19 yanvar 2024 00:23
1204

Fransa düzəlmir ki, düzəlmir...

Son illər Azərbaycana qarşı məntiqsiz iddiaları ilə gündəmdə olan rəsmi Paris regiona soxulmaq siyasətindən əl çəkməlidir

Azərbaycan tam suverenliyinə nail olduqdan sonra təcavüzkar Ermənistanın əli ilə Cənubi Qafqaza soxulmaq  istəyən Fransa ölkəmizə qarşı beynəlxalq platformalarda, eləcə də öz ölkəsində qondarma müzakirələr açımaqda, uğurlarımıza kölgə salmaqda davam etməkdədir. Elə srağagün sözügedən ölkənin Senatının Fransanın ermənipərəst hakimiyyət dairələrinin anti-Azərbaycan sifarişlərini yerinə yetirərək ölkəmiz və onun suverenliyi, ərazi bütövlüyü əleyhinə növbəti qərəzli, birtərəfli, əsassız qətnamə qəbul etməsi bunun sübutudur. ”Sənəd”də Qarabağ ermənilərinə qarşı “təcavüz”, Azərbaycana qarşı sanksiyaların tətbiqi əksini tapmaqla yanaşı, "erməni əhalinin Qarabağa qayıtmaq hüququna zəmanət verilməsi" tələb edilir.

Halbuki, həmin “sənəd”ə səs vermiş 295 senator bilməmiş deyil ki, Azərbaycan Qarabağ ermənilərini hər hansı təcavüzə məruz qoymayıb, Ermənistanın ərazi bütövlüyünü pozmayıb. Sadəcə, ölkəmiz öz ərazisində lokal antiterror əməliyyatı keçirib. Olmaya Azərbaycanın öz daxilindəki silahlı birləşmələri zərərsizləşdirmək hüququ yoxdur? Olmaya bununla bağlı Fransa ilə məslətləşməli idi? Həmin əməliyyat zamanı da heç bir erməninin burnu  qanamayıb. Onların qovulmasına gəldikdə isə bununla əlaqədar yüzlərlə videogörüntülər var. Həmin görüntülərdə Qarabağdan köçən ermənilərə “köçməyin” çağırışı edilir, onlar isə araiklərin, şahramanyanların belə bir göstəriş verdiklərini söyləyirlər. Göründüyü kimi, artıq gorbagor olmuş separatçı xunta rejiminin başçıları erməni əhalisinin Qarabağı tərk etməsi üçün əllərindən  gələni ediblər. Yəni, ermənilər İrəvandakı və Xankəndidəki başbilənlərinin iradəsi ilə belə bir addım atıblar. Hətta Qarabağın Azərbaycan ərazisi olduğunu, Qarabağdakı ermənilərin heç bir zorakılığa məruz qalmadığını, könüllü şəkildə Ermənistana köç etdiklərini Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də beynəlxalq qurumların nümayəndələri dəfələrlə bəyan ediblər.

Qarabağdan könüllü getmiş ermənilərin  geri qayıtmaları da mümkündür. Bunun üçün onların yalnız  Azərbaycanın vətəndaşlığını qəbul etmələri tələb olunur. Amma erməni əsilli şəxslər bunu etmək istəmirlər, daha doğrusu, Azərbaycan bayrağı altında yaşamağı özlərinə sığışdırmırlar. Rəsmi Bakı  öz ərazisində təcavüzkar ölkənin vətəndaşlarının kefləri istədikləri kimi yaşamalarına, yenidən qanunsuz silahlı dəstələr yaratmasına şərait yaratmalıdırmı?

Amma Ermənistanı silah-sursatla, hərbi texnika ilə təchiz edən, Avropa İttifaqının Ermənistandakı “mülki missiyası”nın, daha doğrusu, hərbi-casus şəbəkəsinin sayını günbəgün artıran, Afrika ölkələrindən qovulan, Cənubi Qafqazda ağalıq etmək sevdasına düşən Fransa yenə öz bəd niyyətindən əl çəkmir ki, əl çəkmir. Elə bu səbəbdən baş verməmiş olaylara özünün “ecazkar” rənglərini qatır. Şübhəsiz, bu, Fransa Prezidenti Makronun ölkəmizə qarşı olan kin-küdurətinin pik nöqtəsinə çatmasından xəbər verir. 

Xatırladaq ki, Fransa Senatı buna oxşar qətnaməni 15 noyabr 2022-ci il tarixində də qəbul etmişdi. 17 yanvarda yeni qətnamənin qəbul edilməsi isə göstərir ki, rəsmi Parisin ölkəmiz əleyhinə qərəzli siyasəti yeni mərhələyə qədəm qoyur. Bu mənada qəbul edilən  saxtakarlıq və qərəzkarlıqla hazırlanmış qətnamə Senat adına utanc gətirən bir “sənəd”dir. Bütün bunları dərindən analiz edəndə aydın olur ki, demokratiyadan dəm vuran, insan hüquqlarından ağızdolusu danışan, Rusiyanı regiondan uzaqlaşdırmağa cəhdlər edən Fransa Azərbaycan torpaqlarında separatizmin bərpası üçün dəridən-qabıqdan çıxır. Bir sözlə, Fransa Ermənistanla Azərbaycan arasında sülh əldə olunmasını istəmir. Son aylar Ermənistan–Azərbaycan şərti sərhədində sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi, görünür, Fransanı ciddi narahat edir. Bu mənada Fransa hökumətinin, eləcə də Senatının destruktiv və təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmamasına və Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə xidmət edir. Elə Paşinyanın müxtəlif bəhanələrlə sülh prosesini uzatmağa çalışmasının kökündə də Fransanın bu kimi addımları dayanır. Əks halda, iki ölkə arasında sülh müqaviləsi çoxdan bağlanardı. Bu məqamda gürcü politoloq Simon Kopadzenin bu sözlərini xatırlatmaq yerinə düşərdi: “Ermənistanın Azərbaycan ilə sülh prosesində tutduğu destruktiv mövqenin arxasında Fransa dayanır. Paris və İrəvan əlbir olub oyun qurub, amma onlar heç nə əldə edə bilməyəcəklər... Azərbaycan nə insan hüquqlarını pozub, nə əsirlərə  işgəncələr verib, nə də beynəlxalq hüquqa zidd hərəkət edib. Azərbaycan hər şeyi beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində edib”.

Sirr deyil ki, Fransa  indiyə qədər ən azı beş dəfə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamələr qəbul edilməsinə cəhdlər göstərib, amma ölkəmizin diplomatik gedişləri sayəsində istəyinə nail olmayıb. Üstəlik, Fransanın yaxın keçmişində mövcud olan çoxsaylı “qara ləkələr”i mütəmadi gündəmə gətirən rəsmi Bakı  Fransanın casus şəbəkəsini də ifşa edib. Amma  qarşısına ölkəmizi  gözdən salmaq, Azərbaycanın qəddar obrazını formalaş­dırmaq, dünyada ölkəmizə münasibətdə antipatiya yaratmaq məqsədi qoyan Fransa yenə öz ampluasındadır. Necə deyərlər, Fransa düzəlmir ki, düzəlmir.

 O ki qaldı bu həmin qətnaməyə, rəsmi Bakı öz prinsipial mövqeyini dəfələrlə bəyan edib: Təhdid yolu ilə, təzyiq, hədə-qorxu, şantaj ilə Azərbaycandan nəsə qoparmaq, onu öz haqq yolundan döndərmək  əbəsdir. Yeri gəlmişkən, fevralın 18-də  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirən, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edən Fransa Senatının qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib. Komitə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan Respublikası Hökumətinə  sözügedən ölkəyə qarşı sanksiyalar tətbiq edilməsi, “Total Energies” də daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması, həmçinin onların  dövlətimizin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atılması, Fransa ilə bütün iqtisadi əlaqələrin dayandırılması ilə  bağlı çağırışlar edib.

Qvami Məhəbbətoğlu, “İki sahil”