18 yanvar 2024 18:15
341

Azadlıq yolunda Qanlı Yanvar

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi eyni zamanda xalqımızın yenilməz əzmkarlığını, birliyini, vətənpərvərliyini təcəssüm etdirən və yaşadan salnaməsidir.

1980-ci ilin sonlarında Azərbaycanda güclənən siyası oyanış sovet rəhbərliyini ciddi narahat edirdi. Bu oyanışın qarşısının alınması və Azərbaycanı cəzalandırmaq üçün Kreml öncədən planlaşdırılmış hərbi cinayət törətdi. 1990-cı il yanvarın ortalarında SSRİ  Müdafiə və Daxili İşlər Nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrinin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasosnu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında yerləşdirilmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayon və şəhərlərinə yeridildi.

Göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Bakı Əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ Müdafiə naziri Dmitri Yazov, SSRİ Daxili İşlər naziri Vadim Bakatin, SSRİ Dövlət Təhlükəsizlik komitəsi sədrinin müavini Filip Babkov həyata keçirdilər. Hərbi kontingetin Bakını və rayonları zəbt etməsi xüsusi qəddarlıq və misli görülməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Əli qana batmış bu canilər və yeridilmiş ordu hissələri dinc əhaliyə qarşı ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq yüzlərlə insanı qətlə yetirmiş və yaralamışdır. Yüzlərlə insan itkin düşmüşdür.

Xaincəsinə keçirilmiş “Bakı əməliyyatı” sovet hakimiyyətinin gücsüz olduğunun və sonunun uzaq olmamasının göstəricisi idi. Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın  birinci bəndinə əsasən fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Yalnız  kütləvi insan qırğını törədildikdən sonra, 20 yanvar 1990-cı il səhər saat 05.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə  vəziyyət  tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Lakin qoşun hissələri artıq yanvarın 19-da saat 21-dən etibarən Turxan-Qala tərəfdən şəhərə yeridilmişdir. 20 yanvar hadisələri nəticəsində Azərbaycan hakimiyyəti özünün bütün mənəvi və sosial dayaqlarını itirmiş, xalqın Sovet İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmışdır. 1990-cı il yanvarın 21-də özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciəni dünya ictimaiyyəti qarşısında ittiham etdi, cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə, adi insanlığa zidd, Moskvanın və respublika rəhbərliyinin  günahı üzündən yol verilmiş kobud siyasi səhv, cinayət kimi ifşa etdi.

Azərbaycan Respublikasının Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda şəhidlərini vermişdir”. Prezident Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir. Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsini uca tutmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsü sayəsində 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Belə ki, Dövlət başçısı “20 yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında”  2006-cı il 19 yanvar tarixində fərman imzaladı.

Hər il yanvarın 20-də Azərbaycanın hər bir guşəsində, müəssisə və təşkilatlarında 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqləlik sükütla yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Bu faciə Azərbaycan milli kimliyinin formalaşmasına böyük təsir göstərib. Xalq öz gələcəyini müsqətil Azərbaycanda gördüyünü bəyan edib.

Elxan Hüseynov,

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədri, professor