının  nə qədər  olduğunu və hansı istiqamətlərə xərcləndiyini bilməlidir. Bu mühüm məqam da qeyd edilmişdir ki, Neft Fondundan ayrılan vəsait, ilk növbədə, Azərbaycanda ən çətin vəziyyətdə yaşayan qaçqın-köçkünlərə, onların həyat səviyyəsinin yaxşılaşdırılnası üçün sərf olunur. Cənab İlham Əliyev bu hədəfi də qarşıya qoymuşdu ki, bir dənə də olsun çadır düşərgəsi qalmayacaq. Onlar müasir evlərlə əvəzlənməlidir. Qeyd edək ki, 2023-cü ilin 1 oktyabr tarixinə olan məlumata görə, Dövlət Neft Fondunun aktivlərinin həcmi 55 524 mln. ABŞ dollarıdır. 20 ildə Fondun vəsaitlərində nə böyük həcmdə artım olduğu göz qabağındadır. Bu, onu göstərir ki, neft gəlirlərinin idarə olunmasında şəffaflıq kriteriyaları yüksək səviyyədə qorunur, təyinatı üzrə xərclənmələrə xüsusi diqqət göstərilir. Dövlət başçısı İlham Əliyev daim bu məqamı xüsusi qeyd edir ki, neftlə zəngin çox ölkələr var. Heç də onların hamısına bu resurslar uğur gətirmir.  Əhali arasında təbəqələşmə prosesi gedir. Amma Azərbaycanda tamamilə fərqlidir. Neft gəlirlərinin bölgüsündə şəffaflığın yüksək səviyyədə qorunması, ədalət prinsipinə xüsusi önəm verilməsi Azərbaycanın belə problemləri yaşamasına imkan vermir. Ölkəmizdə təbəqələşmə prosesi getmir. İnsanların sosial müdafiəsinin gücləndirilməsi daim prioritet məsələ olaraq öndədir.

Ölkəmizdə həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq aləmdə sosial dövlət kimi yerini və rolunu möhkəmləndirir. Sosial dövlətdə islahatların mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru dayanır. «İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir» söyləyən cənab İlham Əliyev bildirir ki, söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır.

Burada  söhbət insanlara diqqət və qayğıdan, sosial dövlət anlayışından gedirsə, cəmiyyətdə sosial ədalətə, sülhə və əməkdaşlığa söykənən münasibətlər formalaşmalı, hər bir vətəndaşa bərabər imkanlar yaradılmalı, göstərilən xidmətlər hər kəsə əlçatan və rahat olmalıdır. Dövlət başçısı İlham Əliyev məhz bu kimi amilləri önə çəkərək hər bir çıxışında bildirir ki, əgər insanlar görülən işlərdən razı qalarsa, onda mən də razı olaram. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi böyük ruh yüksəkliyi yaradır. Cənab İlham Əliyev bu məqamı da xüsusi vurğulayır ki, mən xalqa güvənir, xalqdan güc alıram.

Cənab İlham Əliyev hər bir addımı ilə hər kəsin Prezidenti olduğunu təsdiqləyir. İctimaiyyət nümayəndələri ilə hər görüşünə diqqət yetirərkən onun səmimiyyətinin, insanların qayğıları ilə yaxından tanış olmasının və həlli istiqamətində atdığı addımların əhalidə nə qədər xoş ovqat, yüksək əhval -ruhiyyə yaratdığını görürük. Bu gün paytaxt və bölgələrə, kənd və qəsəbələrə diqqət yetirərkən böyük inkişafın, tərəqqinin, sağlam rəqabətin şahidi oluruq. Son üç ildən artıq dövrdə  tarixi Zəfərimiz fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də vətəndaş məmnunluğunun artırılmasının prioritet olduğunu nümayiş etdirir.

Sosial xidmət sahəsində atılan addımlar da diqqətdən kənarda qalmır. Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”, DOST mərkəzlərinin  yaradılması da əsas hədəflər sırasındadır. Həyata keçirilən hər bir sosial layihə ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. İqtisadi islahatlar dərinləşdikcə bu ilk növbədə özünü güclü sosial siyasətdə nümayiş etdirir.

Hər yeni il vətəndaşlarımızın xoş ovqatının daha da yaxşılaşmasına yönələn Prezident sərəncamları ilə yadda qalır. Eyni zamanda, artıq üç ildir ki, hər yeni ilin ilk ayında dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərək ötən illərin uğurları əsasında qarşıdakı dövrün hədəflərini açıqlayır. Son üç ilin hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasını genişləndirmək və soydaşlarımızın Böyük Qayıdışını daha da sürətləndirməkdir.

Daim bu çağırış səsləndirilir ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir. Prezident İlham Əliyev əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət edən addımların fonunda bu reallığı diqqətə çatdırdı ki, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə deyil, müntəzəm olaraq atılan addımlardır. İqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq. Ünvanlı sosial yardımın verilməsi, şəhid ailələrinə və müharibə əlillərinə dəstək əsas prioritetlər sırasındadır.

Sosial sahə çoxşaxəlidir. Bura özünəməşğulluq proqramını da əlavə etsək, əhalinin sosial müdafiəsinin gündən-günə daha da gücləndirilməsi üçün mühüm layihələrin icrasının prioritet olduğunu görərik. O da məlumdur ki, ölkəmizdə ABAD mərkəzləri yaradılır ki, bunlar ailə təsərrüfatlarına asan dəstəyi göstərməklə həm özünüməşgulluğun inkişafına, həm də bu əsasda insanların sosial rifah halının yaxşılaşmasına öz töhfələrini verirlər. Özünüməşğulluq proqramının əhatə dairəsi gündən-günə genişlənir. Hətta Azərbaycan beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb edib. Azərbaycan sosial dövlət olduğunu sözdə yox, əməldə təsdiqləyir.

Hər bir ölkənin iqtisadiyyatının aynası dövlət büdcəsidir. Cənab İlham Əliyev daim bildirir ki, yeni ilin dövlət büdcəsi əvvəlki ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından zəngin olmalıdır. 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 397 645,0 min manat, yerli gəlirləri 775 355,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 978 197,0 min manat, yerli xərcləri 784 803,0 min manat) məbləğində təsdiq edilib. Dövlət büdcəsindən ayırmalarda  işğaldan azad edilmiş ərazilərin bərpasına və müdafiə gücümüzün artırılmasına xüsusi diqqət göstərilir.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən sosial-iqtisadi göstəricilərin rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasını qarşıya əsas hədəf kimi qoydu. Əmək haqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılmasının vacibliyi bildirildi. Təbii ki, bu, ölkəmizin iqtisadi inkişafı ilə sıx bağlıdır. Azərbaycanın iqtisadi imkanları artdıqca, bu, ilk növbədə özünü güclü sosial siyasətdə nümayiş etdirir. Nəzərə alsaq ki, son üç  ildən artıq dövrdə  işğaldan azad edilmiş ərazilərimizdə sıfırdan başlanan bərpa-quruculuq işləri Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir, bununla paralel olaraq əhalinin sosial rifahının yaxşılaşdırılması da prioritetliyini qoruyur, bu, vətəndaş amilinin dövlətimizin siyasətində nə qədər öndə dayandığının göstəricisidir. Hər zaman xalqa güvənən dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin hər biri dəstəklənir, xalq-Prezident birliyini daha da möhkəmləndirir. Hər bir addımda özünə diqqətin, qayğının şahidi olan xalqın Prezidentinə sevgisi şəksizdir.

Dövlət başçısı İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində əsas diqqəti işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin miqyasına yönəldərək bildirmişdir ki, bu günə qədər görülən işlər göz qabağındadır.  Əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə Prezident İlham Əliyev tərəfindən  təsdiq olunacaq.  Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı  əsas alətimizdir. Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək: “Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamışdır onların inşaatı, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr, suvarma ilə bağlı qeyd etdiyim su anbarları, məsələn Sərsəng Su Anbarı - bu gün anbarda ancaq 50 faiz su var. Çünki işğal dövründə ermənilər ancaq onu istismar ediblər. Yəni, oraya bir qəpik də vəsait qoyulmamışdı. Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi, indi bu yaxınlarda açıldı. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik. Suqovuşanı biz yenidən qurduq, indi kanallar çəkilir. Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək. Yəni, keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır. Onu da bildirməliyəm ki, qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı bizim qurumlarımız ciddi məşğuldur və həm gedənə qədər onlar üçün treninqlər keçirilir, həm də yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.”

Bu mühüm məqam da qeyd edildi ki, bütün  infrastruktur layihələri bu il daha böyük sayda keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılmasına imkanlar yaradır. Bu il  soydaşlarımızın beş şəhərə - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və  Xocalı şəhərlərinə qayıdışı olacaq.  Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək. Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Şuşanın Turşsu kəndlərinin də bərpasına artıq start verilir.  Hədəfimiz 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Cənab İlham Əliyev bildirdi ki, buna da nail olacağımıza əminik.  Azərbaycan bu ərazilərdə bütün işləri sıfırdan  öz daxili imkanları hesabına həyata keçirir: “Dövlət öz üzərinə düşən vəzifəni icra edəcək, biz keçmiş məcburi köçkünləri qaytaracağıq. Amma, eyni zamanda, mən hesab edirəm ki, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır. Təbii ki, məsələn, Bakıdan, ya Sumqayıtdan oraya gedib yaşamaq istəyən getsin, ev alsın özünə, mənzil alsın, torpaq alsın, ev tiksin və orada yaşasın. Yəni, onun üçün dövlət, təbii ki, heç bir ev tikən deyil.” Dövlət başçısı bu çağırışı da etdi ki, biz orada yaşamaq istəyənlər üçün evlər tikirik, orada bir bağ evi əldə etmək istəyən üçün yox. Ora bağ evi deyil, ora yaşamaq yeridir. Kim orada yaşamaq istəyirsə, dövlət onun üçün pulsuz ev də tikir, hər şey də təşkil edir: “Əgər kimsə orada, sadəcə olaraq, gözəl təbiəti və təmiz havanı nəzərə alaraq köçmək istəyirsə, özəl sektor onlar üçün orada, məsələn, Ağdam şəhərində indi özəl sektor bir yaşayış kompleksi inşa edir, çoxmərtəbəli ev, kim istəyir gedib ondan ev alar, orada da yaşayar. Daşaltıda da, Hadrutda da bu gün bu layihələr icra edilir.”

Bütün hallarda vətəndaş məmnunluğunun artırılması əsasdır. İşğaldan azad edilmiş ərazilərimizdə soydaşlarımızın gələcəkdə rahat şəraitdə yaşayışını təmin etmək  üçün atılan addımlara diqqət yetirmək kifayətdir. Dövlət başçısı ümumilikdə bütün bölgələrimizin sosial-iqtisadi inkişafını diqqətdə saxlayır. Bu günlərdə dövlət başçısının Lənkəran və Neftçala rayonlarına səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən  sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də sosial xitmətin təkmilləşdirilməsinə işıq salan “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının genişləndirilməsi bunu bir daha sübut edir. Cənab İlham Əliyev yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak etdi. Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Burada 214 əməkdaş və 40 könüllü çalışacaq. O da qeyd edildi ki,  fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində innovativ həll təmin edilib. Belə ki, mərkəzlərdə olan “ASAN növbə” terminallarına “Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə olunub. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd edilən yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Həmçinin qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Bu yeni layihə Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb. Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “ASAN xidmət” tərəfindən həyata keçiriləcək tədbirlərlə bağlı da konseptual plan hazırlanıb. Plana əsasən, bir sıra forum, müsabiqə, hakaton və festivallar təşkil olunacaq.

Dövlətimizin başçısına Lənkəran “ASAN xidmət” mərkəzində tətbiq olunacaq innovativ yeniliklər - İntellektual məhsul ixracı, Etimad Fondu, Dövlət Xidmətlərinin Akselerasiya Mərkəzi, Universal operator, Süni intellekt əsaslı xidmətlər və smart qolbaq barədə məlumat verildi. İşğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”lə əlaqədar bildirildi ki, mərkəzlərin qurulması üçün Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Hazırda ölkəmizdə 26 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Lənkəran “ASAN xidmət” mərkəzi sayca 27-cidir.

Bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə “ASAN xidmət” ilə yanaşı, DOST mərkəzlərinin yaradılması da prioritetdir. Vətəndaşlarımıza yüksək sosial xidmətin göstərilməsi məqsədilə müasir dövrün bütün tələblərini özündə əks etdirən  addımlar atılır. Bütün bu işlər onu deməyə əsas verir ki, “Güclü dövlət, yüksək rifah” dövlət siyasətinin əsasıdır.

Yeganə Əliyeva, “İki sahil”